Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-92/2025 04.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin baş məsləhətçisi X3 iştirakı ilə, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şirvan-Salyan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəis müavini X5 “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə MN ******* nömrəli 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməməsi faktı aşkar olunmuşdur. Bununla da səlahiyyətli orqan tərəfindən “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin baş məsləhətçisi X6 izahatında bildirmişdir ki, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək məcəlləsinin 225-ci maddəsinə əsasən X1 və X7 ilə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi aralarında “işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi” hallarından icbari sığortalanması təmin edilməməsi faktı dövlət orqanlarının elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə edilmiş məlumatlar və əməyin sosial-hüquq məsələlərinə (DƏMX) nəzarət şöbəsinin xidməti məruzəsi ilə təsdiq edilmişdir. Göstərilənlərə əsasən protokolu müdafiə edərək, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-2358/2025 saylı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinə ünvanlanmış məktubdan görünür ki, sözügedən İctimai Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokulun tərtib olunmasında iştirak edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə (Salyan şəhəri, H.Əliyev 107 A, *** *** ** **, 012 ***-**** daxili 6271 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuş, həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı təqdim olunması təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-6280/2025 saylı məktubda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində aparılan təhlil zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulan Birliyin işçiləri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları” ndan icbari sığorta olunmamışlar. Odur ki, yol verilən qanun pozuntusuna görə Sizin barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2 maddəsinə uyğun olaraq 23 yanvar 2025ci il tarixdə müvafiq olaraq MN 21227768 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də mövcud qanunvericiliyə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol Sizin ünvanınıza göndərilir. İş materiallarına əlavə edilmiş “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi ilə X7 arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyində köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi ilə X1 arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyində əlavə lahiyə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXVİ fəslinə aid edilmiş İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan xətalardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “j” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1ci bəndinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 2.0.1 və 2.0.2-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Həmin Qanunun 7.2.1-ci bəndinə görə sığortalının bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi vardır. Göründüyü kimi qanunun tələbinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Əmək müqaviləsi bildirişləri” təhlil alt sistemindən çıxarılmış çıxarışlardan məlum olur ki, X1 və X7 ilə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi aralarında 20 dekabr 2024-cü il tarixində əmək müqavilələri bağlanmasına baxmayaraq onlarla həmin vaxt istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri bağlanılmamışdır. Bu barədə X4 Xidməti Salyan regional şöbəsi tərəfindən öncədən, yəni xx.xx.2025-ci il tarixdə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, sözügedən İctimai Birliyi həmin müqavilənin bağlanmasını təmin etməmiş, bu səbəbdən də barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, ““Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi İXM-in 469.2-ci maddəsinin sanksiyası həddində inzibeti tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-92/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-92/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver