Məhkəmə qərarları › İş №3(032)-844/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-844/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-844/2025 15.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, 13 avqust 2025-ci il tarixdə saat 21 radələrində Şirvan şəhəri H.Əliyev prospektində X3 ilə birlkdə evə gedərkən mülki avtomobildə polis əməkdaşı onlara yaxınlaşmış və onlara küçədə nə üçün söyüş söydüklərini irad bildirmişdir. Bu zaman o polisin bu iradına məhəl qoymamışdır. Ardınca hadisə yerinə gələn post patrul əməkdaşları ilə mübahisə etmiş və ona irad bildirən polisləri içkili olduğu üçün təhqir etmişdir. Daha sonra polis avtomobilinə əyləşdirib Şirvan şəhər polis şöbəsinə gətirmişdirlər. O bildiri ki, sonuncu dəfə 2022-ci ildə narkotik vasitə olan heroindən istifadə etmiş və CM 234.1-ci maddəsilə həbs olunmuşdur. Hal-hazırda narkotik vasitələrdən istifadə etmir. Törətmiş olduğu əməldən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X2 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin kiçik müavini, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:15 radələrində şəhərin H.Əliyev prospketində olan zaman orada olan iki nəfər şəxsin yolun hərəkət hissəsində ucadan nalayiq ifadələr işlətməyi və yol hərəkəti təhlükəsizliyini kobud şəkildə pozmağı tərəflərindən aşkarlanmışdır. Nəticədə həmin şəxslərə yaxınlaşdıqda onların narkotik vasitələrin istifadəsində şübhəli olması, qaçmağa və məsuliyyətdən yayınmağa çalışması nəticəsində həmin şəxsləri saxlayıb aidiyyəti üzrə polis şöbəsinə gətirməyə çalışdıqda onlar qanuni tələblərin kobud şəkildə pozaraq tabesizlik göstərməyə başlamışdırlar və polisin ünvanına nalayiq ifadələr işlətmişdirlər, xidməti avtomobilə minməkdən yayınmışdırlar.Polis əməkdaşları onları nizam-intizama dəvət etsələrdə də onlar öz əməllərinə daha da kobud şəkildə davam etmişdirlər.Polis əməkdaşları həmin şəxsləri fiziki qüvvə tətbiq edərək polis orqanının Növbətçi Hissəsinə təhvil vermişdirlər və burada müəyyən olundu ki, həmin şəxslər X3 və Şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri İlham Həmzəyev, Rəcəb Əliyevin ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:15-də Şirvan şəhər H.Əliyev prospektində sərxoş halda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı qeyd edilmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:35-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 18:15də azad edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hallar aşkar edilmədi və sərxoş halda əməli törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini, əvvələr dəfələrlə eyni xarakterli əmələ görə inzibati qaydada tənbehlənməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:35-dən xx.xx.2025-ci il tarix, saat 18:15-dək olan müddət bir gün hesablanmaqla, onun həbs müddətindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 16 (on altı) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. xx.xx.2025-ci il tarixdə, saat 21:35-dən xx.xx.2025-ci il tarix, saat 18:15-dək olan müddət bir gün hesablanmaqla, onun həbs müddətindən çıxarılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar