Məhkəmə qərarları › İş №3(032)-907/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-907/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-907/2023 24.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Şəxs X1 iştirakları ilə xx.xx.2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 511.1.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərini etmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində tanışı X4 məxsus olan “VAZ 2107” markalı **-KB- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş, Şirvan şəhəri, 1 May küçəsində hərəkətdə olan zaman əyləcindən istifadə edərək avtomobilin arxasını fırladaraq avtoxuliqanlıq etmiş, şəhərin bir çox küçələrində 2 və ya daha çox nəqliyyat vasitələrinin iştirakı ilə surət yarışı təşkil etmiş, avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmiş, əhalinin dincliyini pozmuş, yol hərəkəti qaydalarını pozmuşdur. Əməlindən peşmandır. Lakin sonradan yəni xx.xx.2023-cü il tarixində polis şöbəsinə gələrək sözügedən avtomobili dayanacaqdan çıxarmaq istəmiş, cəriməsini ödəyərək çıxıb getmişdir. Polis əməkdaşları ilə heç bir mübahisə etməmiş, onlara müqavimət göstərməmişdir. Özünü yalnız avtoxuliqanlıq əməlində təqsirli bilir. Məhkəmədən gənc olmasını və peşman olmasını nəzərə alınmasını xahiş edir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:00-də radələrində Şəxs “VAZ 2107” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün həmin avtomobil inspektor tərəfindən müvəqqəti duracağa yerləşdirilmişdir. Sonradan şəxsin özünün də etdiyi əməllə əlaqədar izahatı alınmış və o etdiyi əməlləri etiraf edərək peşman olmasını bildirmişdir. “VAZ 2107” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün həmin avtomobil inspektor tərəfindən müvəqqəti duracağa yerləşdirilib. Polis Şöbəsinin inzibati binasına gələn Şirvan şəhər sakini Şəxs törətdiyi qayda pozuntusu izah edilən zaman o, polis şöbəsinin inzibati binasında ucadan səs-küy salmağa başlamış, onu sakitləşdirib dəfələrlə nizam-intizama dəvət etsələr də, öz əməlini davam etmiş, onların qanuni tələblərinə məhəl qoymamış, sonra Şəxs Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X7 məhkəmə iclasında X2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 20 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 20 iyul 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı, polis şöbəsinin inzibati binasında ucadan səs-küy salması, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci, 511.1.3-cü və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində “Mercedes” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə Şirvan ŞPŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı Toğrul Babayev ilə xidmətdə olan zaman “VAZ 2107” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün həmin avtomobil inspektor tərəfindən müvəqqəti duracağa yerləşdirilib. Polis Şöbəsinin inzibati binasına gələn Şirvan şəhər sakini Şəxs törətdiyi qayda pozuntusu izah edilən zaman o, polis şöbəsinin inzibati binasında ucadan səs-küy salmağa başlamış, onu sakitləşdirib dəfələrlə nizam-intizama dəvət etsələr də, öz əməlini davam etmiş, onların qanuni tələblərinə məhəl qoymamış, sonra Şəxs Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:45-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 09:00-da azad edilmişdir. xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, sonuncu protokolun surətini almış, protokolla tanış olduğunu, bir daha avtoxuliqanlıq etməyəcəyini qeyd etmiş, imzası ilə təsdiq etmişdir. Şəxs Şirvan şəhər Polis şöbəsində verdiyi izahatında da xx.xx.2023-cü il tarixində 17:00da tanışı X4 məxsus “VAZ 2107” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri etdiyini və peşman olduğunu bildirmişdir. Şəxs xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis şöbəsində verdiyi izahatında da xx.xx.2023-cü il tarixində avtomobilini polis şəbəsində olan duracaqdan çıxarmaq istədiyini, lakin heç bir səs-küy salmadığını, polislərlə arasında heç bir mübahisə olmamasını bildirmişdir. Şəxs Şirvan şəhər Polis Şöbəsində olarkən ondan xx.xx.2023-cü il tarixində Polis Şöbəsində olacağı barədə müvafiq iltizam alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(032)-1120/2022 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Video görüntülərin məhkəmə iclasında nümayişi zamanı “Tik-Tok” sosial şəbəkəsində paylaşılan videodan görünür ki, Şəxs “VAZ 2107” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərini edir. Məhkəmənin suallarına cavab olaraq Şəxs videoda avtoxuliqanlıq hərəkətlərini edən sürücünün özü olmasını etiraf etdi. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın da obyekti yol hərəkəti ilə əlaqədar təşəkkül tapmış ictimai münasibətləri tənzimləyən normalardır və əməlin obyektiv cəhəti mühafizə olunan qaydaların şəxs tərəfindən qəsdən nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətlərlə avtoxuliqanlıq əməlini törətməsində ifadə olunur. Məhkəmədə nümayiş olunan video görüntülərdə Şəxs avtomobili yüksək surətlə idarə etməsi, döngələrdə təhlükəli manevr etməsi, şəhər əhalisinin sıx olduğu və ictimai yer hesab olunan küçədə yüksək surətlə hərəkətdə olmağı və nəticədə ətrafa davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi nəticəsində səslərinin çıxarılması aşkar şəkildə görünür. xx.xx.2023-cü il tarixində şəxs avtoxuliqanlıq hərəkətləri etməsini, şəhərdə surət yarışını təşkil etməsini etiraf edərək peşmançılığını bildirir. Bundan əlavə onun qeyd olunan məzmunlu hərəkətləri xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli protokol və şahid ifadələri ilə tam şəkildə təsdiq edilir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, şəxsin əməlində yuxarıda sadalanan avtoxuliqanlıq hərəkətlərini törətməsi tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxsin ifadələrində kifayət qədər ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. İşin faktiki hallarından da məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, iki gün öncə törətmiş olduğu əməllə əlaqədar onun sahibliyindən alınmış avtomobilin dayanacaqdan cərimə ödəyərək çıxarılması üçün xx.xx.2023-cü il tarixdə gəlmiş, müvafiq izahatında heç kimə müqavimət göstərmədiyini, polis əməkdaşları ilə mübahisə etmədiyini bildirmişdir. Bundan əlavə məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolda şəxsin xx.xx.2023-cü il tarixində avtoxuliqanlıq hərəkətləri törətməsi və bununla əlaqədar barəsində xx.xx.2023-cü il tarixində protokol tərtib edilməsi göstərilsə də, xx.xx.2023-cü il tarixli raportda şəxsin xx.xx.2023-cü il tarixində avtoxuliqanlıq etməsi ilə əlaqədar avtomobilinin duracağa yerləşdirilməsi və bununla əlaqədar onun polis şöbəsində səs-küy salaraq polislərlə mübahisə etməsi, onlara tabesizlik göstərməsi qeyd edilmişdir. Şəxsin səs-küy salaraq ictimai qaydanı pozması, həmçinin onu sakitləşdirməyə çalışan polis əməkdaşına tabesizlik göstərməsi inandırıcı olmamaqla, şəxsin öz ifadəsi ilə və polis qurumunun tərtib etdiyi protokol və raportla da təkzib olunur. Raportu tərtib edən polis əməkdaşından başqa iş üzrə şəxsin həqiqətən də göstərilən vaxtda ictimai qaydanı pozması, sonra isə qərəzli hərəkətlərini davam etdirərək polisə müqavimət göstərməsini təsdiq edən heç bir sənəd, şahid, əlavə sübut mövcud deyil. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri polisə tabesizlik kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Beləliklə, məhkəmənin qənaəti belədir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirildiyindən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməlidir. Lakin İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi isə işin faktiki halları, öz izahatları və şübhəli hallar ilə təkzib olunduğundan həmin maddə ilə barəsində olan icraata xitam verilməlidir. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini, habelə onun xx.xx.2022-ci il tarixində (eyni xəta olmasa da) məhz yol hərəkəti qaydaları və təhlükəsizliyi əleyhinə olan İXM 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədərək barəsində cərimə növündə tənbehin tədbiq edilməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi və sürücülük hüququnun məhdudlaşdırılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırmaqla 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Onun 20 iyul 2023-cü il tarixdən, saat 18:45dən xx.xx.2023-cü il, saat 09:00-dək olan inzibati qaydada tutulması nəzərə alınsın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar