Məhkəmə qərarları › İş №3(032)-922/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-922/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-922/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23341546 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23341546 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2024cü il tarixli EQ 23341546 saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermiş, həmin şikayət isə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-5431/2024 nömrəli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən göndərilmiş materialın icraata qəbul edilməsindən imtina edilməli və aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(004)- 5431/2024 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, qərarından şikayət verilmiş inzibati xəta Şirvan şəhəri ərazisində törədilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 23341546 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 xx.xx.2024-cü il tarixdə saat 10:33:14-də xətanın yeri olan Şirvan şəhəri 1 May küçəsində ** HV *** dövlət qeydiyyat nömrəli “Hyundai Grandeur minik” markalı 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdiyi üçün barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X1 qeydiyyatda olduğu yer üzrə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən X1 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış şəxs Yasamal rayonunda qeydiyyatda oldğundan və barəsində qərar çıxarılmış şəxs şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdiyindən şikayətə onun yaşadığı yer üzrə baxıla bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi, qərardan şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin şikayətini onun vəsatəti kimi qəbul edərək hesab edir ki, hazırki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün əlavə vəsatətə ehtiyac olmadığından işə həmin məhkəmədə baxıla bilər. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosesual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Məhkəmə hesab edir ki, materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də materialın icraata qəbul edilməsindən imtina edilərək, aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109.1.7, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23341546 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilsin. İnzibati xəta haqqında materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar