Məhkəmə qərarları › İş №3(032)-835/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-835/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-835/2025 06.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Mustafayev Ceyhun Mustafa oğlunun, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, AZE 16322545, orta təhsilli, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 06 avqust 2025-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Masallı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)- 1967/2017 saylı qətnaməsinə əsasən icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmədə bildirdi ki, Masallı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-1967/2017 saylı icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatalara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2025-ci il tarixinə cəmi 10340 manat aliment borcu olduğu məlum olmuşdur. İş üzrə tələbkar X6 dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyindən onun barəsində xx.xx.2025-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmişdir. O, xx.xx.2025-ci il tarixində polis əməkdaşları tərəfindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Masallı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-1967/2017 saylı icra sənədinə əsasən ondan hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməlidir. O, icra sənədi üzrə 6 ay ərzində tələbkara ümumilikdə 1350 manat ödəniş etmiş, həmçinin sonuncu dəfə iki gün bundan qabaq ödəniş etmişdir. Hal-hazırda onun borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Qərəzli olaraq və üzürsüz səbəbdən icra sənədini icra etməkdən yayınmamışdır. Barəsində axtarış verilməsindən məlumatı olmamış, ona məlumat verilən günü özü dərhal Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə getmişdir. Onun məhkəmə qətnaməsini guya üzürsüz səbəbdən icra etməməsi həqiqətə uyğun deyildir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə İlqar Musayevin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)- 1967/2017 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment Məmmədova (Şıxıyeva) Xəyalə Hafis qızının xeyrinə tutulması qət edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Masallı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-1967/2017 saylı icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində icraat başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və qərarın surəti borcluya şəxsən təqdim edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcundan ödənişlər etmiş, həmçinin gələcəkdə də mütəmadi ödəniş edəcəkdir. Bütün qeyd edilənlər isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Masallı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-1967/2017 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar