Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-95/2024 20.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs 300050.00 ABŞ dolları məbləğində vəsaiti 28 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 300050.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Şəxs direktoru X4 Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş inzibati xəta protokola etirazında bildirmişdir ki, müəssisənin əsas fəaliyyəti hərbi təyinatlı məmulatların (məhsulların) istehsalıdır. Müəssisədə istehsal prosesi üçün nəzərdə tutulan avadanlıqların bəzisini əldə etmək üçün xarici dövlətlərlə beynəlxalq qanunvericilik çərçivəsində əməkdaşlıq edilir. Buna uyğun 14 adda hərbi təyinatlı məhsulların istehsal prosesi üçün mütləq tələb olunan avadanlıqların əldə olunması istiqmətində Rusiya Federasiyasında fəaliyyət göstərən “Spesmaşinjinirinq” Səhmdar Cəmiyyəti (bundan sonra - satıcı şirkət) şirkəti ilə müəssisə arasında 19 iyul 2021-ci il tarixdə xx/xx-2021 nömrəli müqavilə (bundan sonra - müqavilə) bağlanılmışdır. Müqavilənin şərtlərində, o cümlədən 2.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilənin ümumi məbləği ******* (iki milyon altı yüz on iki min yüz) ABŞ dolları təşkil edir. Müqavilənin 3.1-ci maddəsində müqavilə məbləğinin 50%-ni Alıcı Tədarükçüyə müqavilə imzalandığı gündən etibarən 10 (on) iş günü ərzində, qalan 50%-i ilk ödənişdən 10 (on) iş gunünündən sonra ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.4-cü maddəsində qeyd edilmişdir ki, tədarükçü hesablaşma hesabına ödənişin daxil olduğu andan etibarən 24 (iyirmi dörd) ay ərzində malın tədarükə hazırlığı barədə Alıcını xəbərdar edəcək. Muqavilənin 4.6-cı maddəsində əks olunmuşdur ki, tərəflərin razılığı ilə malın ayrı-ayrı partıyalarla tədarükü mümkündür (bu onu bildirir ki, 14 müftəlif adlarda olan iri həcmli avadanlıqların hamısını bir dəfəyə və ya qısa müddətdə tədarük edilməsi qeyrimümkündür). Muqavilənin 10.2-ci maddəsində razılaşdırılmışdır ki, müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və tərəflərin bütün öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir (hal-hazırda muqavilə hüquqi qüvvədədir). Müqavilənın şərtlərinə əsasən müəssisə tərəfindən öhdəlik tam yerinə yetirilsə də, satıcı şirkət tərəfindən qismən yerinə yetirilib. Belə ki, qeyd edildiyi kimi avadanlıqların hamısının eyni vaxtda göndərilməsi imkan xaricində olduğu səbəbindən hissə-hissə tədarük olunur, o cümlədən müqavilənin tərkib hissəsi sayılan 1 saylı əlavədə nəzərdə tutulan avadanlıqların 4 ədədi (BRM-i, BRM 2, VCM-6, VCM-7) ölkəyə idxal edilərək müəssisəyə çatdırılmışdır (gömrük sənədləri mövcuddur). Digər 10 adda olan avadanlıqların göndərilməsi istiqamətində də satıcı şirkət zəruri tədbirlər həyata keçirir. Bankın protokolunda qeyd edilmişdir vəsaitin xarici ölkəyə köçürülməsindən iki il müddət keçsə də, müəssisə alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bankın protokolu ilə razılaşmayaraq qanunsuz və əsassız hesab edirlər. Buna görə ki, müqavilənin hüquqi qüvvəsi bugünədək quvvədədir və nəzərdə tutulan avadanlıqların (xidməti mallar) ödəniş olunduqdan sonra 4 adda olanı ölkəyə idxal edilmişdır. Bankın əməkdaşı protokolu tərtib edərkən bu kriteriyaları nəzərə almamış, nəticə də qanunsuz və əsassız protokol tərtib etmişdir. Məhkəmə tərəfindən bunlar nəzərə alınmalıdır, eyni zamanda zavodun xüsusi əhəmiyyətli, hərbi təyinatlı məmulatlar istehsal edən dövlət müəssisəsi olması əsas tutularaq müəssisə barəsində cərimə tədbiq edilməməsi məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Şəxs MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan müəssisə kimi nizamnaməsində göstərilən hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur və nazirliyin qabaqcıl müəssisələrindən biri kimi fəaliyyət göstərir. Muəssisədə istehsal olunan məhsullar (hərbi təyinatlı məmulatlar) dövlətin müdafiəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, ordunun Avropa standartlarını mənimsəməsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycan dövlətinin bu sahədəki siyasətinin öncüllüklərindəndir. Təbii ki, bütün bunlar ilk olaraq möhkəm maddi-texniki baza tələb edir ki, dövlətin bu sahədəki siyasəti də kifayət qədər uğurludur. Ən əsası Azərbaycan öz hərbi sənaye kompleksi gücünü artırmaq üçün tam qüvvəsini ortaya qoyub və qısa müddət ərzində müasir, güclü hərbi sənaye kompleksi yaradılmasına nail ola bilib. Artıq Azərbaycan bir sıra hallarda özünün istehsal etdiyi hərbi vəsaitlərdən və avadanlıqlardan istifadə edir. Bu avadanlıqlar yüksək standartlara cavab verir. Qeyd olunduğu kimi Şəxs MMC xüsusi əhəmiyyətli, məxfi, strateji, təhlükə potensiallı dövlət müəssisəsidir və dövlət sifarişi proqramı əsasında hərbi təyinatlı məhsullar istehsal edir. Bunun üçün bankın protokoluna əsasən Şəxs MMC-yə məhkəmə tərəfindən cərimə tətbiq edilməməsi dövlətin mənafeyi üçün də xeyirli hesab edilə bilər. Əks halda müəssisəyə İXM-nin 430.4-cü maddəsinə uyğun cərimə tətbiq edilməsi müəssisənin maliyyə vəziyyətində müəyyən çətinliklərin yaranmasına, habelə fəaliyyətində ləngimələrə, istehsal ahənginin axsamasına, müəssisənin işgüzar nüfuzuna xələl gətirilməsinə zəmin yaradacaqdır. Qanunvericiliyin tələbində xüsusilə qeyd olunmuşdur ki, “müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və xidmətlər göstərilmədikdə” - bir daha vurğulanır ki, satıcı şirkət müəssisə üçün 4 müxtəlif adda avadanlığı ölkəyə göndərmiş, müəyyən işlər görmüş, eləcə də müəyyən xidmətlər göstərmiş və hal-hazırda da göstərməkdədir). "Telemexanika zavodu” MMC-nin strateji əhəmiyyətli dövlət müəssisəsi olması, zavodun nizamnaməsində göstərilən məhsulların istehsalı ilə məşğul olması, istehsal olunan məhsulların dövlətin müdafiəsi üçün çox mühüm əhəmiyyət kəsb etməsi, zavodun maliyyə vəziyətinin müvəqqəti olaraq ağır olması məhkəmə tərəfindən nəzərə alınaraq bankın tərtib etdiyi protokol ləğv edilməsi və müəssisə barəsində cərimə tətbiq edilməməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 məhkəmə iclasında etirazda göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC barəsində tərəflərindən tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(032)- 95/2024 saylı inzibati işdə təqdim olunmuş YGB-lərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-lər bank tərəfindən MMC-nin digər ödənişlərinin bəyan olunmasında istifadə olunmuşdur. Buna görə də, hazırki köçürmədə istifadə olunması mümkün deyildir. Şəxs MMC-nin hazırki avans ödənişinin statusu açıq olaraq qalmaqdadır. Odur ki, MMC barəsində tərəflərindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, xx/xx-2021 saylı müqavilədən görünür ki, satıcı “Spesmaşininjirinq” Səhmdar Cəmiyyəti ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavənin spesifikasiyasına uyğun olan ümumilikdə ******* ABŞ dolları dəyərində avadanlıqların (bundan sonra malların) alğı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 2123 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs 300050.00 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “Spesmaşinjinirinq” Səhmdar Cəmiyyətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi gömrük bəyannaməsindən və onlara əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli, xx/xx-2021 saylı müqavilə üzrə köçürülmüş vəsait hesabına alınmış, invoys dəyəri 99300.00 ABŞ dolları təşkil edən mal Vibrosirkulyasiya Qurğusu (Model VCM-7 vibrosirkulyasiya qurğusu kimyəvi) xx.xx.2022-ci il tarixdə, invoys dəyəri 54000.00 ABŞ dolları təşkil edən “Güllə Təmizləmə maşını” xx.xx.2022-ci il tarixdə, invoys dəyəri 99300.00 ABŞ dolları təşkil edən “Vibrosirkulyasiya Qurğusu” xx.xx.2022-ci il tarixdə, invoys dəyəri 54000.00 ABŞ dolları təşkil edən “Güllə Sürtmə maşını” xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına idxal olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 10-3/2689 nömrəli məktubunda qeyd edilmişdir ki, müdafiə təyinatlı məmulatların istehsalı məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC ilə Rusiya Federasiyasının "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx/xx-2021 nömrəli kontrakta əsasən xx.xx.2022-ci il tarixli 15, 19 və 20 nömrəli hesab-fakturalar üzrə ümumi dəyəri 141500.00 ABŞ dolları olan avadanlıqlar Şəxs MMC-nin ünvanına göndərilmişdir. İdxal olunan malların istehsalatda istifadə məqsədini nəzərə alaraq gömrük rəsmiləşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 73-9 nömrəli qərarına uyğun həyata keçirilməsinə göstəriş verilməsi xahiş olunur. Azərbaycan Respublikası Şəxs MMC-nin "xxxx" SC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli, 100/01-779 nömrəli əlavə razılaşma haqqında məktubundan görünür ki, xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən təchizatçı avans ödənişin onun hesablaşma hesabına daxil olduğu andan sonra 21 ay ərzində malı çatdırılmaya hazır vəziyyətə gətirərək alıcını bu barədə məlumatlandırmalıdır. Ödəniş 2021-ci ilin dekabr ayında tam edilmişdir. Bununla əlaqədar olaraq təşkilatları malı tam həcmdə almadığına görə bankla problemlər yaranmışdır. Malın çatdırılma müddətinin uzadılmasına dair əlavə razılaşmanı hazırlayaraq onlara göndərilməsini xahiş etmişdir. “Spesmaşinjinirinq” Səhmdar Cəmiyyətinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə uyğun olaraq son ödəmə tarixi və malın son çatdırılma tarixi xx.xx.2024-cü ildir. Bununla belə avadanlıq son hazırlıq mərhələsindədir. xx.xx.2023-cü il tarixindən sonra xx/xx-2021-ci il tarixli müqavilənin spesifikasiyasının 8 mövqeyindən ibarət hazır məhsulu hərbi təyinatlı məhsul kateqoriyasına aid olub-olmaması və müvafiq rəyin verilməsi məqsədilə hərbi-texniki əməkdaşlıq üzrə Federal xidməti tərəfindən baxılma mərhələsindədir. HTƏFX-in cavabını aldıqdan sonra bu məhsulun ünvana ixracı (göndərilməsi) üçün Rusiya Federasiyası ixrac nəzarəti Komissiyasından icazənin alınması məqsədilə texniki ixrac nəzarəti üzrə Federal xidmətə sorğu göndəriləcəkdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs (bundan sonra alıcı) ilə “Spesmaşininjirinq” Səhmdar Cəmiyyəti (bundan sonra satıcı) arasında xx.xx.2021-ci il tarixli, xx/xx-2021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd edilmiş hərbi təyinatlı məhsulların alıcıya təhvil verilməsi ilə bağlı satıcı öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 1 saylı Əlavənin spesifikasiyasına uyğun olan ümumilikdə ******* ABŞ dolları dəyərində avadanlıqlar alıcıya təhvil verilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə tədarük edilən mala görə ödəniş Alıcı tərəfindən ABŞ dolları ilə (valyuta kodu 840) Tədarükçünün bank hesabına müqavilə məbləğinin 50%-ni Alıcı tədarükçünün təqdim etdiyi hesab əsasında avans ilə bu müqavilə imzalandığı gündən etibarən 10 (on) bank günü ərzində, qalan 50%-i ilk ödənişdən 10 (on) bank günündən sonra ödəyir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən tədarükçü malı hazırlayacaq və avans ödənişin Tədarükçünün hesablaşma hesabına daxil olduğu andan etibarən 24 (iyirmi dörd) ay ərzində Malın tədarükə hazırlığı barədə Alıcını xəbərdar edəcək. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və tərəflər bütün öhdəliklərini tam yerinə yetirənək qüvvədədir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 300050.00 ABŞ dolları məbləğində vəsaiti ödəniş xx.xx.2021-ci il tarixli, 2123 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “Spesmaşinjinirinq” Səhmdar Cəmiyyətinin hesabına köçürmüşdür. Şəxs 300050.00 ABŞ dolları məbləğində vəsaiti 28 dekabr 2021-ci il tarixdə xaricə köçürməsindən 2 il müddət keçsə də, 300050.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxal etməməsi və valyuta vəsaitinin geri qaytarılmaması ilə bağlı olaraq xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, “... İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Həmçinin Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “... qeyd etmək lazımdır ki, sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Belə ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinin tələblərindən göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X3 Məcəlləsi inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İşin faktiki hallarından göründüyü kimi Şəxs (bundan sonra alıcı) ilə “Spesmaşininjirinq” Səhmdar Cəmiyyəti (bundan sonra satıcı) arasında xx.xx.2021-ci il tarixli, xx/xx-2021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd edilmiş hərbi təyinatlı məhsulların alıcıya təhvil verilməsi ilə bağlı satıcı öhdəlik götürmüşdür. Müqavilə üzrə öhdəliklərin icrası müddətlə (xx.xx.2024cü il) məhdudlaşdırılmışdır. Müqavilə üzrə satıcı tərəfindən hərbi təyinatlı 4 adda məhsul idxal edilmiş, digər 10 adda məhsulun isə satıcının bildirdiyinə əsasən hazır olduğu, hərbi təyinatlı məhsul kateqoriyasına aid olub-olmaması və müvafiq rəyin verilməsi məqsədilə hərbi-texniki əməkdaşlıq üzrə Federal xidməti tərəfindən baxılma mərhələsində olduğu, HTƏFX-in cavabını aldıqdan sonra bu məhsulun ünvana ixracı (göndərilməsi) üçün Rusiya Federasiyası ixrac nəzarəti Komissiyasından icazənin alınması məqsədilə texniki ixrac nəzarəti üzrə Federal xidmətə sorğu göndəriləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında hərbi təyinatlı avadanlıqların alınması ilə bağlı müqavilə olduğundan, müqavilə üzrə tərəflərin öhdəlikləri, öhdəliklərin icrası ilə bağlı müddət müəyyən edildiyindən və malların vaxtında idxal edilməməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı olmadığndan sonuncunun inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən isə inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bununla da Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-95/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-95/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver