Məhkəmə qərarları › İş №3(032)-872/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-872/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-872/2023 27.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şəxs İsrafil oğlunun Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələbini pozması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs İsrafil oğlu xx.xx.2023-cü il tarixdə saat 10:57 radələrində idarə etdiyi “FORD-TRANZİT” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyri-qanuni yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur. O, əməkdaşın xidməti vəzifəsini yerinə yetirilməsinə mane olaraq sənədləri təqdim etməmişdir. Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin kiçik inspektoru X2 tərəfindən Şəxs İsrafil oğlunun barəsində 10 iyul 2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsrafil oğlu məhkəmə iclasına gəlməmişdirlər və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsrafil oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, Şəxs İsrafil oğlunun barəsində hazırkı protokol tərtib edilərkən qanunun tələblərinə düzgün riayət edilməmişdir, ona görə də başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin kiçik inspektoru X2 tərəfindən Şəxs İsrafil oğlu barəsində tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İsrafil oğlu xx.xx.2023-cü il tarixdə saat 10:57 radələrində idarə etdiyi “FORD-TRANZİT” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur. O, əməkdaşın xidməti vəzifəsini yerinə yetirilməsinə mane olaraq sənədləri təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları “FORD-TRANZİT” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni mülkiyyətçisini müəyyən etməmiş, həmin avtomobilin həqiqətən də Şəxs İsrafil oğlunun istifadəsində olub-olmaması və onun istifadəsinə necə keçməsi aydınlaşdırılmamışdır. Digər tərəfdən, Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları da inzibati xəta haqqında protokolda reyd zamanı sözügedən yük avtomobilinin sürücüsünün şəxsiyyətinin necə müəyyən edildiyi barədə məlumatları təsdiq edən sübutları protokola əlavə etməmişlər. Hətta inzibati xəta haqqında protokola əlavə edilmiş “FORD-TRANZİT” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəkili əlavə edilsə də, həmin avtomobilin sürücünün kimliyi belə öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün sadalanan hallardan və araşdırılan sübutlardan görünür ki, səlahiyyətli orqan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən Şəxs İsrafil oğlunun barəsində protokol tərtib edilərkən Qanunvericiliyin tələbləri pozulmaqla yanaşı, Şəxs İsrafil oğlunun Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələbləri pozması faktını sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin dispozisiyasından görünür ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin səlahyyətli orqanın əməkdaşı Şəxs İsrafil oğlu tərəfindən onun xidməti vəzifəsinin yerinə yetirilməsinə hansı formada mane olmasını, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin faktiki olub, lakin təqdim etməməsini belə sübuta yetirməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.1-cı maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12, 40, 43, 48- 50, 115, 117, 129-130 maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs İsrafil oğlunun Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar