Məhkəmə qərarları › İş №3(032)-897/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-897/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-897/2024 22.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-1175/2024 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Salyan rayon Məhkəməsinin 2(057)-1175/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Alimenti vaxtında ödəmədiyindən Şirvan şəhər Məhkəməsinin 2(032)-314/2021 saylı xx.xx.2021-ci il taixli alimentin miqdarının 140 manat olması barədə icra sənədi üzrə borclu barəsində axtarış verilən kimi 780 manat borc, əlavə 9 ay üzrə -1260 manat borc və Salyan rayon Məhkəməsinin 2(057)-1175/2024 saylı xx.xx.2024-ci il tarixli alimentin miqdarının 235 manat olması barədə icra sənədi üzrə 3 ay üzrə - 705 manat borc olmaqla ümumilikdə bu günə 2745 manat aliment borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq yaranmış aliment borcu ödəməkdən yayınır. Həmçinin borclunun barəsində xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə axtarışın nəticəsi olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Bununla da Şəxs icra məmurunun qanuni tələbin yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Salyan rayon Məhkəməsinin 2(057)-1175/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borcu olduğunu etiraf edir, bir müddət işsiz olduğu üçün aliment borcunu ödəyə bilməmiş, hazırda borcundan 1000 manat ödəyə bilər, qalan məbləği aylıq olaraq hissə-hissə ödəməyə imkanı vardır. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə toplanmış olan borcdan 2000 manatın tam, qalan məbləğin hissə-hissə olaraq ödənilməsini, əks təqdirdə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon Məhkəməsinin 2(057)-1175/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Salyan rayon Məhkəməsinin 2(057)-1175/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş alimentin məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Salyan rayon Məhkəməsinin 2(057)-1175/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 oktyabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar