Məhkəmə qərarları › İş №3(032)-93/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-93/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-93/2025 26.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1 tərəfindən tərtib edilmiş MN ******* nömrəli 27 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Şəxs MMC-nin (VÖEN **********) «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək münasibətlərində olduğu 89 nəfər işçinin xeyrinə sığortaçı ilə icbari sığorta müqaviləsinin vaxtında bağlanmasını təmin etməmişdir . Məhkəmə iclasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə elektron ərizə verərək işə nümayəndənin iştirakı olmadan baxılmasını, elektron məhkəmə kabinetinə yüklənmiş etiraz ərizəsinə əsasən xahiş etmiş, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 2005ci ilin noyabr ayında qəbul edilmiş qanuna görə sahibkarlıq sahəsində yoxlamalar aparılmır. Onlar tərəfindən sadəcə elektron sistemlər üzərində monitorinq əsasında inzibati xəta aşkar olunarsa protokol tərtib edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Monitorinq nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-də 89 nəfər işçi sığorta olunmamışdır. Onunla bağlı protokol tərtib olunmuşdur. Formalaşmış təcrübəyə əsasən işəgötürənə bildiriş göndərilir, müəyyən müddət verilir ki, həmin müddətə qədər işəgötürən həmin xətanı aradan qaldırsın. Şəxs MMC tərəfindən göstərilən hal aradan qaldırılmadığıdan vəzifəli şəxs barəsində protokol tərtib edilərək 1500 manat məbləğində cərimə tətbiq edilmiş, hüquqi şəxs barəsində isə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Sonrakı məhkəmə iclasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsinə məhkəmə bildirişi verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-in 64.3cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs MMC-nin direktoru X2 tərəfindən etiraz ərizəsi məhkəməyə daxil olmuşdur . Etiraz ərizəsinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-cı 11 tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ilə Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 469.2-cı (“istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərə indən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi iddia edilmişdir. xx.xx.2025-ciı il tarixli, MN №0048314 saylı inzibatı xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. İddia olunan qanun pozuntusu həqiqəti əks etdirməməkdədir. İnzibati orqan tərəfindən işin halları tam nəzərə alınmadan, hərtərəfli araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN №2122778 saylı inzibati xəta haqqında protokol ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Protokol onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən 89 nəfər işçi istehsalatda bədbəxt hadisələr və peşə-xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunmamışdır. İş materiallarına əlavə olunmuş sığortasız statuslu ƏMB üzrə şəxslərlə Şəxs MMC arasında əmək müqaviləsi işğaldan azad olunmuş ərazilərin bərpasına dair layihələrin icrası ilə əlaqəli bağlanmışdır. Həmin şəxslər barəsində Şəxs MMC tərəfindən "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilə illik qoşmalar və edilməsi nəzərdə titilan hissə-hissə ödənişlər ilə uzadılmaqda idi. Müqavilə üzrə son № P**********28 saylı qoşma ilə müqavilə xx.xx.2025-ci il tarixinə qədər olan müddəri əhatə etməkdə idi. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixindən müvafiq ödənişlər nəzərdə tutulan müddətlərdə edilmiş və sığorta müqaviləsi qüvvədə qalmışdır. Lakin işğaldan azad olunmuş ərazilərini bərpasına dair layihələr üzrə Şəxs MMC-yə edilməli olan ödənişlərdə gecikmələr baş verdiyindən və şirkətə heç bir ödənişlər edilmədiyindən şirkət ağır iqtisadi vəziyyətlə üzləşmişdir. Şəxs MMC tərəfindən sığorta haqqı ödənişlərinin edilməsi mümkün olmamış və buna görə də sığortaçı "xxxx" ASC tərəfindən sığorta müqaviləsinə bir tərəfli qaydada xitam verilmişdir. İnzibati xəta haqqında protokolda İXM-nin 469.2-ci maddəsinin pozulduğu bildirilmişdir. Həmin maddədə hüquqi şəxs tərəfindən icbari sığortanın bağlanılmaması inzibati xəta olaraq müəyyənləşdirilmişdir. Lakin qeyd olunanlardan aydındır ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixli istehsalatda bədbəxt hadisələr və peşə-xəstəlikləri-nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və uzun müddət qüvvədə olmuşdur. Şirkətdən asılı olmayan səbəblərdən, onun idarəsi daxilində olmayan hallardan sığortaçı ilə müqavilə münasibətlərini davam etdirmək mümkün olmamışdır. Belə ki, icra olunan layihələr üzrə şirkətə vəsait daxil olmadığından layihələr üzrə xərcləri də qarşılamaq mümkün olmamışdır. İXM-nin müvafiq normalarına əsasən yalnız təqsirli surətdə törədilmiş əmələ görə şəxs məsuliyyətə cəlb oluna bilər. Yuxarıda qeyd olunanlar sübut etməkdədir ki, sığorta müqaviləsinə xitam verilməsi Şəxs MMC-nin təqsiri səbəbindən baş verməmişdir. İş materiallarında olan sığortasız statuslu ƏMB üzrə xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, işəgötürən Şəxs MMC 89 nəfər işçiyə dair sığorta müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) XXXVİ fəslinə aid edilmiş İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan xətalardır. İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin J bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəllənin 225-ci maddəsinin 2-ci hissəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1ci bəndinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri , habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 7.2.1-ci bəndinə görə sığortalının bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi vardır. Göründüyü kimi qanunun tələbinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Beləliklə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs MMC əmək münasibətləri davam edən həmin 89 nəfər işçilərin xeyrinə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icbari sığorta müqaviləsinin bağlanmasının zəruriliyi barədə X3 Xidməti X4 tərəfindən öncədən müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Şəxs MMC tərəfindən həmin müqavilənin bağlanılması təmin edilməmişdir. Məhkəmə həmçinin Şəxs MMC tərəfindən təqdim edilmiş etiraz ərizəsinə münasibətdə qeyd edir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılsa da, həmin müqaviləyə sığortaçı "xxxx" ASC tərəfindən sığorta müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Həmçinin etirazda həmin müqvilənin uzun müddət qüvvədə olduğu qeyd edilsə də, Şəxs MMC tərəfindən barələrində protokol tərtib edilən zaman və işə baxılan zaman qüvvədə olan hər hansı sığorta müqaviləsi məhkəməyə təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-ın 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs MMC -i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 (beş min ) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar