Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-92/2024 20.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şirvan şəhəri Naxçıvan küçəsi ev 1 ünvanında yerləşən Şəxs MMC-nin (VÖEN : **********) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan küçəsi ev 1 ünvanında yerləşən Şəxs MMC-i 400000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 17 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 2 il müddət keçsə də ,159.200.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 18 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, müəssisənin əsas fəaliyyəti hərbi təyinatlı məmulatların (məhsulların) istehsalıdır. Müəssisədə istehsal prosesi üçün nəzərdə tutulan avadanlıqların bəzisini əldə etmək üçün xarici dövlətlərlə beynəlxalq qanunvericilik çərçivəsində əməkdaşlıq edilir. Buna uyğun 14 adda hərbi təyinatlı məhsulların istehsal prosesi üçün mütləq tələb olunan avadanlıqların əldə olunması istiqmətində Rusiya Federasiyasında fəaliyyət göstərən “Spesmaşininjirinq” (bundan sonra - satıcı şirkət) şirkəti ilə müəssisə arasında 19 iyul 2021-ci il tarixdə xx/xx- 2021 nömrəli müqavilə (bundan sonra - müqavilə) bağlanılmışdır. Müqavilənin şərtlərində, o cümlədən 2.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilənin ümumi məbləği 2 612 100 (iki milyon altı yüz on iki min yüz) ABŞ dolları təşkil edir. Müqavilənin 3.1-ci maddəsində müqavilə məbləğinin 50%-ni alıcı tədarükçüyə müqavilə imzalandığı gündən etibarən 10 (on ) iş günü ərzində, qalan 50%-i ilk ödənişdən 10 (on) iş gününündən sonra ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.4-cü maddəsində qeyd edilmişdir ki, tədarükçü hesablaşma hesabına ödənişin daxil olduğu andan etibarən 24 (iyirmi dörd) ay ərzində malın tədarükə hazırlığı barədə alıcını xəbərdar edəcək. Müqavilənin 4.6-cı maddəsində əks olunmuşdur ki, tərəflərin razılığı ilə malın ayrı-ayrı partiyalarla tədarükü mümkündür (bu onu bildirir ki, 14 müftəlif adlarda olan iri həcmli avadanlıqların hamısını bir dəfəyə və ya qısa müddətdə tədarük edilməsi qeyrimümkündür). Müqavilənin 10.2-ci maddəsində razılaşdırılmışdır ki, müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və tərəflərin bütün öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir (hal-hazırda müqavilə hüquqi qüvvədədir). Müqavilənin şərtlərinə əsasən müəssisə tərəfindən öhdəlik tam yerinə yetirilsə də satıcı şirkət tərəfindən qismən yerinə yetirilib. Belə ki, qeyd edildiyi kimi avadanlıqların hamısının eyni vaxtda göndərilməsi imkan xaricində olduğu səbəbindən hissə-hissə tədarük olunur, o cümlədən müqavilənin tərkib hissəsi sayılan 1 saylı əlavədə nəzərdə tutulan avadanlıqların 4 ədədi ( BRM-İ; BRM-2; VCM-6; VCM-7) ölkəyə idxal edilərək müəssisəyə çatdırılmışdır (gömrük sənədləri mövcuddur). Digər 10 adda olan avadanlıqların göndərilməsi istiqamətində də satıcı şirkət zəruri tədbirlər həyata keçirir. Bankın protokolunda qeyd edilmişdir ki, vəsaitin xarici ölkəyə köçürülməsindən iki il müddət keçsə də, müəssisə alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bankın protokolu ilə razılaşmayaraq qanunsuz və əsassız hesab edirlər. Buna görə ki, müqavilənin hüquqi qüvvəsi bugünədək qüvvədədir və nəzərdə tutlan avadanlıqların (xidməti mallar) ödəniş olunduqdan sonra 4 adda olanı ölkəyə idxal edilmişdir. Bankın əməkdaşı protokolu tərtib edərkən bu kriteriyaları nəzərə almamış, nəticə də qanunsuz və əsassız protokol tərtib etmişdir. Məhkəmə tərəfindən bunlar nəzərə alınmalıdır, eyni zamanda zavodun xüsusi əhəmiyyətli, hərbi təyinatlı məmulatlar istehsal edən dövlət müəssisəsi olması əsas tutularaq müəssisə barəsində cərimə tədbiq edilməməsi məqsədə müvafiq hesab edilməlidir. Həmçinin müəssisəyə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmır, müəssisə öz təsərrüfat hesabına maliyyələşən zavoddur. Bu halda cərimə tətbiq edilməsi müəssisənin maliyyə durumunda ciddi çətinliklər yaradacaq. bankının daxili qərarı ilə təsdiq edilmiş rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3-cü bəndin pozuntusu inzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cəzalandırılır. Ancaq son zamanlarda bu məsələ ilə bağlı etirazlar artmaqdadır. Malların idxalı üçün qoyulan müddətin bir çox hallarda kifayət edmədiyi bildirilir. Təbii ki, bu sahədə müəyyən boşluqlar mövcuddur. Müəyyən olunan müddət bir çox hallarda tərəflərdən asılı olmayan səbəblərə görə uzanır. Bankın əsas vəzifəsi ölkədən çıxan valyutanın qarşılığının olmasına nəzarət etməkdir. Qanunda qeyd olunur ki, avans yolu ilə ödənilmiş pulun müqabilində ölkəyə ya mal gəlməlidir, ya da xidmət göstərilməlidir. Yəni müəyyən olunmalıdır ki, bu pul ölkədən niyə çıxıb, təyinatı nədir və onun müqabilində ölkəyə nə gəlib? Bankın qaydaları ilə müəyyən edilmiş gün ərzində ölkədən çıxan pulun qarşılığında mal gəlmirsə, xidmət göstərilmirsə, banka görə artıq qaydalar pozulur və həmin hüquqi və ya fiziki şəxs inzibati xəta törətmiş hesab olunur, bank inzibati xəta haqqında protokol tərtib edir və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Burada məhkəmə tərəfindən müəyyən faktorların nəzərə alınması zəruridir. Çünki elə məhsullar var ki, sifariş verildiyi gündən başlayaraq onların istehsal olunması uzun müddət tələb edir. Məsələn, hər hansı sənaye məhsulunun hazırlanması bəzən 1 və 2 ildən çox çəkə bilər. Yəni müəyyən edilmiş müddət keçmiş ola bilər. Bunlar tərəflərdən asılı olmayan səbəblərdir, idxal olunan məhsulların təsnifatı aparılmalı və qoyulan müddət buna uyğun olaraq müəyyən edilməlidir. Bəzi məhsulların idxal prosesinin tələb etdiyi müddət nəzərə alınmalıdır. Bəzi mallar xammal yox, hazır məhsul formasında olur. Xammaldan hazır məhsulun düzəldilərək Azərbaycana gətirilməsi xeyli vaxt tələb edir. Yəni müəyyən olunan müddət keçmiş olur. Bu tərəflərdən asılı olmayan haldır. Bununla bağlı yaranan problemlər Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin nüfuzuna xələl gətirir, çünki xaricdən olan partnyorlar malların Azərbaycana gətirilməsi üçün nəzərədə tutulan müddətin qoyulmasını neqativ hal kimi qarşılayırlar. Belə sanksiyalar onlar tərəfindən anlaşılmazlıq kimi qəbul olunur. Ona görə də gələcəkdə maliyyə sanksiyalarının və ya cərimələrin tətbiqi ilə bağlı qərar verərkən bu amillər nəzərə alınmalıdır. Bankın bununla bağlı qaydaları birmənalıdır. Həmin qaydalar hazırlanarkən təəssüf ki, istehsalat müəssisələrinin, bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmayıb. Məsələyə çox formal yanaşılıb. Yaranan probemin də hamısı buna görədir. Bəzən xaricdən gətirilən mallar barədə müqavilələrin şərtləri elə olur ki, o malların hazırlanması 2 il və ya daha uzun müddət tələb edir. Dövlət üçün müəyyən xidmətlər həyata keçirən təşkilatlar əsassız yerə cərimələnirlər. Bu boşluqlar aradan qaldırılmalıdır. Ümumiyyətlə, Gömrük Məcəlləsində idxal anlayışının izahı verilməyib. Tutaq ki, vergi dedikdə dövlət tərəfindən tutulan məcburi ödəniş nəzərdə tutulur. İdxal, ixrac anlayışları isə bu cür izah olunmayıb. Hesab edirik ki, real təcrübədə yaranmış problemlərlə əlaqədər bank tərəfindən qoyulan müddət ümumi müəyyən olunmamalıdır, idxal olunan malların təsnifatı aparılmalı və ona uyğun müəyyənləşdirilməlidir. Cənab Prezidentin ölkənin sosial-iqtisadi rifahının yüksəlməsi istiqamətində atdığı addımlara kölgə salınmamalıdır. Həm müddət uzadılmalıdır, həm də məhkəmələr dövlət başçısının göstərişini başqa istiqamətə yozmamalıdırlar. Onlar obyektiv araşdırmanı təmin etməldirlər. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Şəxs MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan müəssisə kimi nizamnaməsində göstərilən hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur və nazirliyin qabaqcıl müəssisələrindən biri kimi fəaliyyət göstərir. Müəssisədə istehsal olunan məhsullar ( hərbi təyinatlı məmulatlar) dövlətin müdafiəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Şəxs MMC-nin strateji əhəmiyyətli dövlət müəssisəsi olması, zavodun nizamnaməsində göstərilən məhsulların istehsalı ilə məşğul olması, istehsal olunan məhsulların dövlətin müdafiəsi üçün çox mühüm əhəmiyyət kəsb etməsi, zavodun maliyyə vəziyətinin müvəqqəti olaraq ağır olması məhkəmə tərəfindən nəzərə alınaraq bankın tərtib etdiyi protokolun ləğv edilməsi və müəssisə barəsində cərimə tətbiq edilməməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC-i tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 100/03-94 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC (bundan sonramüəssisə) ilə Rusiya Federasiyasında fəaliyyət göstərən «Speşmaşininjirinq» şirkəti (bundan sonra - «Tədarükçü») arasında qarşılıqlı bağlanmış və hazırda qüvvədə olan xx/xx-2021 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müqavilənin tərkib hissəsi sayılan 1 saylı əlavədə nəzərdə tutulan avadanlıqların ölkəyə (müəssisəyə göndərilməsi üzrə) idxal edilməsi istiqamətində müqavilənin şərtlərinə uyğun "Tədarükçü" nün hesablaşma hesabına müxtəlif vaxtlarda ödəniş olunmuş və olunan ödənişin qarşılığında müəyyən avadanlıqlar (4 ədəd avadanlıq) ölkəyə idxal edilmişdir. Bunlar aşağıdakı kimidir :
1. Müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdə 400 000,00 ABŞ dolları «Tədarükçü»nün hesabına köçürülmüş və «Tədarükçü» öz növbəsində 01.11,2022-ci il tarixdə 99 300,00 ABŞ dolları məbləğində 1 ədəd « Vibrosirkulyasiya qurğusu” nu (model VCM-7 Vibrosirkulyasiya qurğusu kimyəvi emal üçün nəzərdə tutulmuşdur) ölkəyə idxal etmişdir.
2. Müəssisə tərəfindən xx.xx.2021- ci il tarixdə 250 000,00 ABŞ dolları; xx.xx.2021- ci il tarixdə 356 000,00 ABŞ dolları; xx.xx.2021-ci il tarixdə 300 050,00 ABŞ dolları «Tədarükçü»nün hesabına köçürülmüş və «Tədarükçü» öz növbəsində 03.11 2022-ci il tarixdə 3 ədəd qurğunu 141 500,00 ABŞ dolları məbləğində «GÜLLƏ TƏMİZLƏMƏ MAŞİN!» (model BRM-1 Güllə sürtmə maşını qrafitləşdirmənin texnoloji əməliyyatını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur “2 ədəd”) və « Vibrosirkulyasiya qurğusu »nu (model VCM-6 - Vibrosirkulyasiya qurğusu yumşalma əməliyyatından əvvəl iş hissələrini avtomatik rejimdə (yuyulma) kimyəvi emal üçün nəzərdə tutulmuşdur “1 ədəd”) ölkəyə idxal etmişdir. Tədarükçü “Spesmaşininjirinq” Səhmdar Cəmiyyəti ilə Şəxs MMC arasında bağlanmış xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilədə göstərilmişdir ki, müqavilənin ümumi məbləği 2612 100 ABŞ dolları təşkil edir. Müqavilə məbləğinin 50%ni Alıcı Tədarükçünün təqdim etdiyi hesab əsasında avans ödənişi ilə bu müqavilə imzalandığı gündən etibarən 10 bank günü ərzində, qalan 50%-i ilk ödənişdən 10 bank günündən sonra ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən Tədarükçü malı hazırlayacaq və avans ödənişin Tədarükçünün hesablaşma hesabına daxil olduğu andan etibarən 24 ay ərzində malın tədarükə hazırlığı barədə alıcını xəbərdar edəcək. Şəxs MMC tərəfindən “Spetsmaşininginirinq” SC-nin baş direktoru Mixail Aleksandroviçə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx/xx- 2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən Təchizatçı avans ödənişin onun hesablaşma hesabına daxil olduğu andan sonra 24 ay ərzində malı çatdırılmaya hazır vəziyyətə gətirərək, alıcını bu barədə məlumatlandırmalıdır. Ödəniş 2021-ci ilin dekabr ayında tam edilmişdir. Bununla əlaqədar olaraq təşkilat malı tam həcmdə almadığına görə bankla problemlər yaranmışdır. “Spetsmaşininjinirinq” Səhmdar Cəmiyyətinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, müqavilə üzrə çatdırılma müddəti avans ödənişinin Təchizatçının hesablaşma hesabına daxil olduğu andan sonra 21 ay kimi müəyyən edilib. xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə avans ödənişin köçürülməsi xx.xx.2021-ci il tarixdə, 400000.00 ABŞ dolları olmuşdur. xx/xx- 2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə uyğun olaraq son ödəmə tarixi və malın son çatdırılma tarixi xx.xx.2024-cü ildir. Bununla bağlı avadanlıq son hazırlıq mərhələsindədir. xx.xx.2023-cü il tarixindən sonra xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin spesifikasiyasının 8 mövqeyindən ibarət hazır məhsulu hərbi təyinatlı məhsul kateqoriyasına aid olub-olmaması və müvafiq rəyin verilməsi məqsədi ilə hərbitexniki əməkdaşlıq üzrə Federal xidməti tərəfindən baxılma mərhələsindədir. "xxxx" ASC-in 29 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrə dair cədvəldə göstərilmişdir ki, Telemexanika zavodu” MMC-i xx.xx.2021-ci il tarixdə 400000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından Rusiya Federasiyasında fəaliyyət göstərən “Spesmaşininjirinq” qabacaqdan köçürülmüş, 159.200.00 ABŞ dolları məbləğində bəyan olunmayan məbləğ qalmışdır. Təmsilçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi ilə sifarişçi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Şəxs MMC arasında xx.xx.2022-ci il tarixdə, 024-Ş nömrəli elektron sənəd mübadiləsi yolu ilə Gömrük rəsmiləşdirilməsi üçün təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Qısa idxal bəyannamələrindən görünür ki, “Spetsmaşininginirinq” SC-dən xx.xx.2022-ci il tarixdə 99300,00 ABŞ dolları məbləğində vibrosirkulyasiya qurğusu, xx.xx.2022-ci il tarixdə 54000.00 ABŞ dolları məbləğində güllə təmizləmə maşını sifariş edilmişdir. Gömrük bəyannaməsindən görünür ki, “Spetsmaşininginirinq” Səhmdar Cəmiyyəti Şəxs MMC-yə xx.xx.2022-ci il tarixdə invoys dəyəri 99 300,00 ABŞ dolları olan “Vibrosirkulyasiya Qurğusu”, xx.xx.2022-ci il tarixdə isə invoys dəyəri 54 000,00 ABŞ dolları olan “Güllə sürtmə” maşını tədarük etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, müdafiə təyinatlı məlumatların istehsalı məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC ilə Rusiya Federasiyasının "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx/xx-2021 nömrəli kontrakta əsasən xx.xx.2022-ci il tarixli 15,19 və 20 nömrəli hesab-fakturalar üzrə ümumi dəyəri 141500,00 ABŞ dolları olan avadanlıqlar Şəxs MMC-nin ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli qərarına əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyinə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərinə adekvat olaraq səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin təqsirləndirildiyi müvafiq maddə ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsiri, qorunan ictimai münasibətlərə qarşı edilən qanunsuz əməlin qəsdi müəyyən edilməli, baxılan əməlin inzibati xəta kimi xarakteri tədqiq edilməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslər öz sahibkarlıq fəaliyyətlərini həyata keçirərkən idxal və ixrac etdikləri malların, gördükləri işlərin və xidmətlərin müqabilində vəsaitlərin qanunla nəzərdə tutulmuş müddətlər çərçivəsində dövriyyəsini şəxsin iradəsindən asılı olmayan səbəblərdən – hazırki iş üzrə məsələn qarşı tərəfin öhdəliyini gecikdirməsi, vaxtında icra etməməsi kimi hallardan qaynaqlanır və nəticədə qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zamana başa gəlir. Baxılan işin faktiki hallarından görünür ki, Şəxs MMC müqavilə bağladığı xarici şəxs ilə müqavilənin predmeti və mahiyyətindən irəli gələn bir çox işləri görmüş, malları idxal etmiş, müəyyən qismi isə hazırda qarşı tərəfin özünün yazışmasında qeyd etdiyi kimi hərbi təyinatlı məhsul kateqoriyasına aid olub-olmaması və müvafiq rəyin verilməsi məqsədi ilə hərbi-texniki əməkdaşlıq üzrə Federal xidməti tərəfindən baxılma mərhələsindədir. Qeyd olunanlar Cəmiyyəti passiv davranışda günahlı bilib, xaricə “təyanatsız və ya yalan təyinatla valyuta köçürməkdə” ittiham etmək üçün kifayət qədər tutarlı səbəblərin olmadığına dəlalət edir. Həmçinin məhkəmə hesab edir ki, yalnız idxal hesablaşmalarına dair müddət tələbinə əməl edilməməsi meyarına əsasən mövcud vəziyyəti qiymətləndirib şəxsi inzibati qaydada tənbehləmək qanunun ədalət prinsipinə xələl gətirə bilər. Məhkəmənin sadəcə inzibati protokol və artıq qeyd edildiyi kimi səlahiyyətli orqanın şəxsin təqsirli bilinməsinə dair valyutanın hərəkəti barədə müəyyən edilmiş müddət məhdudiyyətindən kənara çıxması əsasları ilə barəsində maddədə nəzərdə tutulmuş yüksək məbləğdə cərimənin hesablanaraq tutulması, bununla da sonuncunun maliyyə vəziyyətinin pisləşməsi, idxal edilməsi nəzərdə tutulan hərbi təyantlı mallardan gələcəkdə faydalı istiqamətdə istismarının da qarşısının alınması ilə bərabər hazırki inzibati protokola baxılmasına da formal mövqedən yanaşmaq deməkdir. O cümlədən Şəxs MMC-in Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan xüsusi əhəmiyyətli dövlət müəssisəsi olmasını və dövlət sifarişi əsasında hərbi təyinatlı məhsullar istehsal etməsini, müqavilə əsasında nəzərdə tutulan malların ölkəyə gətirilməsində mövcud olan gecikmənin üzürlü səbəbdən olmasını, müqavilənin şərtlərinə əsasən müəssisə tərəfindən öhdəlik tam yerinə yetirilsə də satıcı şirkət tərəfindən qismən yerinə yetirilməsini, dəzgahların əksəriyyətinin artıq Şəxs MMC-yə gətirilib quraşdırılaraq istifadəyə verilməsini məhkəmə diqqətdən qaçırmır. Beləliklə, məhkəmə bütün fikirləri ümumiləşdirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil, yəni inzibati xəta haqqında protokolda göstərilən inzibati hüquqpozma məhkəmə iclasında öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub,
qərara aldı:
Şəxs MMC barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aydan Məmmədli