Məhkəmə qərarları › İş №3(032)-822/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-822/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-822/2024 27.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Şirvan şəhər Polis şöbəsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüş və ucadan səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Şirvan şəhər Polis şöbəsinin sahə rəisi X5 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüş və ucadan səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu fakt iş materiallarına əlavə edilmiş raportla təsdiq edilir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ondan şikayət vermiş şəxs Zərərçəkmiş şəxs qardaşı onun evində usta kimi işləmiş, qardaşı evin sənədlərini düzəltdirmək üçün ondan kömək istəmiş, bu vasitə ilə Günayı tanımışdır. Həmin sənədlərin düzəldilməsi üçün Bələdiyyədən 900 manat pul istənilmiş, lakin o, 300 manat pul verərək məsələni həll etmişdir. Sahə inspektoru ona zəng edərək şöbəyə dəvət edəndə, o, barəsində verilmiş şikayət əsassız olduğunu, bu səbəbdən də ünvanına rəsmi bildiriş göndərilməsini, daha sonra vəkili ilə şöbəyə gələcəyini demişdir. xx.xx.2024-cü il tarixdə günorta radələrində nahar etmək üçün evə gəlmiş, darvazanın yanında qonşuları ilə söhbət edərkən İTB-nin sahə rəisi polis əməkdaşları gələrək özlərini təqdim etmiş, daha sonra onu şöbəyə dəvət etmişdir. O da heç bir tabesizlik göstərmədən avtomobilə əyləşmiş, avtomobildə olarkən polis əməkdaşına telefonunu təqdim etmiş, şöbəyə çatanda vəkili ilə əlaqə saxlamaq üçün telefonu istəmiş, lakin polis əməkdaşı verməkdən imtina etmişdir və o da buna etiraz etməmişdir. Şöbəyə gətirildikdən sonra polis əməkdaşları onu təhqir etmiş, onu tutacaqları barədə hədələmişdirlər. +**********49 mobil nömrə onun istifadəsində olsa da, o, Zərərçəkmiş şəxs whatsapp mesajlaşma proqramı vasitəsi ilə söyməmiş, təhqir etməmmiş, tərəfindən ona heç bir zəng olunmamışdır. Onun polis əməkdaşları ilə aralarında heç bir mübahisə baş verməmiş, onlara qarşı heç bir hörmətsizlik etməmiş, səs-küy salmamışdır. Zərərçəkmiş şəxs Şirvan şəhər polis şöbəsində göstərdikləri xüsusatlar tamamilə əsassız və böhtan xarakteri daşıyır. Hesab edir ki, əməlində heç bir inzibati xəta tərkibi yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil izahatında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokolda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, özü üçün aldığı evin sənədlərini düzəltdirmək istəmiş, qardaşının Qismətlə tanışlığı olduğu üçün ona müraciət etmiş, Şəxs sənədləri düzəltmək üçün əvvəl 400 manat, daha sonra 200 manat pul vermiş, lakin Qismət onu aldadaraq heç bir sənədini düzəltməmişdir. Whatsapp vasitəsilə ona zəng edərək pulunu qaytarmasını demiş, lakin Şəxs pulu qaytarmaqdan imtina edərək, onu söyüb təhqir etmiş, şərəf ləyaqətini alçaltmış və buna görə də Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, hal-hazırda blütendə olsa da, işləri ilə bağlı ərazidə olur. Bölmə rəisinin göstərişi əsasında xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Şəxs şöbəyə dəvət etmək üçün xidmətdə olan polis əməkdaşları ilə onun yaşadığı ünvana getmişlər. Şəxs yaşadığı mənzilin yaxınlığında kənar şəxslərlə söhbət etdiyini görmüş, özünü təqdim edərək polis şöbəsinə dəvət etmişdir. Daha sonra Şəxs xidməti avtomobilə polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə polis nəfəri polis kiçik serjantı İslamov X1 Tural İrşad oğlu ilə eyni məzmunlu ifadə verdi. Eyni zamanda izahatında bildirdi ki, Şəxs şöbəyə dəvət edən zaman o, heç bir tabesizlik göstərmədən avtomobilə əyləşmiş, lakin polis şöbəsinə niyə gətirildiyi üçün etiraz etmiş, lakin onun tərəfindən polis əməkdaşlarının iş rejimini kobud surətdə pozulması halı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüş və ucadan səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 və Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə polis nəfəri polis kiçik serjantı Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət edərək tanıdığı Şəxs onu whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə söyüb təhqir etməsini bildirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində 20 yanvar küçəsində vətəndaş Əsədov X4 ŞPŞ-nə dəvət olunduğu zaman Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə razılaşmayaraq ictimai asayişi kobud surətdə pozaraq ucadan səs-küy salaraq polisin qanuni tələblərinə məhəl qoymadığına görə tərəflərindən X7 Şöbəsinə gətirilərək NH-yə təhfil verilmişdir. İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş olan protokol üzrə şəxsin İXM-nin 510 və 535.1-ci maddələri üzrə təqsiri iş materialları ilə sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Bu halların mövcud olması isə sübutlara istinadən qəbul olunmalı olduğu qənaəti baxımından isə bu hallar sübuta yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələrinin işlədilməsi ilə hər hansı bir ictimai qaydanın pozulması halı baş verməmişdir. Bu halda Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Həmçinin iş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 və Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə polis nəfəri polis kiçik serjantı Şahid2 tərəfindən tərtib edilmiş raportda Şəxs polisin ünvanına polisin qanuni tələbinə tabe olmaması, həmçinin polis şöbəsinin iş rejimini pozması qeyd edilmişdir. Həmin raportdan aydın olmur ki, şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamışdır və həmin tabe olmama nədə ifadə olunur. Məhkəmə iclasında polis əməkdaşı tərəfindən Şəxs polis bölməsinə dəvət edildiyi, sonuncunun könüllü şəkildə polis şəbəsinə gəldiyi müəyyən edilmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş qanuni tələblərə tabe olmaması ilə bağlı təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində sonuncunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar