Məhkəmə qərarları › İş №3(032)-878/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-878/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-878/2024 16.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi ilə, X1 bərəsində tərtib edilmiş 13 sentyabr 2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti (ərizəni) nəzərdən keçirib, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, bərəsində tərtib edilmiş 13 sentyabr 2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ/23577326 nömrəli elektron qərarla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət surətini 10/20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat məbləğində cərimə nəzərdə tutulmasına baxmayaraq, 400 manat məbləğində cərimə edilmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 bərəsində tərtib edilmiş 13 sentyabr 2024-cü il tarixli, EQ/23577326 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti X2 geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar