Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-914/2025 24.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağaqasım oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Prokurorluğunun nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1960-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, evli, Şirvan şəhəri Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri Xəqani küçəsi ev 462 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi İnzibati xəta hqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, vəzifəli şəxs - Şəxs "xxxx" ASC-nin X8 və Satışı İdarələrinin Rayon Elektrik şəbəkələrinin balans şöbəsində nəzarətçi mühəndisi vəzifəsini icra edərkən texniki təhlükəsizlik və əməyin mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş vəzifəli şəxs kimi "xxxx" ASC-nin rəisi tərəfindən 2018-ci ilin dekabr ayı tarixində təsdiq edilmiş "xxxx" ASCnin X8 və Satışı İdarələrinin Rayon Elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə Təlimatı”na uyğun olaraq işçilərin əməyinin mühafizəsi və təhlükəsizlik texnikasının normalarına və qaydalarına riayət etməli, eyni zamanda texniki istismarın səviyyəsinə nəzarət etməli və azaldılması üçün müvafiq təkliflərini verməli, şəbəkəyə qoşulmuş qurğularda halların tənzimlənməsi və müvafiq tədbirlərin görülməsi, şəbəkəyə qoşulmuş avadanlıqlar barədə aparat məlumatlarının təhlil edilməsi, şəbəkə işlərinin qanunvericiliyə uyğun təhlükəsizlik və texniki istismarının norma və qaydalarına əməl edilməsini təmin etməli idi. "xxxx" Media MMC-nin işçisi X9 xx.xx.2025-ci il tarixdə elektrik qurğusunda işlər görərkən baş verən partlayış nəticəsində az ağır xəsarət almış və AR İXM-in 198.3-cü maddəsi ilə bağlı material toplanmışdır. Araşdırma zamanı xüsusatlara hadisə yerinə baxış protokolu, "xxxx" ASC-nin rəisi tərəfindən 2018-ci ilin dekabr ayı tarixində təsdiq edilmiş "xxxx" ASC-nin X8 və Satışı İdarələrinin Rayon Elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatları”, şahid ifadələri, X4, X3 izahatları, ekspert rəyləri və digər sənədlər də daxil edilmişdir. Materiala əlavə edilmiş 02 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verən gün əraziyə baxış keçirilmiş, hadisə yerinin Şirvan şəhəri, Energetik küçəsində yerləşən 9 saylı yaşayış binasının 2-ci mərtəbəsi ilə 3-cü mərtəbəsi arasında yerləşən sahədə olduğu müəyyən edilmişdir. Enerji paylanma blokunun qutusunun sadəcə mətfil ilə bağlandığı müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs izahatında qeyd etmişdir ki, 2018-ci ildən Şirvan RTSİ X5 nəzarətçi mühəndisi vəzifəsində çalışır. Onun vəzifə funksiyası 5 saylı hava xəttinə aid olan ərazilərdə enerji talanması, enerji istifadəsinə nəzarət etməkdir. İşçilər qəzalı vəziyyəti aradan qaldırarkən enerji paylanma blokunun qapısını metal mətfil ilə bağlayıb getmişlər. Hər ayın 1-10 tarixlər arasında nəzarətçi mühəndislər bütün yaşayış binalarında elektrik paylanma bloklarında oxunmaları həyata keçirir. Enerji paylanma blokunun qapısının mətfil ilə bağlanmasının səbəbi mətfilə bağlanmağın daha rahat olması və hər hansı bir qəza baş verən zaman rahat açıla bilməsidir. Başqa səbəb yoxdur. X9 izahatında göstərmişdir ki, 2017-ci ildən "xxxx" Media TV-city şirkətində texnik vəzifəsində çalışır. 02 iyun 2025-ci il tarixdə Şirvan şəhəri, Energetik küçəsində yerləşən yaşayış binasında öz xidməti vəzifəsindən irəli gələrək elektrik paylayıcı qurğuda boşalmış işıq naqilləri bərkidilmək üçün naqillərə toxunmuş, yaranmış qığılcım nəticəsində partlayış baş vermiş və yanğın olmuşdur. İş yerində ona heç bir təhlükəsizlik təlimatı izah edilməmişdir. Lakin əvvəllər işıq idarəsində işlədiyi üçün elektrik naqilləri ilə işləmək lazım olduğu halda bu işlər onun tərəfindən həyata keçirilmişdir. X6 izahatında göstərmişdir ki, 2024-cü ildən Şirvan RTSİ X5 rəisi vəzifəsində çalışır. Onun vəzifə funksiyası enerji alış-satışına, istifadəsinə nəzarət etməkdir. X10 adlı işçi Şirvan RTSİ X5 mühəndisidir və sözügedən əraziyə o nəzarət edir. Hər ayın 1-dən 10-na qədər nəzarətçi mühəndislər bütün yaşayış binalarında elektrik paylanma bloklarında oxunmaları həyata keçirir. 02 iyun tarixdə baş vermiş qəzaya qığılcım nəticələri olaraq işçi Əli təlimatlandıraraq hadisə yerinə göndərmişdir. Araşdırma zamanı MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli, 317 №-li rəyində göstərilmişdir ki, X4 bədənində aşkar edilmiş xəsarətlər - üzün, boyunun, döş qəfəsinin ön səthinin bir hissəsinin, qarının yuxarı hissəsi və hər iki yuxarı ətraflarda İ- İİ dərəcə yanıq sahələri yüksək hərarətin (alovun) yerli təsirindən törəmiş, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixdə naqillərdə yaranmış nasazlıq səbəbindən baş vermiş yanğına uyğun gəlmiş, həmin xəsarətlər sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilmişdir. Araşdırma zamanı materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Əmək təhlükəsizliyinin tədqiqatı ekspertizasının” rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar, Elektrik təhlükəsizliyi. Ümumi tələblər”. 12.1.019-79 DST-nin (Dövlət standartına) 3.4.1-ci bəndinin və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 3.15-ci bəndinin tələbi pozulmuşdur ki, bu da baş vermiş hadisənin səbəbi olmuşdur. "xxxx" MMC-də texnik vəzifəsində işləyən X9 gördüyü işdən kənar olmaqla "xxxx" ASC-yə aid olan elektrik sayğaclarının yerləşdiyi elektrik qutusuna, həmin qutuya elektrik enerjisinin verilişi dayandırılmadan qutunun cərəyandaşıyıcı hissələrinə müdaxilə etməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Elektrik təhlükəsizliyi. Ümumi tələblər. 12.1.019-79 DST-nin (Dövlət standartına) 3.4.1-ci bəndinin tələbi X4 özü tərəfindən pozulmuşdur. Hadisənin baş verdiyi Şirvan şəhəri, Energetik küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində "xxxx" ASC-yə aid olan elektrik sayğaclarının yerləşdiyi elektrik qutusunun qapısının mövcud qaydaların tələbinə uyğun olaraq açar əvəzinə məftillə bağlı saxlanıldığına görə, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 3.15-ci bəndinin tələbi, "xxxx" ASC-nin X5 vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(-lar) tərəfindən pozulmuşdur (konkret şəxs(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olubolmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Tədqiq olunan materiallar əsasında vəzifəli şəxs Şəxs barəsində Azərbaycan respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin istintad etdiyi hüquq normaları : Azərbaycan Respublikası İXM-in Maddə 198. Əməyin mühafizəsi qaydalarının pozulması 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə; 198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görəbeş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 198.2. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3. Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası demokratik dəyərlərə, qanunun aliliyinə və ədalətə əsaslanan hüquqi, dünyəvi dövlət olaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini öz ali məqsədi elan etmişdir. Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnzibati Xətalar Məcəlləsi Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır (İnzibati Xətalar Məcəlləsinin 1.2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsi). İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipi xüsusi əhəmiyyətə malikdir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Qanunçuluq prinsipinin əsasını hüquq prinsiplərini, ümuminsani dəyərləri, sosial inkişafın obyektiv tendensiyalarını müvafiq şəkildə əks etdirən qanunvericilik təşkil edir. Bu prinsip inzibati xətalara dair iş üzrə icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, qanunvericilik aktlarının, o cümlədən İnzibati Xətalar Məcəlləsinin müddəalarının birmənalı və düzgün müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. İstənilən hüquqpozma və onun törədilməsinə görə sanksiya qanunla elə dəqiq müəyyən edilməlidir ki, məhkəmə təfsiri vasitəsilə hər kəs öz hərəkətinin və ya hərəkətsizliyinin inzibati-hüquqi nəticələrini görə bilsin. Qanunverici tərəfindən müxtəlif ictimai münasibətlərin və onlardan irəli gələn hüquqi məsuliyyətin tənzimlənməməsi son nəticədə həmin münasibətlərin subyektlərinin hüquq və vəzifələrinin həcminin müəyyən edilməsinə mənfi təsir göstərə bilər. Bu isə öz növbəsində bir çox hallarda əsassız olaraq hüquqların məhdudlaşdırılmasına, vəzifələrin yerinə yetirilməməsinə, hüquqazidd hərəkətlərin törədilməsinə görə məsuliyyətin yaranmamasına yol verir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 25 dekabr tarixli Qərarı). Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, "xxxx" MMC-nin texniki işçisi X9 xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri, Energetik küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində "xxxx" ASC-yə məxsus elektrik sayğaclarının yerləşdiyi paylayıcı qutuya elektrik enerjisi kəsilmədən müdaxilə etmiş, naqillərə toxunması zamanı qığılcım yaranaraq partlayış və yanğın baş vermiş, nəticədə sağlamlığına “az ağır zərər” dərəcəsində xəsarət yetirilmişdir. Ekspert rəyinə görə xəsarət yanğının lokal termiki təsirindən əmələ gəlmiş, əmələgəlmə vaxtı xx.xx.2025-ə uyğundur. Eyni zamanda “Əmək təhlükəsizliyinin tədqiqatı ekspertizası”nın rəyində göstərilir ki, “Elektrik təhlükəsizliyi. Ümumi tələblər” 12.1.019-79 DST-nin 3.4.1-ci bəndinin tələbi (cərəyan-daşıyıcı hissələrə gərginlik altında toxunmamaq, işlər yalnız gərginlik tam çıxarıldıqdan sonra aparılmalıdır) zərərçəkmiş Kərimov tərəfindən pozulmuş, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 3.15-ci bəndinin tələbi (paylayıcı qurğuların qapılarının açar mexanizmi ilə kilidlənməsi və s.) "xxxx" ASC-nin aidiyyətli əməkdaş(lar)ı tərəfindən pozulmuşdur. Konkret məsul şəxsin kimliyinin istintaqla dəqiqləşdirilməli olduğu ayrıca vurğulanmışdır. X1 və X7 məsuliyyət hüququ nəzəriyyəsində məsuliyyətin əsasını iki cür anlayış təşkil edir: formal və maddi tərkib. AR İXM-in 198.1-ci maddəsi tipik bir formal məsuliyyət normasıdır. Burada cəzanın əsas obyekti, vəzifəli şəxs tərəfindən əməyin və təhlükəsizliyin mühafizəsi qaydalarının pozulması faktıdır. Məsuliyyət üçün zərərli nəticənin baş verməsi və ya onunla səbəb əlaqəsinin olması mütləq şərt deyildir. Norma, potensial təhlükə yaradan davranışın özünü cəzalandırmaqla cəmiyyəti qorumaq məqsədini daşıyır. AR İXM-in 198.3-cü maddəsi isə ağırlaşdırılmış halları nəzərdə tutur və subyektiv məsuliyyət prinsipinə söykənir. Bu maddənin tətbiqi üçün mütləq iki şərt bir arada olmalıdır:
1. Zərərli Nəticə: Pozuntunun nəticəsində şəxsin sağlamlığına "az ağır zərər" dəyməlidir.
2. Səbəb Əlaqəsi (Causa Causans): Baş vermiş konkret zərər ilə vəzifəli şəxsin konkret əməli (və ya hərəkətsizliyi) arasında birbaşa, qaçılmaz və sübut edilmiş səbəb-əlaqəsi olmalıdır. Bu iş üzrə inzibati məsuliyyət Azərbaycan Respublikası İXM-in 198-ci maddəsi üzrə qiymətləndirilməlidir. Həmin məcəllənin 198.3-cü maddəsinin tərkibinin mövcudluğu üçün aşağıdakı kumulyativ şərtlər sübut olunmalıdır: (a) texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən həmin qaydaların pozulması; (b) məhz bu pozuntu nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərər vurulması; (c) pozuntu ilə nəticə arasında hüquqi baxımdan əhəmiyyətli səbəbli əlaqə; (ç) təqsirin ehtiyatsızlıq formasında mövcudluğu. Qeyd olunanların ayrı-ayrılıqda təhlilini nəzərdən keçirməyi məhkəmə zəruri hesab edir. Vəzifəli şəxs – Şəxs nəzarətçi mühəndis kimi əmək mühafizəsi və texniki istismarın normalarına əməl olunmasına ümumi nəzarət funksiyasını daşıyır. Lakin ekspert rəyi konkret 3.15 tələbinin kim tərəfindən pozulduğunu fərdiləşdirmir, “konkret şəxs(-lər) istintaq tərəfindən müəyyən edilə bilər” qeydini ehtiva edir. Belə şəraitdə 198.3 üzrə fərdi məsuliyyətin (pozuntunu törədən məhz o şəxsin müəyyənliyi) tələbi ödənilmir. İXM-in 3-cü maddəsi və 4-cü maddənin (təqsirsizlik prezumpsiyası, ədalətlilik) tələbləri nəzərə alınmaqla, şübhə “in dubio pro reo” prinsipi üzrə xeyirinə qiymətləndirilməlidir. Səbəbli əlaqə (normativ əlaqə) məsələsinə gəldikdə məhkəmə hüquq elmində zəruri hesab edilən və əmələ hüquqi qiymət verməkdə mühüm rol oynayan səbəbli-əlaqə nəzəriyyələrini təhlil etməyi vacib bilir. - Ekvivalent şərtlər (sine qua non) testi formal tətbiqdə göstərə bilər ki, qapı məftillə deyil, açarla kilidlənmiş olsaydı, hadisə bəlkə də baş verməzdi. Lakin bu test təkbaşına hüquqi əhəmiyyətli səbəbi müəyyən etmək üçün yetərli deyil; çünki hər bir əvvəlgəlmə şərti “səbəb”ə çevrilir və məsuliyyət hədsiz genişlənir. - Adekvat səbəb nəzəriyyəsi tələb edir ki, nəticə tipik və qabaqcadan görülən riskin reallaşması kimi pozuntunun təbii gedişatı sayılsın. Burada zərərçəkmiş Kərimovun (TVprovayderin texniki işçisi) elektrik təsərrüfatına səlahiyyətsiz müdaxiləsi, gərginlik çıxarılmadan cərəyan-daşıyıcı hissələrə toxunması (DST 3.4.1-in açıq pozulması) tipik istehlakçı davranışından fərqli olaraq müstəqil, peşəkar bilik tələb edən və xüsusi riskli hərəkət olub, adekvatlıq baxımından zəncirdə üstün gələn yeni səbəb (novus actus interveniens) kimi çıxış edir. - Normun qoruma məqsədi (Schutzzweck der Norm) testi də tətbiq olunduqda, 3.15in məqsədi icazəsiz daxilolmaları məhdudlaşdırmaqdır. Bununla belə, həmin məqsəd peşəkar biliyə malik üçüncü şəxsin gərginlik altında iş görülməsi kimi qadağan olunmuş davranışı üzərində “mükəmməl təhlükəsizlik zəmanəti” yaratmır; belə davranış üçün ayrıca iş icazəsi, səlahiyyətli razılaşdırma və gərginliyin çıxarılması qaydaları mövcuddur. Deməli, qapının məftillə bağlanması “şərait yaradan” amil olsa da, zərərin birbaşa hüquqi səbəbi Kərimovun müstəqil və ehtiyatsız hərəkətidir. - Riskin reallaşması arqumenti nəzərə alınsa belə, burada riskin reallaşması üçün zəruri olan təyinedici həlqə üçüncü şəxsin qadağan olunmuş peşəkar müdaxiləsidir; bu həlqə zənciri kəsir və nəticənin Əliyevin ehtiyatsız pozuntusuna hüquqi aid edilməsinə imkan vermir. Yuxarıda qeyd edildiyi kimi AR İXM-in 198.3-ü maddəsi nəticəli tərkibdir; nəticənin (az ağır zərər) məhz vəzifəli şəxsin qayda pozuntusundan hüquqi cəhətdən irəli gəlməsi sübuta yetirilməlidir. Yuxarıda göstərilən səbəblərdən bu aidlik sübut olunmamışdır. Bu halda 198.3 üzrə tövsif hüquqi baxımdan əsassızdır. Materiallar (paylayıcı qutunun açarla deyil, məftillə bağlanması; istismar intizamına riayətdə boşluqlar) əməyin mühafizəsi və texniki istismar qaydalarına ümumi riayət edilməməsini göstərir. Bu isə İXM-in 198.1-ində nəzərdə tutulan, nəticə tələb etməyən pozuntu tərkibinə uyğundur. Nəzarətçi mühəndis kimi Əliyevin vəzifə təlimatında (əmək mühafizəsi normalarına riayətə nəzarət, texniki istismarın səviyyəsinə nəzarət və çatışmazlıqların azaldılması üçün təkliflər vermə) nəzərdə tutulmuş öhdəliklərin lazımi səviyyədə icra olunmadığını göstərən sübutlar mövcuddur. Lakin nəticənin hüquqi aid edilməsi sübuta yetirilmədiyindən AR İXM-in 198.3-cü maddəsi deyil, 198.1-ci maddəsi tətbiq edilməlidir. AR İXM-in 1.2, 2, 3, 4 və 6-cı maddələri, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hüquqi mövqeyi məhkəmədən inzibati məsuliyyətin yalnız tam sübut olunmuş tərkib elementləri əsasında tətbiqini, normativ müəyyənlik və təfsirdə dəqiqliyi tələb edir. Nəticəli tərkibdə (198.3) səbəbli əlaqə şübhə doğurduqda daha yüngül və nəticəsiz tərkibə (198.1) keçid qanunçuluq və ədalətlilik prinsiplərinə uyğundur. Toplanmış sübutlar və səbəbli əlaqə nəzəriyyələrinin tətbiqi əsasında məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan nəticəli inzibati xəta tərkibi sübuta yetirilməmişdir; zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması onun özü tərəfindən DST 12.1.019-79, b.3.4.1 tələblərinə zidd olaraq gərginlik altında müdaxilə etməsi ilə birbaşa əlaqədardır və bu hal hüquqi baxımdan səbəb zəncirini kəsir. Bununla belə, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 3.15-ci bəndinə əməl edilməməsi və texniki istismar intizamında boşluqlar əməyin mühafizəsi qaydalarının ümumi pozuntusu kimi qiymətləndirilməli, əməl İXM-in 198.1-ci maddəsi üzrə tövsif edilməlidir. Məhkəmə prokurorluq orqanı tərəfindən qıfıl olmamasını baş vermiş nəticə ilə səbəbli əlaqə olaraq qiymətləndirməsinə dair mövqeyinə dair münasibətini xüsusi olaraq vurğulamaqla qeyd edir ki, bu işdə səbəbli əlaqənin hüquqi mənada mövcudluğu yalnız faktiki ardıcıllığın yox, həm də nəticənin hüquqi aid edilməsinin (objektiv imputasiya) sübuta yetirilməsini tələb edir. İnzibati məsuliyyətin tətbiqi üçün, pozuntu ilə nəticə arasında əlaqə normanın qoruma məqsədi, adekvatlıq, novus actus interveniens (yeni, müstəqil müdaxilə) və öz-məsuliyyət (Eigenverantwortung) meyarları baxımından qiymətləndirilməlidir. “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 3.15-ci bəndi paylayıcı qutuların açar mexanizmi ilə kilidlənməsini tələb etməklə əsasən icazəsiz, təsadüfi və ya məişət səviyyəsindəki müdaxilələri çətinləşdirməyi hədəfləyir. Normanın qoruma dairəsi, peşəkar biliyə malik üçüncü şəxsin gərginlik çıxarılmadan cərəyandaşıyıcı hissələrə bilavasitə müdaxilə etməsi kimi qadağan edilmiş yüksək riskli davranış nəticəsində yaranan zərəri avtomatik olaraq “kilidsizlik” pozuntusuna hüquqi cəhətdən aid etmir. Yəni qıfıl tələbi “tam təhlükəsizlik zəmanəti” yaratmır; gərginliyin çıxarılması, iş icazəsi (naradnoy dopusk) və operativ-texniki razılaşdırma qaydaları ayrı-ayrı təhlükəsizlik baryerləridir. Nəticə məhz bu əsas baryerlərin pozulması ilə reallaşıb. Əgər paylayıcı qutunun qapısı açarla kilidlənmiş olsaydı belə, peşəkar texniki işçi ya səlahiyyətli şəxsi cəlb edib qutunu açdırmalı, gərginliyi çıxarmalı idi, ya da qanunsuz yolla daxil olmağa cəhd etməməli idi. Hər iki halda qaydalara uyğun davranış olduqda nəticə baş verməzdi. Qaydalara zidd davranış olduqda isə, səbəb zəncirinin təyinedicisi qapının kilidsizliyi deyil, gərginlik altında iş görmə qərarıdır. Deməli, qıfılın olmaması nəticəni “tipik və qabaqcadan görümlü” şəkildə doğuran başlıca səbəb deyil. Bu, ancaq şərait yaradan (hintergrund) amildir. Hüquqi aidetmə üçün isə “şərait yaradan” amil yetərli deyil. Zərərçəkmiş Kərimovun, xidmət öhdəliyindən kənara çıxaraq, səlahiyyətsiz şəkildə gərginlik çıxarılmadan naqillərə toxunması səbəb zəncirinə yeni və üstün gələn (dominə edən) halqa əlavə etmişdir. Bu halqa əvvəlki hər hansı intizam pozuntusunu (qapının məftillə bağlanmasını) hüquqi baxımdan kölgədə qoyur və nəticəni həmin pozuntuya aid etməyə imkan vermir. Başqa sözlə, Kərimovun peşəkar və müstəqil yanlış qərarı səbəblər zəncirini kəsir. Elektrik təsərrüfatına müdaxilə ixtisas və icazə tələb edir. Kərimovun əvvəl elektrik sahəsində işləməsi barədə izahatı onu daha yüksək diqqətlilik (elevated standard of care) öhdəliyi qarşısında qoyurdu. Gərginlik çıxarılmadan iş görülməməlidir (DST 12.1.019-79, b.3.4.1). Bu kontekstdə hüquq, peşəkarın öz-məsuliyyətini (Eigenverantwortung) birinci yerə qoyur, üçüncü şəxsin qadağan olunmuş risk yaradan davranışı mövcud olduqda, əvvəlki “təşkilati intizam” boşluğu (kilidsizlik) nəticəyə normativ bağ yaratmır. “Əgər qıfıl olsaydı…” adlı hipotetik arqumentin hüquqi dəyərinə gəldikdə isə, Sinequa-non baxışı ilə demək olar ki, qıfıl olsaydı, bəlkə də hadisə baş verməzdi. Lakin bu, sırf faktoloji-şərti (what-if) mülahizədir və hüquqi səbəbli əlaqəni təsbit etmir. Hüquqi qiymətləndirmə “alternativ qanuni davranış” modelini tələb edir: Alternativ qanuni modeldə Kərimov səlahiyyətli şəxs olmadan heç bir halda qutuya müdaxilə etməməli idi; Səlahiyyətli şəxs olduqda isə birinci şərt gərginliyin çıxarılmasıdır. Hər iki qanuni modeldə kilidin olub-olmaması həlledici deyil; həlledici olan qaydaya uyğun prosesin izlənməsidir. Buna görə kilidsizlik nəticənin hüquqi səbəbi sayıla bilməz. Qapıda kilidin olmaması, ən yaxşı halda, riskin fonunu genişləndirən intizam qüsurudur. Lakin reallaşan zərər yalnız gərginlik altında iş görmə qadağasının pozulması ilə mümkün olub. Bu qadağa isə kilidlənmə qaydasından müstəqil və daha spesifik təhlükəsizlik baryeridir. Normativ aidetmə məhz bu spesifik qadağanın pozulmasına yönəlməlidir. Yuxarıdakı meyarlara əsasən “qıfılın olmaması” ilə baş vermiş “az ağır zərər” arasında hüquqi baxımdan əhəmiyyətli səbəbli əlaqə yoxdur. Buna görə də AR İXM-in 198.3 (nəticəli tərkib) üzrə Şəxs məsuliyyətinin şərtləri sübuta yetirilməyib. Aşkar olunan intizam boşluğu (kilidsizlik) və istismar intizamına riayətsizlik nəticəsiz tərkib olan 198.1 üzrə qiymətləndirilməlidir. Qeyd olunan maddədə (198.1.2.) binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Sanksiyanın fərdiləşdirilməsi zamanı (İXM 32-33, ümumi prinsiplər) pozuntunun xarakteri, aradan qaldırılması üçün sonrakı tədbirlər, şəxsin əmək intizamı və müsbət məlumatlar “İş materialları və tətbiq edilən səbəbli əlaqə meyarları əsasında məhkəmə hesab edir ki, paylayıcı qutunun kilidlənməməsi faktı zərərin yaranmasının hüquqi baxımdan əhəmiyyətli səbəbi deyildir və zərər səlahiyyətsiz üçüncü şəxsin gərginlik altında müdaxiləsi ilə reallaşmışdır. Bu səbəbdən Şəxs əməli İXM-in 198.3-cü maddəsindən həmin məcəllənin 198.1-ci maddəsinə üzrə tövsif olunmaqla həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsindən həmin məcəllənin 198.1-ci maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim : Əli İmanov