Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-839/2025 11.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2009-ci il tarixli, 2(032)-476/2009 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, 1 Şirvan Şəhər Məhkəməsinin 2(032)-475/2009 nömrəli xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs tərəfindən hər ay bütün növ gəlirlərindən 1 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün iş üzrə tələbkar X5 ödənilməlidir.İcra sənədi üzrə borcluya “icrata başlamaq barədə” qərar və tələbin icra olunmaması, borclunun müvafiq təşkilatlara əməkdaşlığa göndərilməsi nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır.İcra sənədi üzrə borclu Şəxs tərəfindən qanuni icra olunmadığından, müvafiq icra tədbirləri nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini icra etməyin zəruriliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada izah edilmiş, nəticədə aliment üzrə borc yaranmışdır.Tərəfimizdən aparılmış araşdırma zamanı iş üzrə tələbkar X4 18 yaşı tamam olmuş və alimentin hesablanması xx.xx.2024-cü tarixədək davam etmişdir. O səbəbdən borclunun həmin dövrdə yaranmış aliment borcu olduğu məlum olmuşdur. İcra sənədinin təsdiq edən heç bir qəbz və ya sənəd təqdim edilməmişdir. İş üzrə qalan aliment borcunun məbləği 2170 manat aliment kimi müəyyən edilmişdir. Borclu icra məmuru tərəfindən dəfələrlə icra qurumuna dəvət edilmiş olsa da, çağırışlara gəlməmiş və icradan boyun qaçırdığı üçün borclu barəsində axtarış elan edilmiş və polis orqanları tərəfindən tutularaq icra qurumuna təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-476/2009 nömrəli, xx.xx.2009-ci il tarixli icra sənədinə əsasən ondan Şirvan şəhər məhkəməsinin 2(032)- 475/2009 saylı 07 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə barəsində çıxarılmış qətnamənin icrası üçün qazancının 25 faizinin hər ay tutulması və aliment kimi X5 verilməsi müəyyən edilmişdir. Aliment borcu 2170 manat təşkil edir. 2025-ci ilin avqust ayının sonunda 200 manat ödəniş edə biləcəyini qeyd etsə də tam ödəməyə maddi imkanı olmadığını, yalnız hissə -hissə ödəniş edə biləcəyini bildirmişdir.Bundan başqa sonuncu dəfə 2023-cü ilin oktyabr ayında konkret olaraq xatırlamadığı məbləğdə mövcud olan borcunun müəyyən hissəsinin ödədiyini bildirmiş. Həmin tarixdən etibarən ödəniş etmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 2(032)-475/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən, Şirvan şəhəri, T. Ələkbərov küçəsi, ev 17-də yaşayan borclu Şəxs həydə bütöv qazancından və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin 05 iyul 2016-cı il tarixdən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün tələbkar X1, X2 verilməsi, borclu Şəxs 10 manat məbləğində dövlət rüsumu dövlət nəfinə ödənilməsi əmr edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 8(032)-05/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(023)-2475/2009 saylı icra sənədinə əsasən Şirvan şəhəri, Əkbər küçəsi, ev 14-də yaşayan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-475/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-475/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. xx.xx.2025-ci il tarixli qərar əsasında borclu barəsində axtarış elan edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmənin mövqeyi İş üzrə tədqiq olunmuş sübutlardan — inzibati xəta haqqında protokoldan, icra məmurunun izahatından, icra sənədinin surətindən, “icrata başlamaq barədə” qərardan, çağırış və bildirişlərdən, axtarış elan edilməsi barədə qərardan, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan — aydın olur ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(032)-475/2009 saylı qətnaməsinə əsasən borclu Şəxs tərəfindən hər ay bütün növ gəlirlərinin 1/4 hissəsinin bir uşağın yetkinlik yaşına çatana qədər tələbkar X5 aliment kimi ödənilməsi müəyyən edilmişdir. İcra sənədi üzrə xx.xx.2009-cu il tarixdə icraata başlanılmış, borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada aliment öhdəliyini icra etməyin zəruriliyi barədə yazılı və şifahi qaydada məlumatlandırılmış, lakin borclu bu tələblərə məhəl qoymamış, könüllü icra üçün verilmiş müddətdə və sonrakı mərhələlərdə də öhdəliyini yerinə yetirməmişdir. İcra məmurunun təqdim etdiyi materiallardan görünür ki, borclunun adına hər hansı əmlak və ya gəlir mənbəyi rəsmiləşdirilməmiş, o, dəfələrlə icra orqanına çağırılsa da, çağırışlara gəlməmiş, icra tədbirlərindən yayınmış, nəticədə barəsində axtarış elan edilmiş və polis orqanları vasitəsilə icra orqanına gətirilmişdir. Borclu tərəfindən uşağın yaşı 18 yaşa çatdığı tarixədək (xx.xx.2024) borclunun ödəmədiyi aliment borcu 2170 manat məbləğində müəyyən edilmiş, borclu həmin məbləğin yalnız hissə-hissə ödənilə biləcəyini bildirmiş, lakin sonuncu ödənişi 2023-cü ilin oktyabr ayında etdiyini etiraf etmiş, bu dövrdən bəri heç bir hissəni ödəmədiyini açıqlamışdır. Borclu tərəfindən məhkəməyə icra sənədinin yerinə yetirilməsinə mane olan üzrlü səbəb təsdiqləyən hər hansı sübut təqdim edilməmiş, onun maddi çətinlikləri barədə ümumi bəyanatı isə real maneə və ya qanunvericilikdə nəzərdə tutulan üzrlü səbəb hesab oluna bilməz. Əksinə, materiallar göstərir ki, borclu uzun müddət ərzində aliment öhdəliyini qəsdən icra etməmiş, icra məmurunun tələblərini yerinə yetirməkdən yayınmış və bununla da dövlətin məhkəmə aktlarının icrasını təmin edən hüquqi mexanizmi pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, törədənin şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə müəyyən edilmişdir ki: Xəta məhkəmə aktının uzun müddət — illərlə — icra olunmaması ilə bağlıdır; Borclu öhdəliyini yerinə yetirməkdən qəsdən boyun qaçırmış, yalnız minimal hissəvi ödəniş etmiş və bu davranışını davam etdirmişdir; Yüngülləşdirici və ya ağırlaşdırıcı hallar mövcud deyildir; Ödənilməmiş borcun məbləği əhəmiyyətli (2170 manat) olub, tələbkarın sosial müdafiəsinə birbaşa təsir göstərir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar borclunun qanuni öhdəliyini yerinə yetirməkdən qəsdən yayınmasını, bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini tam sübuta yetirir. Bu halda, cərimə və ya digər yüngül tənbeh tədbirlərinin tətbiqi icra sənədinin icrasına təminat verəcək effektiv vasitə hesab edilə bilməz. Borclunun davranışları göstərir ki, o, yalnız məcburetmə tədbirləri şəraitində öhdəliklərini icra etməyə meyllidir. Buna görə də məhkəmə, inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, uzun müddətli icra etməməni və aliment öhdəliyinin mahiyyətini nəzərə alaraq, borclunun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini zəruri və məqsədəmüvafiq hesab edir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən inzibati həbs tətbiqinə mane olan hallar (yaş, sağlamlıq, ailə vəziyyəti və s.) borclu barəsində müəyyən edilməmişdir. Bu səbəbdən, Məmmədov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində inzibati həbs tənbehi ilə cəzalandırılmalıdır. Borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 11 avqust 2025-ci il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-839/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-839/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver