Məhkəmə qərarları › İş №3(032)-880/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-880/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-880/2025 03.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Şikayət vermiş şəxs X1, Hacıqabul rayon YPX-nin yol patrul inspektoru polis baş serjantı X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərarın ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən qəbul edilmiş Hacıqabul rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə idarə etdiyi **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixində Hacıqabul-Şirvan yolu ərazisində hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 - “İşıq cihazlarından istifadə qaydalarını pozmaq” maddəsi ilə əsassız qərarlı protokol tərtib edilmişdir. İnspektor ona ikinci dərəcəli yoldan baş yola çıxarkən dönmə işıqlarından istifadə etmədiyimi bildirib və videogörüntü təqdim etmədən, yalnız vizual müşahidə əsasında protokol tərtib etmişdir. Halbuki həmin vaxt avtomobil qaydalara uyğun idarə olunub və dönmə işıqlarından istifadə etmişdir. Hadisə zamanı yanında hal şahidi olub və eyni məlumatları inspektora şifahi şəkildə o da vermişdir. İnspektorun yaxa kamerasında hadisəyə dair bütün qeydlər mövcuddur. Bundan əlavə, YPX xidməti avtomobilinin və inspektorun dayandığı yer ilə yol ayrıcı arasında yol kənarında əkilmiş ağaclar olduğundan, əməkdaşın həmin yeri tam şəkildə görmək ehtimalı yoxdur. Bu barədə inspektora məlumat verməyinə baxmayaraq, yenə də protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 tərəfindən şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Hacıqabul rayon YPX-nin yol patrul inspektoru polis baş serjantı X6 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Hacıqabul-Şirvan yolunda “Chevrolet Cruze minik” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazından istifadə qaydasını pozmaqla hərəkətdə olduğunu görmüş, saxla işarəsi vermişdir. Vətəndaşa etdiyi qayda pozuntusu izah edilmiş, barəsində protokol tərtib ediləcəyi bildirilmişdir. Həmçinin, təqdim etdiyi videogörüntüyə baxdıqda müəyyən olunur ki, “Chevrolet Cruze minik” markalı ** UV *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü işıq cihazından istifadə qaydasını pozmaqla hərəkətini davam etdirmiş, bununla da qaydanı pozmuşdir. Şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsi və qərarından şkikayət verilmiş şəxsin nümayəndəsini dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hacıqabul rayon YPX-nin yol patrul inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 20:00-da xətanın yeri olan Hacıqabul-Şirvan yolunda “Chevrolet Cruze minik” markalı ** UV *** dövlət qeydiyyat nömrəli avtomobili ilə işıq cihazlarından qaydasını pozmuş və Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 30 (otuz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Məhkəmə iclasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı qeydiyyata alan videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Chevrolet Cruze minik” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıqabul-Şirvan yolunda işıq cihazından istifadə qaydasını pozmaqla hərəkətini davam etdirmişdir, həmçinin polis əməkdaşı tərəfindən X2 etdiyi qayda pozuntusu izah edilmiş, barəsində protokol tərtib ediləcəyi bildirilmiş, o, isə etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 73-cü maddəsinin İ bəndinə əsasən təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Beləliklə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, “Chevrolet Cruze minik” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 xx.xx.2025-ci il tarixdə saat 20:00-da xətanın yeri olan Hacıqabul-Şirvan yolunda hərəkət zamanı işıq cihazından istifadə qaydasını pozmaqla davam etdirmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tərkibini yaradan inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron inzibati xəta haqqında qərardan verilmiş şikayəti əsassız olduğundan təmin olunmamaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Hacıqabul rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar