Məhkəmə qərarları › İş №3(032)-838/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-838/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-838/2023 07.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1992-ci ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş 07 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə dələduzluq yolu ilə özgənin əmlakını talamış və bununla da Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X2 şəhəri, “Neptun” marketdə satıcı işləmiş, o da hər cümə günləri oradan alışveriş etmiş, alış-veriş etdiyi cümə günlərinin birində Gülxanımla tanış olmuş, hər gedəndə ora Gülxanım alış-veriş etməkdə ona köməklik etmiş, təxminən bir neçə ay bundan əvvəl maddi durumdan çətinliyi olduğu üçün Gülxanımdan 500 manat borc istəmiş, onun dindar olduğunu bildiyi üçün ona inanıb 500 manat pul vermiş, o da pulu 1 ay ərzində qaytaracağını bildirsə də lakin biraz gecikdirmiş, buna görə də Gülxanımın ondan polis şöbəsinə şikayət etmiş, amma hal-hazırda Gülxanım Novruzanın pulunu Hacıqabul rayonunda olan Notariat Kontorunda tam olaraq qaytarmış, onunla barışmış, Gülxanım onun yanına gəlməmiş, sadəcə tanıdığı üçün həmin pulu işlədiyi marketin həyətyanı sahəsində borc olaraq almış, baxıcılıqla, nə də falçılıqla məşğul olmamış, sadəcə namaz qılan, allaha ibadət eliyən biri olduğunu göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş X1 bildirdi ki, təxminən 3 ay bundan əvvəl mağazaya bir nəfər müştəri gəlmiş, həmin müştəri ilə alış-veriş əsnasında söhbət etmiş, ona molla olduğunu və bu fəaliyyətlə məşğul olduğunu bildirmiş, qızının nişanlı olduğunu demiş və qızının bəxtinə görə baxmasını xahiş etmiş, sonra həmin falçı bunun qarşılığında 500 manat pul istəmiş, onunla razılaşmış, həmin gündən təxminən 2 gün sonra adının sonradan Haldun olduğunu deyən həmin mollanın ondan qızının bəxtinə baxacağı üçün 500 manat pul almış, lakin onun elədiyi duanın qızına heç bir təsiri olmamış və Haldun adlı molla onu aldatmış, dəfələrlə pulunu qaytarmağı üçün zəng etmiş, lakin onun telefonlarına cavab verməmiş, vədinə əməl etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş X1 ərizə təqdim edərək Şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 07 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 14 iyun 2023-cü il tarixdə dələduzluq yolu ilə özgənin əmlakını talaması və bununla da Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. ünvan 2 ünvanında yaşayan X1 xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək təxminən 3 ay bundan əvvəl Şirvan şəhərində işlədiyi “Neptun” marketdə Haldun adlı baxıcıya qızının bəxtini açdırmaq üçün pul verməsi lakin Haldun adlı falçının onu aldadaraq vədinə əməl etmədiyini bildirmişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Q Ə R A R V E R D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın sürəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar