Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-908/2023 24.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1982-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 333.1 və 511.1.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə şəhərin Z.Hacıyev küçəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərini etmişdir. İnzibati xəta hadisənin olması 22 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə 2 bakal pivə içkisi içmiş, sonra etibarnamə ilə idarə etdiyi “Xhazar” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində hərəkətdə olarkən qaydaları pozmuş, YPX-nin əməkdaşları ona saxla işarəsi verərək avtomobili saxlamağını bildirmişlər. Spirtli içki qəbul etdiyi üçün polisin saxla əmrinə tabe olmayaraq oradan uzaqlaşmağa cəhd etmiş, şəhərin müxtəlif yerlərində maşını surətlə sürmüş, qaçmağa çalışmış, bir neçə dəqiqədən sonra yol polis əməkdaşları onu məcburi saxlamağa nail olmuşdur. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şirvan şəhər, Z.Hacıyev küçəsində Şirvan ŞPŞ-nin DYPB-nin YPX-i baş inspektoru polis leytenantı Abuş Qaraşlı və Toğrul Babayevlə birlikdə xidmətdə olan zaman “Xhazar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmiş, sürücü surətini artıraraq saxla işarəsinə məhəl qoymamış, davamlı olaraq kobud qayda pozuntularına yol verərək avtoxuliqan hərəkətlərinə yol verərək insanların həyatına təhlükə yaratmış, digər patrul avtomobillərinin köməkliyi ilə saxlanılmış, saxlanılan zaman polislərə qarşı kobudluq edərək səs-küy salmış, polisin qanuni tələbinə riayət etməmiş, avtomobildən düşmək istəməmiş, açarı təhvil verməmiş, həmin yerə PPXi dəvət etmiş, sürücü Şəxs PPX-nin köməkliyi ilə polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X3 məhkəmə iclasında X1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 22 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 22 iyul 2023-cü il tarixdə şəhərin Z.Hacıyev küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəqliyyat vasitəsini sürətləndirməklə hərəkət etməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş rapordan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şirvan şəhər, Z.Hacıyev küçəsində Şirvan ŞPŞ-nin DYPB-nin YPX-i baş inspektoru polis leytenantı Abuş qaraşlı və Toğrul Babayevlə birlikdə xidmətdə olan zaman “Xhazar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmiş, sürücü surətini artıraraq saxla işarəsinə məhəl qoymamış, davamlı olaraq kobud qayda pozuntularına yol verərək avtoxuliqan hərəkətlərinə yol verərək insanların həyatına təhlükə yaratmış, digər patrul avtomobillərinin köməkliyi ilə saxlanılmış, saxlanılan zaman polislərə qarşı kobudluq edərək səs-küy salmış, polisin qanuni tələbinə riayət etməmiş, həmin yerə PPX-i dəvət etmiş, sürücü Şəxs PPX-nin köməkliyi ilə polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:10-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 22 iyul 2023-cü il tarixli, 72 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 511.1.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, sonuncu protokolun surətini almış, spirtli içki qəbul etdiyini, avtoxuliqanlıq edərək avtomobili sürməsini qeyd etmiş, imzası ilə təsdiq etmişdir. Şəxs xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis şöbəsində verdiyi izahatında da məhkəmədə verdiyi izahatın məzmununa uyğun olaraq əməllərini etiraf etmiş və peşman olmasını bildirmişdir. Video görüntülərin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunur ki, yol patrul avtomobili “Xhazar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib edir, sözügedən avtomobil polisin dayan əmrinə tabesizlik göstərir, sürücü avtomobili yüksək surətlə polis əməkdaşlarından qaçırır, onun saxlanmasına nail olduqdan sonra təhlükəli manevr edərək ona yaxınlaşan polis əməkdaşına məhəl qoymadan qəfldən avtomobilini arxaya doğru hərəkət elətdirərək uzaqlaşır, arxası ilə hərəkətdə olan polis yol patrul xidmətinin avtomobillərinin səs və işıq vasitəsilə ötürülən dayan əmrinə məhəl qoymur, avtomobilini daha da surətlə hərəkətə gətirərək yayınmağa çalışır. Təqib şəhərin ətrafda piyadalar və digər avtomobillərin hərəkətdə olduğu küçədə davam edir. Polis əməkdaşları avtomobilin qarşıdan digər yol polisi avtomobilinin köməkliyi ilə saxlanılmasına nail olurlar, sürücü avtomobildən düşmək istəmir, polis post patrul əməkdaşları hadisə yerinə gəlir, sürücü bir neçə dəqiqə ərzində polisə fiziki müqavimət göstərərək avtomobilinin açarını təqdim etməkdən yayınır. Sonra sürücünü polis avtomobilinə əyləşdirməyə nail olurlar. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunan inzibati xətanın obyekti yol hərəkəti ilə əlaqədar təşəkkül tapmış ictimai münasibətləri tənzimləyən normalardır. Əməlin obyektiv cəhəti şəxs tərəfindən sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsindən ibarətdir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin həm özünün etirafı, həm şahidlərin ifadələri və tibbi müayinə aktına əsasən avtomobil idarə edərkən sərxoş vəziyyətdə olması sübuta yetirildiyindən onun yuxarıda göstərilən maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın da obyekti yol hərəkəti ilə əlaqədar təşəkkül tapmış ictimai münasibətləri tənzimləyən normalardır və əməlin obyektiv cəhəti mühafizə olunan qaydaların şəxs tərəfindən qəsdən nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətlərlə avtoxuliqanlıq əməlini törətməsində ifadə olunur. Hadisə zamanı polis əməkdaşları və avtopatrul maşını tərəfindən qeydə alınaraq məhkəmədə nümayiş olunan video görüntülərdə Şəxs avtomobili yüksək surətlə idarə etməsi, qəfldən saxlayaraq arxaya doğru yüksək surətlə sürməsi, döngələrdə təhlükəli manevr etməsi, şəhər əhalisinin sıx olduğu və ictimai yer hesab olunan küçədə yüksək surətlə hərəkətdə olmağı və nəticədə ətrafa davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi nəticəsində səslərinin çıxarılması aşkar şəkildə görünür. Bu səbəbdən məhkəmə belə hesab edir ki, şəxsin əməlində yuxarıda sadalanan avtoxuliqanlıq hərəkətlərini törətməsi tam şəkildə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilən inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə iclasında dindirilmiş şahidlərin, barəsində icraat aparılan şəxsin özünün izahatından, habelə nümayiş olunan video görüntülərindən - şəxs avtomobildən düşmək istəmir, polisə fiziki müqavimət göstərir, habelə polisin dayan əmrinə tabesizlik edir, avtomobili yüksək surətlə polis əməkdaşlarından qaçırır, onun saxlanmasına nail olduqdan sonra təhlükəli manevr edərək ona yaxınlaşan polis əməkdaşının həyat və sağlamlığına etinasız yanaşaraq qəfldən avtomobilini arxaya doğru hərəkət elətdirərək uzaqlaşır, arxası ilə hərəkətdə olan polis yol patrul xidmətinin avtomobillərinin səs və işıq vasitəsilə ötürülən dayan əmrinə məhəl qoymur, avtomobilini daha da surətlə hərəkətə gətirərək yayınmağa çalışır. Sadalananlar ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilir və Şəxs yuxarıda ittiham olunduğu inzibati xətalardan başqa İXM-nin 535.1-ci maddəsi ilə də nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər üç inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və müvafiq qaydada tənbehlənməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hal qismində əməlini məhkəmə iclasında etiraf edərək səmimi peşman olmasını qəbul etmək mümkündür, onun əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 333.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırmaqla 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxsin inzibati qaydada tutulduğu 22 iyul 2023-cü il tarixdən, saat 23:10-dan xx.xx.2023-cü il saat 09:00-a qədər olan vaxt nəzərə alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-908/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-908/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver