Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-833/2025 14.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Şirvan şəhəri, Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis şöbəsinin Yol Patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Polis şöbəsinin yol patrul xidməti tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə olunmuşdur. Polis tərəfindən qərarın qəbul edilməsinə səbəb onun xx.xx.2025-ci il tarixdə saat 02:03 tarixində “VAZ21154” minik markalı ** NA *** dövlət nömrə nişanlı avtomobillə sevoforun qırmızı işığının tələblərini pozmağı olmuşdur. Şikayətinin verilməsinə səbəblə bağlı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində şəhərin 1 May küçəsində hərəkətdə olarkən post patrul xidmətinin əməkdaşları idarə etdiyi “VAZ21154” minik markalı ** NA *** dövlət nömrə nişanlı avtomobili saxlatdırıb svetoforun qırmızı işığında keçdiyini bildirmişlər. Bu zaman qardaşı Təmraz Ağayev avtomobilini saxlayıb onlara yaxınlaşmış, baş verənlərlə bağlı məlumat almaq istəmişdir. Post patrul xidmətinin əməkdaşları qardaşına da fiziki zor tətbiq etməyə başladılar. Sonra qardaşı ilə onu Şirvan Polis şöbəsinə gətirmişdirlər. Onlar polisə müqavimət göstərməkdə ittiham edərək barələrində İXM-nin 535-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Sonra Şirvan ŞPŞnin yol patrul xidmətinin əməkdaşları gəlmiş və hər ikisinə də barələrində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Onlar yazılmış protokollara etiraz etdikdə Şirvan şəhər polis şöbəsində ona və qardaşına qarş fiziki zor tətbiq etməyə və nəlayiq ifadələrlə təhqir etməyə, daha ağır ittihamla barələrində cinayət işi açılacağı barədə hədə-qorxu gəlməyə başlamışdırlar. O və qardaşı təzyiqlərə davam gətirməyərək TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın aşağı hissəsində protokolla razı olduğunu, qırmızı işıqda keçdiyini qeyd edib imza etmişdir. Onlar 26.07 2025-ci il tarixdə polis şöbəsində saxladıqdan sonra barələrində İXM-nın 535-ci maddəsi ilə tərtib edilmiş protokolu baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmiş, Şirvan Şəhər Məhkəməsi tərəfindən iş materialları obyektiv, hərtərəfli araşdırıldıqdan sonra barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın qanunsuz və əsassız olması ilə əlaqədar olaraq həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət verən şəxsə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, şikayət verən şəxs məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X7 “VAZ 21154 minik” markalı, ** NA *** dövlət nömrə nişanlı avtomobili “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə” görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 28 iyul 2025-ci il, 3(032)-748/2025 qərarın surətindən görünür ki, şikayət vermiş şəxsin qardaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, gecə saat 01:30-da özünə məxsus “Opel Astra” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olduğu zaman tələsdiyi üçün svetoforun qırmızı işığının son bir saniyəsində keçmişdir. Həmin vaxt qardaşı Cahiddə öz avtomobili ilə onunla bərabər keçmişdir. Svetofordan təxminən 200 metr uzaqlaşdıqdan sonra polis əməkdaşlarının qardaşını saxladıqlarını görmüşdür. Polis əməkdaşlarının qardaşına fiziki güc tətbiq etməklə polis maşınına oturtmaq istədiklərini gördüyü üçün onlara “əgər qardaşım qırmızı işıqda keçibsə və yol hərəkəti qaydalarını pozubsa, bu zaman yol polisini çağırmasını, barəsində hər hansı bir tədbir görülməsini” bildirməklə, narazılıq etmişdir. Daha sonra polis əməkdaşları qardaşını avtomaşına əyləşdirmişdilər. Qardaşının onlarla getdiyini görüb özü də təkidlə avtomobilə əyləşərək onlarla gedəcəyini israrla bildirmişdir. Bundan sonra post patrul xidmətinin əməkdaşları yol patrul xidməti əməkdaşlarını hadisə yerinə çağırmış, onlara AR İXM-nin 511-ci madəsi ilə, yəni avtoxuliqanlıq etdiklərini qeyd etməklə protokol tərtib etmələrini bildirdikdə, yol patrul əməkdaşları protokol tərtib etməkdən imtina etmişdir. Post Patrul xidməti əməkdaşlarının qanunsuz hərəkətlərindən yayınmaq və polis şöbəsinə aparılmamalarından ötrü yol patrul xidməti əməkdaşının barəsində inzibati tənbehlə bağlı protokol tərtib etməsini tələb etmişdir. Həmin əməkdaş ona svetoforun qırmızı işığında keçdiyi üçün barəsində protokol tərtib edərək 100 manat məbləğində cərimə və 3 bal yazmışdır. Ardınca post patrul xidmətinin əməkdaşları onları xidməti maşınlarına əyləşdirərək polis şöbəsinə gətirmiş və barələrində İXM-nin 510 və 535.1-ci maddələri ilə əsassız olaraq protokol tərtib etmişlər. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmiş, onların hər hansı tələblərinin ziddinə getməmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X5 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 01:30-da Şirvan şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ 21015” markalı, ** NA *** və “Opel” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillərin svetoforun qırmızı işığında keçdiklərini aşkar etmiş və dərhal YPX-nin “130” çağırışlı avtopatrulunu hadisə yerinə dəvət etmişdir. Həmin şəxslər svetoforun qırmızı işığında keçdiklərini etiraf etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, görəyüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X1 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilən Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarından, o cümlədən 28 iyul 2025-ci il tarixli 3(032)-748/2025 saylı məhkəmə qərarından göründüyü kimi, məhz şikayətçinin idarə etdiyi “VAZ 21154” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin svetoforun qırmızı işığında keçməsi mübahisənin başlanmasına səbəb olmuşdur. Həmin inzibati xəta faktını şikayətçi özü də inzibati protokol zamanı etiraf etmiş və protokolun aşağı hissəsində imzası ilə təsdiq etmişdir. X6 izahatı da bu etirafı təsdiq edir. Eyni zamanda məhkəmə iclasında şahid qismində ifadə verən polis əməkdaşı X5 da şikayətçi və qardaşının svetoforun qırmızı işığında keçməsini görməsi və bunu YPX əməkdaşlarının təsdiq etməsi barədə ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi inzibati xəta hesab olunur və buna görə 100 manat məbləğində cərimə nəzərdə tutulur. İXM-in 76.1 və 84.1-ci maddələrinə görə, inzibati xəta işləri üzrə sübutlar hakim tərəfindən işin bütün hallarının məcmusunun hərtərəfli və obyektiv surətdə araşdırılması əsasında qiymətləndirilir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84.2). Bu iş üzrə isə həm şikayətçinin öz etirafı, həm qardaşının izahatı, həm də şahid ifadəsi mövcuddur ki, onlar birlikdə təqsirin sübuta yetirilməsinə kifayətdir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulandığı kimi, ədalətlilik prinsipi inzibati məsuliyyətin fərdiləşdirilməsi üçün əsas meyardır. Burada tətbiq edilən inzibati tənbeh – 100 manat cərimə – törədilmiş inzibati xətanın xarakterinə mütənasibdir. Şikayətçi müraciətində polis əməkdaşlarının ona və qardaşına qarşı qeyri-qanuni hərəkətlər etməsini, hədə-qorxu gəlməsini qeyd etmişdir. Lakin bu iddialar hazırkı iş üzrə predmeti təşkil edən 327.2-ci maddə ilə inzibati xətanın mövcudluğunu aradan qaldırmır. Beləliklə məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Şirvan şəhəri, Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis şöbəsinin Yol Patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-833/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-833/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver