Məhkəmə qərarları › İş №3(032)-958/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-958/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-958/2024 04.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 03 noyabr 2024-cü il tarixdə içkili halda evdə nalayiq söyüşlər söyərək ictimai asayişi pozmuşdur. Buna görə də, Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 04 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, 03 noyabr 2024-cü il tarixdə içkili vəziyyətdə evə gəlmiş, evdə yeməyə heç bir şey olmadığından səs-küy salmışdır. Bu zaman qardaşı polisə müraciət etmiş, polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs oğludur. xx.xx.2024-cü il tarixdə oğlu içkili vəziyyətdə evdə münaqişə yaradaraq onu söymüşdür. Evdə olan bütün əşyaları sındıraraq evi dağıtmış, ondan pul istəyərək səs-küy salmışdır. Həyat yoldaşı evdə olmadığından bununla bağlı ona bildirmiş və həyat yoldaşı 102 xidmətinə zəng edərək bu halla bağlı şikayət etmişdir. Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi polis leytenantı X2 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Nəcəfzadə Murad və Şirvan şəhər TB-nin təhqiqatçısı polis mayoru Əhmədov Yusif tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:25-də DİN-in 102 xidmətindən ********** saylı məlumatda Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 2, mənzil 59-da yaşayan X1 ***-***-**-** zəng edərək oğlu Fəridin narkotik maddə aludəçisi olduğu, evdə münaqişə yaratması barədə məlumat vermişdir. Həmin ünvana gedən zaman ünvanda olan Fərid adlı şəxsin sərxoş halda qardaşı ilə ucadan danışaraq münaqişə etiklərini və qardaşını təhqir etməsinin şahidi olmuşlar. Həmin şəxsə irad bildirdikdə o, ucadan danışaraq söyüşlər söyməyə başlamışdır. Lakin həmin şəxsi bir neçə dəfə nizam-itizama dəvət etsələr də, həmin şəxs qəsdən onların qanun tələblərinə məhəl qoymamış, tərəflərindən PŞ-nə gətirilmişdir. Növbətçi hissədə həmin şəxsin Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 2, mənzil 59-da qeydiyyatda olan və yaşayan xx.xx.1994-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0.736% müəyyən edilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 noyabr 2024-cü il tarixdə, saat 19:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, xəta törədən şəxsin törətdiyi əməli qismən etiraf etməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal, həmin əməli sərxoş halda törətməsini isə İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 03 noyabr 2024-cü il tarixdən, saat 19:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar