Məhkəmə qərarları › İş №3(032)-909/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-909/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-909/2023 24.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhəri, Vidadi küçəsi döngə 1, ev 8A ünvaınnda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs narkotik vasitə olan marixuananı əldə edib istifadə etmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, əvvəllər oğurluq etdiyinə və narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə 2022-ci ilin may ayında 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2022-ci ilin dekabr ayının 16-da isə vaxtından əvvəl şərti azad edilmişdir. Sonuncu dəfə o, 2022-ci ilin sonunda yaşadığı küçədən tapdığı bir bükümdə marixuananı yeni il bayramı ərəfəsində istifadə etmişdir. 29 mart 2023-cü il tarixdə təxminən saat 11-12 radələrində o yaşadığı evdə yataq otağında yatmışdır. Az sonra yaşadığı evə sonradan bildiyi Şirvan şəhər polis şöbəsinin əməkdaşları Bəhruz, Təbriz və Fərman gəlmiş, yatdığı otağa daxil olmuş, onu götürüb Şirvan polisinə aparmışlar. Polis şöbəsində olarkən qeyd etdiyi polis əməkdaşları ona hədə-qorxu gəlib döymüş və ona demişlər ki, sən qara siyahıdasan, getməlisən, bir neçə sənədlərə imza etməlisən. O, razı olmadıqda Şirvan polisində cinayət axtarışın rəisi bildiyi şəxs ona demişdir ki, “əgər sən bizim dediyimizi etməsən sənin evinə 5 kq heroin və avtomat qoyacağıq və videoçəkilişlə sənədləşdirəcəyik”. O, qorxmuş, əvvəla ona həmin sözləri polis əməkdaşları dedikdə o, etiraz etmiş, bundan sonra polis əməkdaşları Bəhruz və Təbriz onu döymüş, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmuşlar. O, bədənindən və sağ əlindən xəsarət almış, onu döydükləri üçün onlarla razılaşmış və hansı sənədlər verəcəklərsə imza edəcəyini demişdir. Az sonra Şirvan polisində işləyən və onu evindən çıxaran Bəhruz adlı polis əməkdaşı ona bir bükümdə narkotik vasitə heroin vermiş və o, da, həmin heroini əynində olan qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Polis əməkdaşları demişlər ki, az sonra sənin üstünə baxış keçirəcəyik və sən həmin narkotiki çıxarıb təqdim edərsən və deyərsən ki, tapmışam. O da, razılaşmışdır. Ona sənədlər təqdim edildikdə o, hüquqlarının müdafiəsi üçün vəkil X1, vəkili gəldikdən sonra təhqiqatçının otağında videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, polislərdən qorxduğundan videoçəkiliş zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən az əvvəl Bəhruz adlı polis əməkdaşının ona verdiyi bir bükümdə narkotik vasitə heroini təqdim edib tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış və başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamış, əynində olan qara rəngli şalvarın sağ yan cibindən ona məxsus Redmi9A markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən olunduqdan sonra bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Ekspertiza rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, polis əməkdaşı Bəhruz tərəfindən üzərinə qoyulmuş narkotik vasitə olan heroinin çəkisi 2,187 qram olmuşdur. Onda heç bir narkotik vasitə olmamış, o, qorxduğu üçün bundan əvvəl protokolda imza etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini onun üzərinə Şirvan polisində işləyən Bəhruz adlı əməliyyatçı qoymuş, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Narkotik vasitədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamış, narkotik vasitədən istifadə etməyindən ailə üzvlərinin və ya yaxınlıqda yaşayan qonşularının xəbəri olmamışdır. O, arada tapanda yalnız narkotik vasitə olan marixuanadan istifadə etmiş, narkotik aludəçisi olmamış, tapanda bir siqaretlik marixuanadan istifadə etmişdir. Lakin buna baxmayarq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Sonda Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və ibtidai istintaq davam etdirilməsi, 31 mart 2023-cü il tarixli qərarla Şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi, Şəxs dərhal saxlanıldığı Şirvan ŞPŞ-nin MSYdən həbsdən azad edilməsi və qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi, Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib istifadə etməsi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətini yaratdığından onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə verilməsi, Şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair Şirvan şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli 4(032)-136/2023 nömrəli xüsusi qərarı əsasında Şirvan şəhər prokurorluğunda, Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajoru, X4 tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı nəzərə alınması və həmin xüsusatlar özünü müdafiə xarakteri daşıdığına görə əsassız olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərar alınmışdır. İnzibati iş materiallarına əlavə edilmiş cinayət işinin icraata götürülməsi barədə, cinayət əməlinin tövsif edilməsi barədə qərarlardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şəxs üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə heroin olmuşdur, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18/360 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində ekspertizaya təqdim edilmiş olan maddi sübut heroindir. Lakin məhkəməyə təqdim edilmiş olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istifadə etdiyi narkotik vasitə marixuana olduğu qeyd edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokolla şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi zamanı aşkar edilmiş olan narkotik vasitələr fərqlidir. Həmçinin məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən narkotik vasitələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış narkotik xassəli bitkilər, xammallar, təbii və ya süni vasitələr, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır, psixotrop maddələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun İ siyahısında Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, İİ siyahısında Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, İİİ siyahısında Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və İV siyahısında Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar öz əksini tapmışdır. Bundan başqa, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələrin, İİ siyahısında psixotrop maddələrin hədləri öz əksini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin dispozisiyasından görünür ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan Şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlak etməsi müəyyən olunmur, barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata hissəvi xitam verilərək sonuncunun qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib istifadə etməsi halı vardır. Halbuki tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin orqanizmində aşkarlanan vasitələrin və psixotrop maddələrin növü, miqdarı və təxmini istehlak etmə vaxtı təyin oluna bilər. Bu barədə isə inzibati xəta haqqında işə hər hər hansı bir sübut əlavə edilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işdə olan sübutlarla barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar