Məhkəmə qərarları › İş №3(032)-907/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-907/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-907/2024 25.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs iştirakı ilə , xx.xx.1982-ci ildə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Şəxs (FİN:xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanasında şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli MN № ******* inzibati xəta haqqında protokolla, cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları, ekspert rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə sürücülük vəsiqəsi almaq üçün arayış almalı olduğundan Şirvan şəhər Mərkəzi Xəstəxanasında ona göz həkiminin müayinəsindən keçməli olduğu bildirilmişdir. O, müayinə olmaq üçün həkimin otağının qapısını döymüş, tibb bacısı qapını açmış, o əlindəki anketi qapını açan şəxsə uzadaraq sənədin anketin Mehparə həkimə verilməli olduğunu bildirmişdir. Lakin qapını açan şəxs qapını bağlamış, o yenidən qapını döymüş, bu zaman qapını elə bağlamışdır ki onun əl barmaqlarının dırnaqları qapının arasında qalmış, dırnaqları mayadan qopmuşdur. Bundan sonra həmin şəxs onun üstünə hücum edərək onu döymüşdür. Hadisə barədə ilk o müraciət etmiş, DİN-nin 102 xidmətinə şikayət etmişdir. Hadisə nəticəsində o xəsarət almış, onun xəsarətlərini təsdiq edəcək görüntülər vardır, lakin materiallara əlavə edilməmişdir. Hadisə video kameralar qarşısında baş versə də, o görüntüləri xəstəxanadan tələb etdikdə oradan ona bildirmişlər ki, bu kamera seçki məntəqəsi tərəfindən qoyulmuşdur, ona görə də həmin hissə çəkilməmişdir. Onun tərəfindən zərərçəkmiş şəxsə heç bir xəsarət yetirilməmişdir, o həmin şəxsə toxunmamışdır. Ekspertin rəy ilə razı deyil, onun xanımı necə müayinə etdiyi ona məlum deyil. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına təngidi yanaşaraq hesab edir ki, bu cür izahat özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasında həkim-oftolmoloq vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə otaqda öz xəstəsi ilə məşğul olduğu zaman xanım aqresiv şəkildə qapını təpik, yumruqla çırpmış, tibbi bacısı çıxaraq onu sakitləşdiriməyə çalışmışdır. Daha sonra yenidən həmin xanım birinci qapını döyəndə Naminə xanım qapını açmış onun sualını cavablamış, qapını bağlamışdır. Qapını bağladıqdan sonra bu xanım nalayiq ifadələr işlədərək, səs-küy salmağa davam etmişdir. O, baxdığı xəstəni qapıdan çıxarıb digər xəstəni qəbul etmək üçün qapını açmış, bu zaman xanım “qapını niyə bağlayırsız?“ deyərək onun üstünə hücuma keçmişdir. O buna görə artıq affekt vəziyyətində özünü müdafiə etmişdir. Xanım nalayiq ifadələr işlətmiş, digər işçilər və mühafizəçi gəlmiş, xanımı sakitləşdirmək mümkün olmamış, o mühafizəçiyə təpiklə vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır. Məhkəmə iclasında şahid qismində X2 izahat verərək bildirdi ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasında həkim-oftolmoloq vəzifəsində çalışır. Hadisə vaxtı otaqda olmuş, otaqda ondan başqa iki həkim, tibb bacısı , xəstələr olmuşdur. Xanım sürücülük vəsiqəsi almaq üçün göz müayinəsindən keçmək istəmişdir. Hadisəni tam olaraq, ilk dəfə kimin hücum etməsini görməmişdir. O, Güneli onun əlindən almaq istəmiş, onları aralaşdırmaq istəmişdir. Daha sonra xanımı qəbul edərək müayinə etmişdir. Müayinə zamanı xanımın xəsarət alıb-almamasına fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində X3 izahat verərək bildirdi ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. Hadisə vaxt həkim əməliyyata gedəcək xəstəsinə baxmış, xəstəsini qapıdan çıxararkən həkimlə aralarında mübahisə olmuşdur. O, xanımın təpik atmasını və Zərərçəkmiş şəxs əlində xəsarət olduğunu görmüşdür. Arzu xanımın əlinin qapının arasında qalmasını, əlində qan olmasını görməmiş, sepi açılıb yerə düşdüyündən onu götürüb təmizləyib xanıma vermişdir. O, sakitlik yaransın deyə xanımı qucaqlamış, sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində X4 izahat verərək bildirdi ki, həmin vaxt gözünü müayinə etdirilməsi üçün Şirvan şəhər Xəstəxanasına getmiş, növbə var idi. Müayinə üçün xanım həkimin otağının qapısını döymüş, qapını arxadan bağlamışdılar. Daha sonra yenidən döyən zaman aralarında mübahisə yaranmış, həkim Günel qapını yenidən bağlamışdır, bu zaman Arzu xanımın əl barmaqlarının dırnaqları qapının arasında qalmış, dırnağı mayadan qopmuş, qan gəlmişdir. Məhkəmə iclasında şahid qismində X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasında həkim-oftolmoloq vəzifəsində çalışır. Yaşı ilə əlaqədar hadisəni tam olaraq xatırlamır. Xanım sürücülük vəsiqəsi almaq üçün müayinəyə gəlmişdir. Xanımın barmaqlarının qapının arasında qalmasını görməmişdir. Xanım müayinə olunmaq üçün növbə üstündə mübahisə salmışdır. Hadisə vaxtı kimin-kimi vurmasını görməmişdir. Yalnız Arzu xanımın təpik vurmasını görmüş, lakin kimə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 izahat verərək bildirdi ki, Məhkəmə-Tibbi Ekspertiza və X1 Şirvan şəhər şöbəsinin rəisidir. Şəxs və Zərərçəkmiş şəxs müayinə etmişdir. Rəy verilən zaman xəsarətlərə baxılıb rəy verilir, canlı şəxslərin müayinəsi zamanı fotoşəkillərin olması məcburi deyil. O, hər iki xanıma və onlarda olan xəsarətlərə əyani şəkildə baxılıb rəy verildiyini bildirərək, verdiyi rəyin hər ikisini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 izahat verərək bildirdi ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. Həmin vaxt xanımın qapını dəfələrlə döyərək qapını açmalarını tələb etmişdir. O , qapını açaraq xəbərdarlıq etmiş, daha sonra həkim qapını açan zaman isə xanım artıq Günel xanımın üzərinə hücum etmişdir. Təpiklə Günel xanımı vurmuşdur. Xanımın Günel xanımın üstünə hücum edərək onu vurmasını görmüş, lakin Günel xanımın onu vurmasını görməmişdir, Günel xanım ona qarşı heç bir hərəkət etməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən xitam verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X11 Təcrübi və X6 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 354 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ bazunun orta 1/3-də,sağ mil-biləkdə, sol əlin İİİ barmağın distal falanqa səviyyəsində, sağ budun orta 1/3-də qançırlar - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən 23 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti məlumat üçün təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar