Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-891/2024 18.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 18 oktyabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 18 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. 18 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 oktyabr 2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyərək ictimai asayişi pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirdi ki, fəhlə işləyir, fərdi əməklə məşğuldur, xx.xx.2024-cü il tarixdə axşam saatlarında evə gəldikdən biraz sonra sahə rəisi gəlmiş, Nərgiz adlı qadının onun bacısı Mətanətlə bağlı şöbəyə şikayət ərizəsi verdiyini demiş, daha sonra ondan kim olduğunu soruşmuş, Mətanətin qardaşı olduğunu, anası xəstə olduğu üçün tez-tez gəlib-getdiyini demişdir. Onların arasındakı mübahisəyə səbəb Nərgizin onların evini dəfələrlə suya verməsi olmuş, bundan sonra aralarında sözsöhbət yaranmışdır. Nərgiz adlı qadını həmin gün görməmiş, onunla heç bir mübahisəsi olmamış, onu nalayiq ifadələrlə təhqir etməmişdir. Əməlində hər hansı bir inzibati xəta tərkibi yoxdur. Sonda məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, yaşadığı binanın qarşısında özünə məxsus salonu vardır, Ramilin bacısı dəfələrlə onu nalayiq ifadələrlə təhqir edir, Ramil isə bacısına heç bir söz demir, saatlarla pəncərədə duraraq siqarət çəkir, nalayiq ifadələr işlədir. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da inzibati xəta növündə xırda xuliqanlığın obyektiv tərəfi aşağıda göstərilən 02 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın pozulması; 2) fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi. Buna görə də, əməlin xırda xuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər ikisi mövcud olmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, əməlin xırda xuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin əlamətləri kimi ictimai qaydanın pozulması kimi müşayiət edilməyən hərəkətlər nəzərdə tutulduğundan, xx.xx.2024-cü il tarixdə Şəxs ümumiyyətlə əməlində ictimai qaydanın pozulmasının hesab olunmasını istisna edir. Bundan başqa, inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Şirvan şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək qonşuluğunda yaşayan Şəxs evinin pəncərəsindən saatlarla ona baxdığını, ona öz narazılığını edəndə ona nalayiq sözlərlə söydüyünü, onu həmişə narahat etdiyini bildirmiş, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə aparılmış araşdırma nəticəsində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında iş materiallarında Şəxs Zərərçəkmiş şəxs təhqir etməsinə dair hər hansı bir mötəbər sübut əlavə edilməmiş, habelə iş materiallarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasının nədə ifadə olunduğu öz əksini tapmır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat üzrə təqsirsizliyini sübut etməyə borclu olmayan, təqsirli olması barəsində şübhələr xeyrinə həll edilən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərədə tutulmuş inzibati xəta tərkibinin olmasına dair şübhələr Şəxs xeyrinə həll edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-891/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-891/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver