Məhkəmə qərarları › İş №3(032)-876/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-876/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-876/2024 14.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:55 radələrində Şirvan şəhər polis şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı, iş rejimini pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 14 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri etiraf edərək izahatında bildirdi ki, idarə etdiyi avtomobilin işıq cihazları və qabaq şüşənin şüşə silgəcləri düzgün işləmədiyi üçün xx.xx.2024-cü il tarixdə YPX-nin əmkdaşları tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilmiş, eyni zamanda avtomobili cərimə meydançasına yerləşdirilmişdir. Yeganə gəlir mənbəyi avtomobil olduğu üçün xx.xx.2024-cü il tarixdə avtomobilini götürmək üçün Şirvan şəhər polis şöbəsinə getmiş, 106-cı otağa yaxınlaşmış, polis kapitanı Şahid cəriməni ödədikdən sonra avtomobili götürə biləcəyini demiş, lakin pulu olmadığı üçün əsəbləşərək, özündən asılı olmayaraq ucadan danışmış, ancaq tərəfindən heç bir nalayiq ifadələr işlədilməmişdir. Əməlindən səmimi peşmandır, himayəsində 3 azyaşlı uşaqların olmasını nəzərə alaraq barəsində cərimə növündə inibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şirvan şəhər Polis şöbəsinin DYPB-nin İTUB-nin Şahid məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixində saat təxminən 11:55 radələrində xidməti otağında vətəndaşları qəbul edərkən, sonradan şəxsiyyəti məlum olan Hacıqabul rayon sakini Şəxs xidməti otağına daxil olaraq heç bir əsaslı səbəb olamdan ucadan danışmağa başlamışdır. Onu təmkinlə dinləmiş və ona öz iradını bildirib nizam intizamlı olmağa dəvət etmişdir. Xahiş etmişdir ki, sakit danışaraq fikrini çatdırsın, ondan başqada qəbula gəlmiş vətəndaşlar var. Ona izah etmişdir ki, etdiyi qayda pozuntusuna görə barəsində YPX-nin əməkdaşı tərəfindən inzibati protokol tərtib olunub, inzibati protoklla tanış olub nəqliyyat vasitəsini duracaqdan qəbul edə bilərsiz, lakin Şəxs özünü qeyri səmimi apararaq öz xoşagəlməz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə əməl etmədiyi üçün barəsində raport tərtib edərək polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:55 radələrində Şirvan şəhər polis şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı, iş rejimini pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 oktyabr 2024-cü il tarixdə, saat 12:10-da inzibati qaydada tutulmuş, 11 oktyabr 2024-cü il tarixdə 12:05-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, 11:55 radələrində Şirvan şəhər Polis Şöbəsində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar