Məhkəmə qərarları › İş №3(032)-905/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-905/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-905/2023 20.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:20 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində «VAZ 2107» minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xəta hadisənin olması 13 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:20 radələrində etibarnamə ilə idarə etdiyi «VAZ 2107» minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşıda dayanan “Mercedes Benz C180” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, hadisə zamanı avtomobildə tək olmuş, xəsarət almamışdır. Hadisə baş verən zaman sərxoş vəziyyətdə olmuş, əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20:20 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C180” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olmuş, bu zaman sola yəni, F.Eynullayev küçəsinə dönmək üçün dayanmış, arxadan gələn «VAZ 2107» minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil düzgün ara məsafəsi saxlamayaraq avtomobilin arxa hissəsindən vurmuş, hadisə zamanı avtomobildə tək olmuş, heç bir xəsarət almamış və sərxoş olmamışdır. Lakin “Mercedes Benz C180” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilinə 600 manat məbləğində ziyan dəymiş, həmin ziyanın ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 2,074 % müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, X2 alkoqol müəyyən edilməmişdir. Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 14 iyul 2023-cü il tarixli rəy aktından görünür ki, “Mercedes Benz C180” ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə qəza zamanı arxa sol stop fanar 1 ədəd 180 manat, arxa buferin sol yan Nikkel Kantı 1 ədəd 40 manat, boya və material 50 manat, armatur işi 30 manat, dəmirçi işi 150 manat, rəngsaz işi 150 manat, cəmi 600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, sərxoş vəziyyətdə avtomobili idarə etməsini nəzərə alaraq, inzibati xəta törədən Şəxs barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırmaqla 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 iyul 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. X3 dəymiş ziyanın əvəzinin ödənilməsi məsələsi Mülki icraat qaydasında müraciət olunması izah edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar