Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-867/2023 18.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X8 iştirakları ilə, xx.xx.1993-cü ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, 2-ci Udullu Ərazi dairəsi, Qubalı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:50 radələrində Şirvan şəhəri, Z.Hacıyev küçəsində “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, şahidlərin ifadələri, video görüntü, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyil. Avtomobili qaydalara riayət etməklə idarə etmiş, qanun pozuntusuna yol verməmiş, avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Protokol tərtib edilərkən polis əməkdaşları tərəfindən alkotestrlə yoxlamadan keçirilərkən spirtli içki istifadə etmədiyi halda sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. O polis olmasına dair vəsiqəsini onu saxlayan polis əməkdaşlarına təqdim etsə də, polis əməkdaşları buna məhəl qoymamışlar. O, alkotestrin nəticəsi ilə razılaşmayaraq “Hacıqabul rayon Mərkəzi Xəstəxanasına PUŞ Təcili və X7 Şöbəsində” sərxoşluq vəziyyətinin təyin olunması üçün təkrar müayinədən keçmişdir. Verilmiş xx.xx.2023-cü il tarixli protokolda onun sərxoş olmadığı müəyyən olunmuş, xx.xx.2023-cü il tarixli protokol birinci müayinə məlumatından 28 dəqiqə sonra verilmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş protokol əsassızdır. Həmçinin izahatında bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki zorakılıqlarla bağlı prokurorluğa və müvafiq yuxarı instansiyalara şikayətlə müraciət etmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X16 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 03:25 radələrində “Mercedes C300” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmətdə olduğu zaman şəhərin S.Zeynalov küçəsində ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil manevretmə qaydasını pozduğu üçün tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, sənədlərini yoxladıqda sürücülük haqqında vəsiqəsinin və etibarnaməsinin vaxtının bitdiyini, nəqliyyat vasitəsinin isə yüksək məbləğdə cəriməsinin mövcud olması səbəbindən üzərində həbsinin olduğunu aşkar etmişlər. Həmçinin saxlanılan avtomobildə sərnişin daşıma qaydaları da pozulmuş, olmasından artıq şəxs avtomobildə əyləşmişdir. Sürücüdən spirtli içkinin qoxusu gəldiyi üçün ondan spirti içki qəbul edibetməməsini soruşulmuş, o isə səmimi və razı şəkildə “bir bakal pivə içmişəm, polis əməkdaşıyam” deyərək xidməti vəsiqəsini çıxardaraq maşına atmış məsələnin həll edilməsini xahiş etmişdir. Onu alkotestr müayinəsindən keçirtmişlər, əvvəlcə şəxs düzgün nəfəs verməmiş, nəticədə müayinə baş tutmamışdır, lakin təkrar müayinə etdikdə şəxsdə 0,454 promil alkoloq müəyyən edilmişdir, bununla əlaqədar protokol tərtib edilmiş, sənədlər rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsini hərəkətdən kənarlaşdıraraq Polis Şöbəsinin duracağına yerləşdirmişlər. Şəxs heç bir sənədə imza etməmiş, polisin hərəkətlərindən şikayət edəcəyini bildirmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş lserjantı X5 məhkəmə iclasında X16 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında hal şahidi X13 ifadə verərək bildirmişdir ki, 01 iyul 2023-cü il tarixdə xəstəxanada müalicə olunan qohumuna baş çəkmək üçün avtomobilində gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış bir nəfər şəxsin sərxoşluğu ilə əlaqədar müayinəsi zamanı hal şahidi qismində iştirak etməyi xahiş edilmişdir. O həmin vaxtı qohumu X12 ilə birlikdə olmuş, onlar hər ikisi avtomobildən düşərək dayanacağa yaxınlaşmış sonradan adının Şəxs olduğunu bildikləri gənc yaşlarında bir şəxsə polis əməkdaşları tərəfindən həkim müayinəsindən keçməsi barədə məlumat verildiyini, həmin sürücü həkim müayinəsində keçməkdən imtina edərək alkotestr vasitəsi ilə yoxlanıldığını, yoxlanılan zaman Şəxs spirtli içki qəbul etdiyinin aşkar olunduğunu, sonuncunun heç bir sənədə imza etmədiyini, polis əməkdaşlarına etiraz etdiyini bildirmişdir. Hal şahidi X12 məhkəmə iclasında X13 ilə eyni məzmunlu ifadə vermişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Hacıqabul rayon Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində işləyir. Onların xəsataxanasında həkim narkoloq olmadığından o və digər həkimlər bu vəzifəni lazım olanda əvəz edirlər. xx.xx.2023-cü il tarixdə Şəxs “Hacıqabul rayon Mərkəzi Xəstəxanası”-na müraciət etmiş, alkotestr müayinəsindən keçmiş, spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt Hacıqabul RMX T.T.T.Ş-də olan alkoqol çıxarış kitabı “Alkoqolluğu təyin etmə jurnalı”nda qeydə alınmış, protokolların qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol №-də yoxlanılan vətəndaşın alkoqol içib içməməsi öz əksini tapır. Müayinə aparılan aparat qara rəngli ekranlı və muştuğdan (tənəffüslü) ibarətdir. Həmçinin bildirmişdir ki, sözügedən alkotestrin yeni standartlara cavab vermədiyindən, aparatdan elektron çıxarışın çıxarılması mümkün olmamışdır. Məhkəmə iclasında Şəxs vəsatəti ilə əlavə şahid qismində dindirilən şahid X10 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman onunla birlikdə avtomobilində olmuş, avtomobildə olan xanımlar və digər şəxslər onun çay evinin işçiləri olmuşlar. Onun xahişi ilə Sahil həmin işçiləri bir-bir evlərinə aparacaqdı. Sahilin içkili vəziyyətdə avtomobil idarə etməsindən məlumatlı olmamışdır, belə ki, Sahilin həmin gün içkili olub-olmamasını bilmir, çünki onun yanında Sahil içki qəbul etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmışlar, sonra avtomobili polis əməkdaşları sürüb dayanacağa aparmışlar. Sahil ilə birlikdə o da polis əməkdaşları ilə getmiş, Sahili orada bir neçə dəfə alkotesternən müayinə etmişlər. Sonradan sərxoşluğu ilə əlaqədar protokol tərtib etmişlər. Orada olarkən özünün polis əməkdaşları ilə xırda mübahisəsi düşmüş, lakin sonradan üzrxahlıq edib məsələyə aydınlıq gətirmişlər. Sahil protokoldan narazı qaldığına görə müvafiq qaydada prokurorluğa və polisə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,454 % müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, sonuncu protokolun surətini almış, lakin protokoldan imtina etdiyi qeyd edilmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X2, PPXB-nin polis nəfəri, polis baş serjantı X3 və hal şahidləri ünvan 1 ünvanında yaşayan X4, ünvan 2ında yaşayan X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli həkim müayinəsindən imtina barədə protokolda göstərilmişdir ki, şəhərin S.Zeynalov küçəsində xidmətdə olan zaman “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1993-cü il təvəllüdlü, Hacıqabul rayonu, 2-ci Udulu Ərazi Dairəsi, Qubalı kənd sakini Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin, etibarnaməsinin və avtomobilinin üzərində ödənilməyən cərimə borcu olduğundan, avtomobilin üzərinə həbs qoyulması barədə Polis Şöbəsinin müvəqqəti duracağına gətirildi. Həmin şəxsdən spirtli içki qoxusu gəldiyi üçün tərəflərindən həkim müayinəsindən keçməsi barədə məlumat verildi. Lakin həmin sürücü həkim müayinəsindən keçməkdən imtina edərək alkotestr vasitəsi ilə tərfələrindən yoxlanıldı. Yoxlanılan zaman hal şahidlərinin iştirakı ilə həmin şəxsin spirtli içki qəbul etdiyi aşkar olundu. Həmin sürücü alkotestr vərəqinə və avtomobilin duracağa yerləşdirilməsi barədə tərtib edilən aktla razılaşmayaraq imza etməkdən imtina etdi. Sürücü Şəxs dəfələrlə həkim müayinəsindən keçmək təklif olunsa da, o, həkim müayinəsindən keçməkdən imtina etdi. Protokol tərəflərindən tərtib edilmiş və doğruluğu hal şahidlərinin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 111/2-18941/2023 saylı Azərbaycan Respublikası DİN-nin NBPİ-si Dəmiryolu Nəqliyyatında polis İdarəsi Yevlax S.T.X. polis şöbəsinin Hacıqabul S.T.X polis bölməsinin rəisi polis polkovniki-leytenantı cənab Zaur Hüseynova ünvanlanmış məktubunda göstərilmişdir ki, Hacıqabul rayonu, 2-ci udullu Ərazi Dairəsi, Qubalı kəndində yaşayan, hal-hazırda Hacıqabul S.T xətt polis bölməsinin əməkdaşı olan Şəxs 01 iyul 2023-cü il tarixdə Şirvan şəhərində atasına məxsus “VAZ 2106” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda sürücülük hüququ olmadan idarə edərkən saxlanılaraq barəsində AZərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Hal-hazırda Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə Şirvan şəhər Polis Şöbəsinin DYPB-də araşdırma aparılır. Dəfələrlə Şəxs ilə mobil telefonla əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, müxtəlif bəhanələr gətirərək polis şöbəsinə gəlməkdən yayınmışdır. Şirvan ŞPŞ-i DYPB-in icraatında Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* saylı inzibati protokolun icrası ilə əlaqədar olaraq Hacıqabul S.T Xətt polis bölməsinin əməkdaşı Şəxs iştirakının təmin olunmasını xahiş etmişlər. DİN-nin DYP Web Portalındakı çıxarışdan görünür ki, “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXP ******* nömrəli protokol üzrə xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 329.3 və 332.1ci maddələri ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə, 265 manat məbləğində dəbbə, ümumilikdə 765 manat borcu yaranmışdır. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PUŞ Təcili və X7 Şöbəsinin 01 iyul 2023-cü il tarixdə, saat 04:18 radələrində 259 № tərtib edilmiş alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətinin təyin edən tibbi müayinə protokolunun surətində Şəxs alkotestr 0,00 promil göstərici ilə sərxoş olmadığı müəyyən olunmuşdur. “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə etibarnamə ilə 3 il müddətinə vətəndaş Şəxs istifadəsinə verilmişdir, etibarlılıq müddəti xx.xx.2023-cü ildə bitmişdir. Hacıqabul rayon Mərkəzi Xəstəxanasının həkimi S.Mehdiyeva tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Hacıqabul RMX T.T.T.Ş-də olan alkoqol çıxarış kitabı “Alkoqolluğu təyin etmə jurnalı”: Vərəq 100, surquşdanmış və Protokolların qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol №-də yoxlanılan vətəndaşın alkoqol içib içməməsi öz əksini tapır. Müayinə aparılan aparat qara rəngli ekranlı və muştuğdan (tənəffüslü) ibarətdir. Model PFT 68S. DİN-nin DYP Web Portalındakı çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs BC kateqoriyalı sürücülük vəsiqəsinin müddəti xx.xx.2023cü il tarixdə bitmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması zamanı qeydə alınmış videogörüntülərin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunur ki, “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılır, sürücü avtomobildən düşərək polis maşınına yaxınlaşır, sürücüdən əlavə avtomobildən 2 sərnişin daha düşür, həmçinin avtomobildə arxa oturacağda 2 əlavə sərnişinin də oturmağı görünür. Polis əməkdaşları Şəxs alkotestr aparatı vasitəsi ilə onda sərxoşluq halı müəyyən edildikdən sonra avtomobilin duracağa yerləşdirilməsinə dair akt tərtib olunur, polislərlə söhbəti zamanı Şəxs 1 bakal pivə içdiyini etiraf edir. Məhkəmənin suallarına cavab olaraq Şəxs saxlanılan zaman pivə içkisini həmin gün saat 18:00-da içməsini zarafatla polisə bildirməsini qeyd etmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, barəsində icraat aparılan və zərərçəkmiş şəxslərin, şahidlərin izahatları və digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertizanın rəyi ilə, inzibati xəta haqqında protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair qaydaların 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan inzibati xətanın obyekti yol hərəkəti ilə əlaqədar təşəkkül tapmış ictimai münasibətləri tənzimləyən normalardır. Əməlin obyektiv cəhəti mühafizə olunan qaydaların şəxs tərəfindən idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsindən ibarətdir. Hazırda işdə olan rəsmi sübutlara istinadən məsuliyyətə cəlb edilən şəxsin avtomobil idarə edərkən sürücülük hüququnun olmadığı (vəsiqənin müddəti bitmişdir), ona avtomobilin idarə edilməsi üçün verilən etibarnamənin müddətinin keçməsi (etibarnamə xx.xx.2023-cü ildə qüvvədən düşür), həmçinin şahid ifadələri, şəxsin özünün də aparılmış video çəkiliş zamanı etirafı, onun alkotestr aparatı vasitəsilə müayinə edilməsinə dair çıxarışla şəxsin sükan arxasında olarkən alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə olması kimi hərəkətləri məhz təqsirləndirildiyi inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. O ki, qaldı şəxsin barəsində tərtib edilmiş həkim müayinəsinin aktına, məhkəmə Şəxs saxlanılandan dərhal sonra polis əməkdaşları tərəfindən alkotestr vasitəsilə müayinə olunaraq “sərxoş” vəziyyətdə olmasının aşkara çıxarılmasından onun həkim müayinəsində iştirak etməsinə qədər olan müddəti və bu müddət ərzində insan orqanizmində sərxoşluğun dərəcəsinin də fizioloji və bioloji faktorlardan asılı olaraq dəyişmə ehtimalını nəzərə alaraq həmin aktın sübut qismində qəbul edilməsini şübhə doğurması səbəbindən istisna edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 334.1ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, xəta törədən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, həmçinin əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-867/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-867/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver