Məhkəmə qərarları › İş №3(032)-895/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-895/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-895/2024 31.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə xx.xx.2024-cü il tarixdə, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmə halına yol verməklə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, “Vaz 21074” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etmiş və həmin avtomobilin dövlət qeydiyyat nişanının üzərini heç nə ilə bağlamamışdır. Belə ki, oğlunun dünyaya gəlməsi ilə əlaqədar avtomobilin arxa hissəsinə şarlar bağlanılmış, hava küləkli olduğundan şarlar aşağı-yuxarı hərəkət etmiş və məhz onlar aşağı düşən zaman nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilmişdir. Həmin şarlar həmin avtomobilin dövlət qeydiyyat nişanının üzərini örtmədiyindən yekun olaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibini yaradır. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, ifadəsindən, eləcə də iş materiallarından görünür ki, Şəxs tərəfindən “Vaz 21074” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməmişdir. Belə ki, “Vaz 21074” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsinə şarlar bağlanılmışdır ki, bu da son nəticədə nə örtük, nə də qurğu deyil və şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibini yaratmır. Hüquq ədəbiyyatlarından da məlum olduğu kimi inzibati xətanın tərkibi 4 elementdən ibarətdir: inzibati xətanın obyekti, inzibati xətanın obyektiv tərəfi, inzibati xətanın subyekti, inzibati xətanın subyektiv tərəfi. İnzibati xətanın obyektiv tərəfi törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. İnzibati xətanın obyektiv tərəfinin əsas elementini ictimai təhlükəli, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) təşkil edir. Əgər inzibati xətada qeyd etdiyimiz əlamətlərə malik olmayan əməl yoxdursa, deməli burada heç bir inzibati xəta yoxdur. Göründüyü kimi hazırkı iş üzrə avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan deyil, məhz şarlardan istifadə edilmiş və nəticədə şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsində nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemi, yəni inzibati xətanın obyektiv tərəfi tamamlanmamışdır. Həmçinin şəxsin əməlində inzibati xətanın elementlərindən olan subyektiv cəhətlər də yoxdur. Belə bir vəziyyətdə protokol tərtib etmiş şəxs tərəfindən şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir . Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X1 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, hazırki iş üzrə Şəxs barəsində İXM-in 342.9-cu maddəsində ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar