Məhkəmə qərarları › İş №3(032)-847/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-847/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-847/2023 07.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X1, Qərardan şikayət edilən Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru X4 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 15325788 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmış elektron protokolun xüsusi texniki vasitələrin köməkliyi ilə aparılmadığını və inzibati məsuliyyətə cəlb edən səlahiyyətli orqanın inzibati tənbeh tədbiri üçün əldə etdiyi sübutların qanunvericiliyin tələbinin pozularaq əldə edildiyini nəzərə alaraq, tərtib edilmiş “EQ15325788" nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospekti ilə Xəqani küçəsinin kəsişməsində quraşdırılmış videonəzarət kamerası vasitəsilə ona məxsus **-CP-*** dövlət qeydiyyat nışanlı, “X10-Prado” markalı minik avtomobilinə yol hərəkətinin qayda pozuntusunu (İXM, 327.2) əks etdirən elektron protokol (EQ********) tərtib edilərək cərimə yazılmışdır. “ASAN ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və video görüntüsü daxil edilməmişdir. Daxil edilmiş foto görüntülərdə qeyd edilən yerdə qayda pozuntusuna əsas olacaq heç bir üfuqi nişanlanma xəttinin olmadığı, görüntülərin əssasız və qanuna zid olduğu aydın görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarından və İXM-nin 122-ci maddəsindən göründüyuü kimi inzibati xəta hadisəsinın foto və video qeydiyyatı yalnız xüsusi texniki vasitələrin köməkliyi ilə aparılır. Lakin Şirvan Şəhər Polis Şöbəsinin YPX bölməsinin əməkdaşları şəhər videonəzarət sistemi kameralarının imkanlarından sui-istifadə edərək, qanunazidd olaraq videonəzarət sisteminin yaddaşından ekran görüntülərini mobil telefonla çəkərək, əldə edilmiş foto görüntüləri əməkdaşlara təhkim edilmış bort-komputer vasitəsilə X3 daxil edirlər. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət edilən Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru X6 izahatında qərarın əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildir ki, inzibati xəta haqqında protokol üfuqi nişanlanma xəttinin pozulması ilə bağlı deyil, manevr qaydalarının pozulması ilə bağlı tərtib edilmişdir. Belə ki, iş materiallarında olan foto şəkillərdən görünür ki, X5 tərəfindən idarə etdiyi avtomobillə ötmə əməliyyatını düzgün icra etməmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə şikayət vermiş şəxsin və qərardan şikayət edilən Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşının izahatlarını işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15325788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X5 “X11 Prado” minik markalı, ** CP *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün əsas olan sübutları məhkəməyə təqdim etmədiyindən, onun şikayət ərizəsində göstərmiş olduğu mülahizəsini əsassız kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunan maddənin məzmununa əsasən inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında da inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi mümkünlüyü birmənalı olaraq qanunverici tərəfindən müəyyən olunmuşdur. Həmçinin, məhkəmə hazırki iş üzrə şikayətçinin inzibati qərarın ləğvi üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, tədqiq olunmuş foto və video görüntülərdən məlum olur ki, hazırki inzibati xəta şikayətçinin idarə etdiyi **-CP-*** dövlət qeydiyyat nişanlı, “X10-Prado” markalı avtomobil təhlükəsiz şəhər kameraları vasitəsi ilə məhz qeydə alınmış, və avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozması müəyyən edilmiş, bunun əsasında da elektron qərar qəbul edilmiş və şəxs haqlı olaraq cərimələnmişdir. Belə ki, inzibati xətanın təhlükəsiz şəhər kameraları vasitəsilə aşkara çıxarılması ilə əlaqədar qanunverici tərəfindən hər hansı bir istisna müəyyən edilməmişdir. Hazırki vəziyyətdə isə inzibati xətanın baş verdiyini təsdiq edən sübut kimi müşahidə kamerasının foto görüntülərinin obyektivliyi şübhə altına alına bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 15325788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 15325788 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar