Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-908/2024 24.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X2 oftolmoloq vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 23 iyul 2024-cü il tarixdə Şirvan şəhər X1 Arzu Azər qızını döyərək sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Şirvan ŞMX PHŞ-in cərrahiyyə şöbəsində həkim oftolmoloq vəzifəsində çalışır. Polikilinikanın 2 nömrəli otağı onun xidməti otağıdır. xx.xx.2024-cü il tarixdə həmişə olduğu kimi xidməti otağında xəstə müayinə edən zaman Zərərçəkmiş şəxs polikilinikanın dəhlizində haqsız narazılıq etdiyini və otağın qapısını müəyyən aralıqlarda təpikləmək və yumruq vurmaqla narahatçılıq yaratdığını görmüşdür. Otaqda 3 həkim, yəni o, Mehbarə və Naminə həkim xidmət edirlər. Zərərçəkmiş şəxs göndərişi Mehbarə həkimin üstünə yazılmışdır. O xəstəsini müayinə edib yola salan zaman anidən Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək heç bir səbəb olmadan onun ünvanına nəlayiq söyüşlər söyməklə onu yumruq və təpiklə vurmağa başlamışdır. O, həmin vaxt özünü itirmiş və bu vaxt orada olan tibb işçiləri və tanımadığı vətəndaşlar Arzunu ondan aralayaraq dəhlizə çıxarmışlar. Onu isə xidməti otaqlarında olan Pərvin, Vüsalə, Mehbarə və Naminə Arzunun əlindən alaraq otağa salmışlar və qapını bağlamışlar ki, Arzu təkrarən onun üstünə hücum etməsin. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir, sadəcə özünü müdafiə etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində sürücülük vəsiqəsi imtahanında iştirak etmək üçün tibbi müayinədən keçmək üçün Şirvan şəhər Mərkəzi xəstəxanasına gəlmişdir. Həmin vaxt göz müayinəsindən keçmək üçün göndərişlə 2 nömrəli kabinetin qarşısında müayinə həkimi Mehbarə Muradovaya anket məlumatları olan dəftərçəni vermək üçün dayanmışdır. Onunla birgə digər 5-6 nəfər şəxsdə müayinədən keçmək üçün gözləyirmişlər. Həmin vaxt otağın qapısı içəridən həkimlər tərəfindən bağlanmış və otağa buraxmamışlar. O qapını döyərək qapının açılmasını və anket dəftərçəsini həkimə təqdim etmək istəyini bildirmiş. Bu vaxt otağın digər qapısından üzdən tanıdığı, lakin adını bilmədiyi tibb bacısı qapını açaraq həkimlərin qapısını kim döydüyünü soruşaraq təhqirəramiz nəlayiq sözlər işlətməyə başlamışdır. O, həmin tibb bacısına heç bir cavab verməyərək təkrarən həkimlərin kabinetinin qapısını döymüşdür. Həmin vaxt sonradan adını bildiyi Günel adlı həkim qapını açmış və həmin vaxt o əlindəki müayinə dəftərçəsini Günel həkimə uzadaraq həmin dəftərçəni müayinə həkimi olan Mehbarə həkimə verməsini xahiş etmişdir. Həmin vaxt Günel həkim anidən qapını üzünə örtmüş və qapını içəridən kilidləmişdir. O bundan əsəbləşərək təkrarən qapını döymüş və qapının açılmasını istəmişdir. Günel həkim təkrarən qapını qəfildən açdıqda o Günel həkimə irad tutmuşdur ki, “qapını üzümə elə niyə çırpırsınız?”. Bundan sonra Günel həkim təkrarən qapını qəfildən bağlayarkən onun sağ əlinin barmaqları qapının arasında qalaraq əzilmişdir. Əlinin ağrısından qışqırmış və bu vaxt Günel həkim təkrarən qapını açaraq üzərinə hücum etmiş və onun bədəninin müxtəlif nahiyələrinə əlləri ilə xəsarət yetirmişdir. Həmin vaxt onun sağ əlinin dırnaqları qopduğu üçün əli qanamışdır. Bu səbəbdəndə o, Günelin hərəkətlərinə müqavimət göstərə bilməmişdir. Orada olan tibb işçiləri onu Günel həkimin əlindən güclə alaraq Günel həkimi güclə otağına salmışlar. Bundan sonra xəstəxananın mühafizə rəisi olduğu deyilən Ramiz adlı şəxs ona yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. O, həmin vaxt Ramizə həkimin onu heç bir səbəb olmadan döydüyünü və ona xəsarət yetirdiyini bildirmişdir. Hadisə vaxtı Günel həkim ona əl-qol atarkən yaxasında olan qızıl sepi sınmışdır. O, DİN-in 102 xidmətinə zəng vuraraq polis çağırmışdır. Polislər gəldikdən sonra onu polis şöbəsinə dəvət etmişlər və polis şöbəsinə gələrək Günel həkim tərəfindən döyülməyi barədə şikayət etmişdir. Daha sonra tibbi yardım almaq üçün Şirvan şəhər Mərkəzi xəstəxanasına getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində işdə ümumi otaqlarında o, Günel həkim, Naminə həkim, Mehbarə həkim, tibb bacılarından isə Vüsalə olmuşdur və həmin vaxtı həkimlər xəstələri müayinə etmişdir. Həmin vaxtı xəstələr həkimlər tərəfindən sıra nömrəsi ilə müayinə olunarkən qapını içəridən bağlamışlar. Bu vaxt sonradan adını bildiyi Arzu adlı qadın qapını əli və təpiyi ilə döyərək qapının açılmasını tələb edirmişdir. Günel həkim müayinə etdiyi xəstəsini qapını açaraq yola salmaq istəyərkən dəhlizdə olan Arzu adlı qadın qapın da qapını açmaq istəmiş və bu zaman Günel həkimin əli əzilmişdir. Həmin vaxt Arzu adlı qadın Günel həkimin üstünə hücum çəkərək Günel həkimə əl-qol atmışdır. Onlarda mübahisənin qarşısını alaraq, həmin Arzu adlı qadını Günel həkimdən uzaqlaşdırmışlar. Bundan sonra onlar qapını bağlayıb otağa girmişlər. Arzu isə dəhlizdə Günel həkimin ünvanına nəlayiq ifadələr işlətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şirvan şəhər Mərkəzi xəstəxanasına gözündən müayinə olunmaq üçün getmişdir. Həmin vaxtı poliklinikada göz həkimi olan kabinetin qarşısında dayanmışdır. Kabinetin qapısı bağlı olduğundan tanımadığı bir qadın əlində kağız qapını döymüşdür. Bu vaxt sonradan adını bildiyi Günel həkim qapını qəfildən açaraq həmin xəstənin üstünə qışqırmış və qapını döyməsini irad bildirmişdir. Həmin vaxt sonradan adını bildiyi Arzu adlı qadının əlini qapının tutacağı əzmişdir. Bundan sonra onların arasında dava düşmüşdür. Dava vaxtı onların hər ikisi birbirlərinə əl-qol ataraq bir-birlərini vurmuşlar. Orada olan vətəndaşlar və tibb işçiləri ilə birlikdə onları aralamışlar. Bundan sonra ona bildirmişlər ki, müayinə olunmaq üçün qeydiyyat şöbəsindən keçməlidir. Həmin vaxtı işi olduğu üçün çıxıb getmişdir. Şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranan münaqişənin səbəbi Günel həkim qapını qəfildən açdıqda Arzunun əlinin əzilməsi olmuş, bundan sonra onların arasında münaqişə yaranaraq bir-birlərinə əl-qol ataraq bir-birlərinə xəsarət yetirmişlər. Həmin vaxtı Arzu adlı qadının dırnaqları qırıldığından əli qanamışdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə “CD” disk təqdim edərək həmin diskdəki hadisədən aldığı xəsarətlərə görə videogörüntüyə baxış keçirilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs badəninin müxtəlif hissələrində xəsarətlərin olması aşkar görünsə də, sağ əlinin dırnaqlarının qopması və qanaması halı aşkar edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidlərin ifadələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X3 24 iyul 2024-cü il tarixli 354 nömrəli rəyindən görünür ki, Şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ bazunun orta 1/3-də, sağ mil biləkdə, sol əlin İİİ barmağın distal falanqa səviyyəsində, sağ budun orta 1/3-də qançırlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmətibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X3 24 iyul 2024-cü il tarixli 348 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – boyunun sol yan səthində və sol saidin orta 1/3-də cızıqlar-küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 23 iyul 2024-cü il tarixə uyğun gəlir, lakin həmin xəsarətlər itələmə və ya əllə vurma nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Zərərçəkmiş şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnun şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-908/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-908/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver