Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-84/2025 10.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , Fazıl Geıdarovun (Heydərov) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25528837 nömrəli elektron qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Fazıl Geıdarov (Heydərov) şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25528837 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25528837 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində və 2 bal cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, **-ND-*** dövlət qeydiyyat nömrəli “BMW 523 minik” avtomobili ilə hərəkət edən zaman mən yola uyğun sürət həddi ilə avtomobili idarə etmişəm və heç bir sürət həddini aşmamışdır. Bundan əlavə yolun hərəkət hissəsinə, eləcə də yolun kənarında bütün dayanma durma qaydalarına uyğun avtomobili idarə etmişdir. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsində dayanma durma qaydalarına riayət etmədiyim qeyd edilmişdir. Halbuki , həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməmişdir. Hesab edir ki, adı çəkilən qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxs Fazıl Geıdarova (Heydərov) məhkəmə bildirişi göndərilmiş, lakin Fazıl Geıdarov (Heydərov) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli şəxsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 25528837 nömrəli qərarının surətindən görünür ki, “BMW 523 minik” **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fazıl Geıdarov (Heydərov) tərəfindən xx.xx.2025-ci il tarixdə saat 15:44:33 radələrində Yasamal rayonu Ə.Şərifzadə küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “BMW 523 minik” **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal rayonu Ə.Şərifzadə küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması kamera vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci,124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs Fazıl Geıdarova (Heydərov) istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 346.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Fazıl Geıdarovun (Heydərov) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25528837 nömrəli elektron qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Fazıl Geıdarovun (Heydərov) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25528837 nömrəli nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-84/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-84/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver