Məhkəmə qərarları › İş №3(032)-949/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-949/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-949/2025 26.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Hümbətov və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil2, Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının X12 üzrə Dövlət Komitəsi X2 müdiri X7 iştirakı ilə, xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının X12 üzrə Dövlət Komitəsinin X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan şəhəri “Cümə” məscidində Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə qanunazidd qaydada dini ayinlərin icrası, “Dini etiqad azadlığı” haqqında qanunun müvafiq maddəsi pozulmuşdur. Bu barədə Azərbaycan Respublikasının X12 üzrə Dövlət Komitəsi X2 müdiri X9 tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının X12 üzrə Dövlət Komitəsi X2 müdiri X9 izahat verərək bildirdi ki, dini durumu öyrənmək məqsədi ilə Şirvan şəhəri 2 Cümə” məscidində aparılan monitorinq zamanı xx.xx.2025-ci il saat 04:18də Şəxs tərəfindən “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanunun müddəalarının pozulması müşahidə olunmuşdur. Əvvəllər qeyd olunan qanunazidd fəaliyyəti ilə bağlı Şəxs şifahi şəkildə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o barəsində tərtib edilmiş edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, onunla birlikdə digər şəxslər də qrup şəklində, yəni camaat halında namaz qılırlar. Müəyyən olunmuş beş vaxtdan ibarət namaz vaxtlarında insanlar məscidə toplaşırlar. Həmin tarixdə digər şəxslər kimi o da namaz qılmaq məqsədi ilə məscidə gəlmişdir. Məscidə gələrkən təqribən gecə saat 00:03 radələrində o heç kimə zəng edib adamların ora toplanmasını təşkil etməmişdir. Hər kəs o, da daxil olmaqla məscidə namaq qılmaq üçün öz xoşu ilə gəlir. Məscidlərdə və digər yerlərdə camaat şəklində namaz qılma qaydaları ondan ibarətdir ki, bir nəfər qabaqda, digər şəxslər isə qabaqda duranın arxasında düz səfə (sıraya) düzülərək birlikdə namaz qılırlar. Əsas məsələ və qayda ondan ibarətdir ki, əgər məscidin imamı yoxdursa namaz qılmağa toplaşan insanlardan biri, yenə də toplaşan insanların öz seçimi ilə elə yerindəcə namazı qıldıran təyin edilərək önə keçir. Həmin gün məscidin imamı sübh namazına gələ bilmədiyi səbəbdən namaz qılmağa toplaşan şəxslər namazı qıldıran şəxs kimi onu təyin etmişdilər. Qeyd olunan Məsciddə imam olmadıqda, namaz qılmağa gələn kəslərdən hər hansı biri imam durub məscidin bir küncündə camaatla birlikdə namaz qılır. Məscidin imamının bundan xəbəri var, özü buna etiraz etməyib, əksinə olaraq, icazə verib ki, o bəzi hallarda sübh namazına gələ bilmir və bu hallarda özləri namaz qılsınlar, bu qayda bütün məscidlərdə tətbiq olunur. Yəni namaz qılınan zaman öndə dayanıb namaz qılmaq dini mərasim təşkil etmək deyildir. Məhkəmə iclasında müdafiəçi Hümbətov və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil2 məhkəməyə vəsatət verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəsatətə görə, aşağıda şərh edəcəyi əsaslara görə hesab edir ki, X12 Üzrə Dövlət Komitəsinin X2 müdiri Sənan Xəlilov tərəfindən qeyd edilən protokol qanunverciliyin tələblərinin kobud şəkildə pozulması ilə tərtib olunduğu üçün aparılan işin hüquqi nəticəsi yoxdur. Bu cür tərtib edilmiş protokolla məsuliyyət tədbirləri tətbiq edilə bilməz və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. 1. Protokolda əsassız olaraq “qanunazidd qaydada dini ayənlərin icrası” qeyd olunur. Protokolu tərtib etmiş şəxs tərəfindən iş materiallarına əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, bir neçə müsəlmanlar bir səfə (sıraya) duraraq namaz qılırlar. Ölkəmizin və dünyanın bütün digər məscidlərində də müsəlmanlar tərəfindən namaz adlanılan bu dini ayən ardı kəsilmədən icra edilir. Eyniylə, protokolda qeyd olunduğu kimi, “qanunazidd qaydada dini ayəni icra etmək (Namaz qılmaq)” ifadəsinin nədən ibarət olması başa düşülən deyildir. Eyni zamanda, konkret olaraq, məhz hansı hərəkətin qanunazidd olması, qanunsuz olaraq, protokolda qeyd edilməmişdir. Halbuki, İXM-nin 100.5.4-cü maddəsinin tələbinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda göstərilməlidir. 2. Protokolu tərtib etmiş şəxs tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Aktda qeyd olunur ki, dini durumu öyrənmək məqsədilə Sirvan şəhəri "Cümə" məscidində aparılan monitorinq zamanı xx.xx.2025-ci H saat 04:18-de Ağali Adil oglu Məmmədov tərəfindən "Dini etiqad azadlığı" haqqında Azərbaycan Respublikası Qanunun müddəalarının pozulması müsahidə olunmusdur. Sual olunur ki, xx.xx.2025-ci il tarixdə inzibati xəta aşkar olunduğu zaman nəyə görə Sənan Xəlilov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Belə ki, İXM-nin 101.1-ci maddəsinin tələbinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 3. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, protokol xx.xx.2025-ci il tarixdə tərtib edildiyi halda onun məhkəməyə göndərilməsi xx.xx.2025-ci il tarixdə, yəni 40 gün sonra baş vermişdir. Halbuki, İXM-nin 103.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, qanunun bu tələbi də inzibati xəta haqqında protokolu tərtib edən şəxs tərəfindən kobud şəkildə pozulmuşdur. Protokolu tərtib edən şəxs hazırkı iş üzrə inzibati araşdırma da apara bilməzdir ki, bu hal da aşağıda qeyd edilən qanunun tələbində öz əksini tapmışdır. İXM-nin 102.1-ci maddəsinin tələbinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1ci, 371- 1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 4. Sənan Xəlilov tərəfindən tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, 332/2-1535/2025 nömrəli məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, Şəxs oglu tərəfindən Şirvan səhəri “Cumə” məscidində qanunla müəyyən edilməmiş, qaydada dini yığıncaqlar və digər dini mərasimlər təskil edildiyinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İs, üzrə Dövlət Komitəsinin Sirvan-X8 tərəfindən onun barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçun Sizə göhdərilir. Dini yığıncaqlar və digər dini mərasimlərin təşkil edildilməsi o deməkdir ki, yəni mən kimisə məscidə yığmışam. Lakin iş materiallarında mənim Məscidə adam cəlb etməyim, yığmağım, çağırmağım barədə hər hansı bir sübüt iş materiallarına əlavə edilməmişdir. 5. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, mənimlə birlikdə digər şəxslər də qrup şəklində, yəni camaat halında Namaz qılırlar. Belə olan halda sual olunur ki, nəyə görə inzibati xəta haqqında protokol yalnız mənim barəmdə tərtib olunmuşdur. Məsələnin həqiqi halı ondan ibarətdir ki, müəyyən olunmuş beş vaxtdan ibarət namaz vaxtlarında insanlar məscidə toplaşırlar. Həmin tarixdə digər şəxslər kimi mən də namaz qılmaq məqsədi ilə məscidə gəlmişəm. Məscidə gələrkən təqribən gecə saat 00:03 radələrində mən heç kimə zəng edib adamların ora toplanmasını təşkil etməmişəm. Hər kəs mən daxil olmaqla məscidə Namaq qılmaq üçün öz xoşu ilə gəlir. Məscidlərdə və digər yerlərdə camaat şəklində Namaz qılma qaydaları ondan ibarətdir ki, bir nəfər qabaqda, digər şəxslər isə qabaqda duranın arxasında düz səfə (sıraya) düzülərək birlikdə namaz qılırlar. Əsas məsələ və qayda ondan ibarətdir ki, əgər Məscidin imamı yoxdursa namaz qılmağa toplaşan insanlardan biri, yenə də toplaşan insanların öz seçimi ilə elə yerindəcə Namazı qıldıran təyin edilərək önə keçir. Həmin gün məscidin imamı Sübh namazıma gələ bilmədiyi səbəbdən namaz qılmağa toplaşan şəxslər namazı qıldıran şəxs kimi məni təyin etmişdilər. Qeyd olunan məsciddə imam olmadıqda, namaz qılmağa gələn kəslərdən hər hansı biri imam durub məscidin bir küncündə camaatla birlikdə namaz qılır. Məscidin imamının bundan xəbəri var, özü buna etiraz etməyib, əksinə olaraq, icazə verib ki, o bəzi hallarda Sübh namazına gələ bilmir və bu hallarda özümüz namaz qılaq. Bu qayda bütün Məscidlərdə tətbiq olunur. Yəni Namaz qılınan Zaman öndə dayanıb Namaz qılmaq dini mərasim təşkil etmək deyildir. İXM-nin 53.1.1. və 53.1.2-ci maddələrinin tələblərinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin məcəllənin 53.2-ci maddələrinin tələbinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

6. İXM-nin 38.6-ci maddələrinin tələbinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh ver mə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. X12 Üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bolməsinin müdiri Sənan Xəlilov tərəfindən Qanunun bu tələbi də pozulmuşdur. 7. Digər tərəfdən, protokolda inzibati xətanın tərkibi müəyyən olunmur və bunun əvəzində “Dini etiqad azadlığı” haqqında qanunun “müvafiq maddələrinin” pozulması qeyd olunsa da, konkret olaraq, hansı maddənin və nəyə görə pozulması protokolda qanunsuz olaraq qeyd edilməmişdir. 8. Digər tərəfdən, protokolda qeyd edilir ki, Nəticədə Şəxs tərəfindən İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 515.0.2-ci maddəsinin tələblərinə əsasən, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması hesab edilir. Məsciddə namaz qılmaq və ya namaz qıldırmaq 515.0.2-ci maddədə qeyd olunan dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərə aid deyildir. Məcciddə namaz qılmaq və ya qıldırmaq - məhz dini ayinin icrasıdır. Protokolda istinad olunan 515.0.2-ci maddədə isə dini ayinlərin icrası nəzərdə tutulmamışdır. 9. Digər tərəfdən, protokolda “Bu fakt qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı” haqqında qanunun maddələrinin pozuntusunu göstərən video ilə təsdiq edilir” sözləri qeyd olunsa da, videoçəkiliş aparılan xüsusi texniki vasitənin tipi, markası, modeli və sair göstəriciləri qeyd edilməmişdir. Halbuki, İXM-nin 100.5.8-ci inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda göstərilməlidir. 10. Digər tərəfdən, protokolun “Protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı” bölməsində Şirvan-Salyan regional bolməsinin müdiri Xəlilov Sənan qeyd edilsə də, ata adı qeyd edilməmiş və bu regional bölmə hansı təşkilatın olması bilinmir, yəni Protokolu tərtib edən şəxsin vəzifəsi tam göstərilməmişdir. Belə ki, Şirvan-Salyan regional bolməsinin müdiri anlayışı konkretlikdən uzaq olaraq, mücərrəd xarakter daşıyır, yəni bir çox digər dövlət təşkilatların da X3 mövcuddur. Misal üçün, Azərbaycan Respublikası Qida X1-Salyan regional bolməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan-Salyan regional bolməsi, X4 Şirvan-Salyan regional bolməsi, X5 Şirvan-Salyan regional bolməsi, Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional bolməsi və digər təşkilatların da eyniylə Şirvan-Salyan regional bölmələri mövcuddur. 11. Digər tərəfdən, İXM-nin 100.4-cü maddəsini tələbinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, tərəfimdən protokolu imzalamaqdan imtina edilsə də, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmin məcəllənin 100.5.1-cü maddəsini tələbinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix, vaxt və yer göstərilir. Protokoldan göründüyü kimi, protokolun tərtib edildiyi tarix və yer göstərilsə də, vaxt göstərilməmişdir. 12. Digər tərəfdən, İXM-nin 100.5.3-cü maddəsini tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, fziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, yaşadığı və olduğu yerin ünvanı protokolda göstərilir. Protokoldan göründüyü kimi, mənə məxsus fərdi identifikasiya nömrəsi, yaşadığım və olduğum yerin ünvanı protokolda qeyd edilməmişdir. Göründüyü kimi protokol qanunvercilik tələblərinin kobud şəkildə pozulması ilə aparıldığı üçün aparılan araşdırmanın hüquqi nəticəsi yoxdur. Bu cür araşdırma gedişində aşkar edilmiş faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin izahatlarını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Ona görə də onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2025-ci il tarixli aktdan görünür ki, dini durumu öyrənmək məqsədi ilə Şirvan şəhəri 2 Cümə” məscidində aparılan monitorinq zamanı xx.xx.2025-ci il saat 04:18-də Şəxs tərəfindən “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanunun müddəalarının pozulması müşahidə olunmuşdur. Əvvəllər qeyd olunan qanunazidd fəaliyyəti ilə bağlı Şəxs xəbərdarlıq edilmişdir. Aktın onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. Fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:26:50-də məsciddə bir nəfər öndə digər şəxslər arxada dayanmaqla namaz qılınır. (Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin fotoşəkillərdə öndə dayanan şəxsin özü olmasını bildirmişdir.) Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şirvan şəhər “Cümə” məscində səhər namazında İmam və İmaı əvəz edən şəxs olmadıqda 3 və ya 4 dəfə camaatın istəyi ilə onlara(imanın yedin deyil də , məscidin kənar bir güşəsində) sabah namazı qıldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin ikinici hissəsinin tələbindən görünür ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin üçüncü hissəsində təsbit edilmişdir ki, irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbligata yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin ikinci hissəsində təsbit edilmişdir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin üçüncü hissəsi isə dini mərasimlərin yerinə yetirilməsinin, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəst olmasını özündə əks etdirmişdir. “Dini etiqad azadlığı haqqında” xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 4-1.2-ci maddəsinə əsasən din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. Həmin Qanunun 21-ci maddəsinin birinci və ikinci hissələrinə əsasən dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır. Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dini ibadət, ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilir. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən dini mərkəz (idarə) tərəfindən dəvət edilmiş və ya Azərbaycan Respublikasında rəsmi səfərdə olan əcnəbi və ya vətəndaşlığı olmayan din xadimi tərəfindən dini ibadət, ayin və mərasimlərin aparılmasına yol verilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddələrinə görə dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının X12 üzrə Dövlət Komitəsinin Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 1.2.1-ci yarımbəndinə əsasən İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimi – islam dininə aid fəaliyyətlə peşəkar şəkildə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimlərinin imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu maddənin tələblərini pozaraq xx.xx.2025-ci il saat 04:18-də Şirvan şəhəri “Cümə” məscidində ibadət edərək dini yığıncağın təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuş və o, Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Ona görə də onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə belə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1600 (min altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar