Məhkəmə qərarları › İş №3(032)-871/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-871/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-871/2023 27.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: "xxxx" MMC 14250.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 17 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 14250.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1№-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını,şərtlərini və məbləğlərini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş “Bank” BTB tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli İH-2023/2264 saylı məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, "xxxx" MMC bank hesabından xx.xx.2021-ci il tarixdə 14250.00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişlə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 ildən artıq müddət ərzində 14250.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 14250.00 ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində - 2850 (iki min səkkiz yüz əlli) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar