Məhkəmə qərarları › İş №3(032)-96/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-96/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-96/2024 20.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMCi 356000.00 ABŞ dolları məbləğində olan vəsaiti 24 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 356000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, müəssisənin əsas fəaliyyəti hərbi təyinatlı məmulatların (məhsulların) istehsalıdır. Müəssisədə İstehsal prosesi üçün nəzərdə tutulan avadanlıqların bəzisini əldə etmək üçün xarici dövlətlərlə beynəlxalq qanunvericilik çərçivəsində əməkdaşlıq edilir. Buna uyğun 14 adda hərbi təyinatlı məhsulların istehsal prosesi üçün mütləq tələb olunan avadanlıqların əldə olunması istiqmətində Rusiya Federasiyasında fəaliyyət göstərən “Spesmaşininjirinq” (bundan sonra - satıcı şirkət) şirkəti ilə müəssisə arasında 19 iyul 2021-ci il tarixdə xx/xx-2021 nömrəli müqavilə (bundan sonra müqavilə) bağlanılmışdır. Müqavilənin şərtlərində, o cümlədən 2.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilənin ümumi məbləği 2 612 100 (iki milyon altı yüz on iki min yüz) ABŞ dolları təşkil edir. Müqavilənin 3.1-ci maddəsində müqavilə məbləğinin 50%-ni Alıcı Tədarükçüyə müqavilə imzalandığı gündən etibarən 10 (on) iş günü ərzində, qalan 50%-i ilk ödənişdən 10 (on) iş gününündən sonra ödəməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən müəssisə tərəfindən öhdəlik tam yerinə yetirilsədə satıcı şirkət tərəfindən qismən yerinə yetirilib. Belə ki, qeyd edildiyi kimi avadanlıqların hamısının eyni vaxtda göndərilməsi imkan xaricində olduğu səbəbindən hissə-hissə tədarük olunur, o cümlədən müqavilənin tərkib hissəsi sayılan 1 saylı əlavədə nəzərdə tutulan avadanlıqların 4 ədədi ( BRM-İ; BRM-2; VCM- 6; VCM-7) ölkəyə idxal edilərək müəssisəyə çatdırılmışdır (gömrük sənədləri mövcuddur). Digər 10 adda olan avadanlıqların göndərilməsi istiqamətində də satıcı şirkət zəruri tədbirlər həyata keçirir. Bankın protokolunda qeyd edilmişdir vəsaitin xarici ölkəyə köçürülməsindən iki il müddət keçsə də, müəssisə alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bankın protokolu ilə razılaşmayaraq qanunsuz və əsassız hesab edirik. Buna görə ki, müqavilənin hüquqi qüvvəsi bugünədək qüvvədədir və nəzərdə tutlan avadanlıqların (xidməti mallar) ödəniş olunduqdan sonra 4 adda olanı ölkəyə idxal edilmişdir. Bankın əməkdaşı protokolu tərtib edərkən bu kriteriyaları nəzərə almamış, nəticə də qanunsuz və əsassız protokul tərtib etmişdir. Məhkəmə tərəfindən bunlar nəzərə alınmalıdır, eyni zamanda zavodun xüsusi əhəmiyyətli, hərbi təyinatlı məmulatlar istehsal edən dövlət müəssisəsi olması əsas tutularaq müəssisə barəsində cərimə tədbiq edilməməsi məqsədəmüvafiq hesab edilməlidir. Həmçinin müəssisəyə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmır, müəssisə öz təsərrüfat hesabına maliyyələşən zavoddur. Bu halda cərimə tətbiq edilməsi müəssisənin maliyyə durumunda ciddi çətinliklər yaradacaq. bankının daxili qərarı ilə təsdiq edilmiş rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3-cü bəndin pozuntusu inzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cəzalandırılır. Ancaq son zamanlarda bu məsələ ilə bağlı etirazlar artmaqdadır. Malların idxalı üçün qoyulan müddətin bir çox hallarda kifayət edmədiyi bildirilir. Təbii ki, bu sahədə müəyyən boşluqlar mövcuddur. Müəyyən olunan müddət bir çox hallarda tərəflərdən asılı olmayan səbəblərə görə uzanır. Bankın əsas vəzifəsi ölkədən çıxan valyutanın qarşılığının olmasına nəzarət etməkdir. Qanunda qeyd olunur ki, avans yolu ilə ödənilmiş pulun müqabilində ölkəyə ya mal gəlməlidir, ya da xidmət göstərilməlidir. Yəni müəyyən olunmalıdır ki, bu pul ölkədən niyə çıxıb, təyinatı nədir və onun müqabilində ölkəyə nə gəlib? Bankın qaydaları ilə müəyyən edilmiş gün ərzində ölkədən çıxan pulun qarşılığında mal gəlmirsə, xidmət göstərilmirsə, banka görə artıq qaydalar pozulur və həmin hüquqi və ya fiziki şəxs inzibati xəta törətmiş hesab olunur, bank inzibati xəta haqqında protokol tərtib edir və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Burada məhkəmə tərəfindən müəyyən faktorların nəzərə alınması zəruridir. Çünki elə məhsullar var ki, sifariş verildiyi gündən başlayaraq onların istehsal olunması uzun müddət tələb edir. Məsələn, hər hansı sənaye məhsulunun hazırlanması bəzən 1 və 2 ildən çox çəkə bilər. Yəni müəyyən edilmiş müddət keçmiş ola bilər. Bunlar tərəflərdən asılı olmayan səbəblərdir, idxal olunan məhsulların təsnifatı aparılmalı və qoyulan müddət buna uyğun olaraq müəyyən edilməlidir. Bəzi məhsulların idxal prosesinin tələb etdiyi müddət nəzərə alınmalıdır. Bəzi mallar xammal yox, hazır məhsul formasında olur. Xammaldan hazır məhsulun düzəldilərək Azərbaycana gətirilməsi xeyli vaxt tələb edir. Yəni müəyyən olunan müddət keçmiş olur. Bu tərəflərdən asılı olmayan haldır. Bununla bağlı yaranan problemlər Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin nüfuzuna xələl gətirir, çünki xaricdən olan partnyorlar malların Azərbaycana gətirilməsi üçün nəzərədə tutulan müddətin qoyulmasını neqativ hal kimi qarşılayırlar. Belə sanksiyalar onlar tərəfindən anlaşılmazlıq kimi qəbul olunur. Ona görə də gələcəkdə maliyyə sanksiyalarının və ya cərimələrin tətbiqi ilə bağlı qərar verərkən bu amillər nəzərə alınmalıdır. Bankın bununla bağlı qaydaları birmənalıdır. Həmin qaydalar hazırlanarkən təəssüf ki, istehsalat müəssisələrinin, bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmayıb. Məsələyə çox formal yanaşılıb. Yaranan probemin də hamısı buna görədir. Bəzən xaricdən gətirilən mallar barədə müqavilələrin şərtləri elə olur ki, o malların hazırlanması 2 il və ya daha uzun müddət tələb edir. Dövlət üçün müəyyən xidmətlər həyata keçirən təşkilatlar əsassız yerə cərimələnirlər. Bu boşluqlar aradan qaldırılmalıdır. Ümumiyyətlə, Gömrük Məcəlləsində idxal anlayışının izahı verilməyib. Tutaq ki, vergi dedikdə dövlət tərəfindən tutulan məcburi ödəniş nəzərdə tutulur. İdxal, ixrac anlayışları isə bu cür izah olunmayıb. Hesab edirik ki, real təcrübədə yaranmış problemlərlə əlaqədər bank tərəfindən qoyulan müddət ümumi müəyyən olunmamalıdır, idxal olunan malların təsnifatı aparılmalı və ona uyğun müəyyənləşdirilməlidir. Cənab Prezidentin ölkənin sosial-iqtisadi rifahının yüksəlməsi istiqamətində atdığı addımlara kölgə salınmamalıdır. Həm müddət uzadılmalıdır, həm də məhkəmələr dövlət başçısının göstərişini başqa istiqamətə yozmamalıdırlar. Onlar obyektiv araşdırmanı təmin etməldirlər. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Şəxs MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan müəssisə kimi nizamnaməsində göstərilən hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur və nazirliyin qabaqcıl müəssisələrindən biri kimi fəaliyyət göstərir. Müəssisədə istehsal olunan məhsullar ( hərbi təyinatlı məmulatlar) dövlətin müdafiəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Şəxs MMC-nin strateji əhəmiyyətli dövlət müəssisəsi olması, zavodun nizamnaməsində göstərilən məhsulların istehsalı ilə məşğul olması, istehsal olunan məhsulların dövlətin müdafiəsi üçün çox mühüm əhəmiyyət kəsb etməsi, zavodun maliyyə vəziyətinin müvəqqəti olaraq ağır olması məhkəmə tərəfindən nəzərə alınaraq bankın tərtib etdiyi protokolun ləğv edilməsi və müəssisə barəsində cərimə tətbiq edilməməsini xahiş etmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin əməkdaşı Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflərindən tərtib edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(032)-96/2024 saylı inzibati işdə təqdim olunmuş YGB-lərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-lər bank tərəfindən MMC-nin digər ödənişlərinin bəyan olunmasında istifadə olunmuşdur. Buna görə də hazırki köçürmədə istifadə olunması mümkün deyildir. Şəxs MMC-in hazırki avans ödənişinin statusu açıq olaraq qalmaqdadır. Odur ki, MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şəxs MMC-in 13 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Speşmaşininjirinq” şirkəti arasında qarşılıqlı bağlanmış və hazırda qüvvədə olan xx/xx-2021 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müqavilənin tərkib hissəsi sayılan 1 saylı əlavədə nəzərdə tutulan avadanlıqların ölkəyə idxal edilməsi istiqamətində müqavilənin şərtlərinə uyğun “Tədarükçü”-nün hesablaşma hesabına müxtəlif vaxtlarda ödəniş olunmuş və olunan ödənişin qarşılığında müəyyən avadanlıqlar (4 ədəd avadanlıq) ölkəyə idxal edilmişdir. Bunlar aşağıdakı kimidir:

1. Müəssisə tərəfindən xx.xx.2021-ci il tarixində 400 000,00 ABŞ dolları “Tədarükçü”nün hesabına köçürülmüş və “Tədarükçü” öz növbəsində xx.xx.2022-ci il tarixdə 99 300,00 ABŞ dolları məbləğində 1 ədəd "xxxx"-nu ölkəyə idxal etmişdir.

2. Müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdə 250 000,00 ABŞ dolları; xx.xx.2021-ci il tarixdə 356 000,00 ABŞ dolları; xx.xx.2021-ci il tarixdə 300 050,00 ABŞ dolları “Tədarükçü”nün hesabına köçürülmüş və “Tədarükçü”- öz növbəsində xx.xx.2022-ci il tarixdə 3 ədəd qurğunu 141 500,00 ABŞ dolları məbləğində “X1” (Model BRM-1 Güllə sürtmə maşını qrafitləşdirmənin texnoloji əməliyyatını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur “2 ədəd”) və "xxxx" (Model VCM-6 Vibrosirkulyasiya qurğusu yumşalma əməliyyatında əvvəl iş hissələrini avtomatik rejimdə (yuyulma) kimyəvi emal üçün nəzərdə tutulmuşdur “1 ədəd”) ölkəyə idxal etmişdir. Tədarükçü “Spesmaşininjirinq” Səhmdar Cəmiyyəti ilə Şəxs MMC arasında bağlanmış xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilədə göstərilmişdir ki, müqavilənin ümumi məbləği 2612 100 ABŞ dolları təşkil edir. Müqavilə məbləğinin 50%-ni Alıcı Tədarükçünün təqdim etdiyi hesab əsasında avans ödənişi ilə bu müqavilə imzalandığı gündən etibarən 10 bank günü ərzində, qalan 50%-i ilk ödənişdən 10 bank günündən sonra ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən Tədarükçü malı hazırlayacaq və avans ödənişin Tədarükçünün hesablaşma hesabına daxil olduğu andan etibarən 24 ay ərzində malın tədarükə hazırlığı barədə alıcını xəbərdar edəcək. Şəxs MMC tərəfindən “Spetsmaşininginirinq” SC-nin baş direktoru Mixail Aleksandroviçə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən Təchizatçı avans ödənişin onun hesablaşma hesabına daxil olduğu andan sonra 24 ay ərzində malı çatdırılmaya hazır vəziyyətə gətirərək, alıcını bu barədə məlumatlandırmalıdır. Ödəniş 2021-ci ilin dekabr ayında tam edilmişdir. Bununla əlaqədar olaraq təşkilat malı tam həcmdə almadığına görə bankla problemlər yaranmışdır. “Spetsmaşininjinirinq” Səhmdar Cəmiyyətinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, müqavilə üzrə çatdırılma müddəti avans ödənişinin Təchizatçının hesablaşma hesabına daxil olduğu andan sonra 21 ay kimi müəyyən edilib. xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə avans ödənişin köçürülməsi xx.xx.2021-ci il tarixdə, 356 000,00 ABŞ dolları olmuşdur. xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə uyğun olaraq son ödəmə tarixi və malın son çatdırılma tarixi xx.xx.2024-cü ildir. Bununla bağlı avadanlıq son hazırlıq mərhələsindədir. xx.xx.2023-cü il tarixindən sonra xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin spesifikasiyasının 8 mövqeyindən ibarət hazır məhsulu hərbi təyinatlı məhsul kateqoriyasına aid olub-olmaması və müvafiq rəyin verilməsi məqsədi ilə hərbi-texniki əməkdaşlıq üzrə Federal xidməti tərəfindən baxılma mərhələsindədir. "xxxx" ASC-in 29 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrə dair cədvəldə göstərilmişdir ki, Şəxs MMC 356,000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüşdür. Təmsilçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi ilə sifarişçi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Şəxs MMC arasında xx.xx.2022-ci il tarixdə, 024-Ş nömrəli elektron sənəd mübadiləsi yolu ilə Gömrük rəsmiləşdirilməsi üçün təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Qısa idxal bəyannamələrindən görünür ki, “Spetsmaşininginirinq” SC-dən xx.xx.2022-ci il tarixdə 99300,00 ABŞ dolları məbləğində vibrosirkulyasiya qurğusu, xx.xx.2022-ci il tarixdə 54000.00 ABŞ dolları məbləğində X1, xx.xx.2022-ci il tarixdə 99300,00 ABŞ dolları məbləğində vibrosirkulyasiya qurğusu sifariş edilmiş, idxal mərhələsindədir. Gömrük bəyannaməsindən görünür ki, “Spetsmaşininginirinq” Səhmdar Cəmiyyəti Şəxs MMC-yə xx.xx.2022-ci il tarixdə invoys dəyəri 99 300,00 ABŞ dolları olan "xxxx", xx.xx.2022-ci il tarixdə isə invoys dəyəri 54 000,00 ABŞ dolları olan “Güllə sürtmə” maşını tədarük etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, müdafiə təyinatlı məlumatların istehsalı məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC ilə Rusiya Federasiyasının "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx/xx-2021 nömrəli kontrakta əsasən xx.xx.2022-ci il tarixli 15,19 və 20 nömrəli hesab-fakturalar üzrə ümumi dəyəri 141500,00 ABŞ dolları olan avadanlıqlar Şəxs MMC-nin ünvanına göndərilmişdir.

Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli qərarına əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyinə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci 16 dekabr il tarixli Qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o, cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Hazırki inzibati protokol üzrə inzibati məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin inzibati qaydada tənbehlənməsindən öncə məhkəmə, yuxarı instansiya məhkəməsinin tövsiyyəsinə əsasən inzibati məsuliyyətin sütünü olan əməlin tərkibini birbaşa formalaşdıran təqsir məhfumuna toxunmağı zəruri bilir. Belə ki, yuxarıda qeyd olunduğu kimi yalnız bu İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərinə adekvat olaraq səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin təqsirləndirildiyi müvafiq maddə ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsiri, qorunan ictimai münasibətlərə qarşı edilən qanunsuz əməlin qəsdi müəyyən edilməli, baxılan əməlin inzibati xəta kimi xarakteri tədqiq edilməlidir. İlk öncə araşdırılan xətaya münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliklə bu kimi qoruyucu tədbirlərin həyata keçirilməsində məqsəd təbii ki, sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, valyuta nəzarətinin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması və ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmişdir. Müasir dövrdə iqtisadi münasibətlərin və xarici ticarət əlaqələrinin həcminin artması iqtisadi fəaliyyətin inkişafı üçün yaradılmış münbit şəraitə əsaslanır. Xarici iqtisadi fəaliyyət ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq, maliyyə, valyuta və kredit münasibətlərinin məcmusu kimi çıxış edir. Ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür və bu fəaliyyəti subyektlər müqavilə azadlığı şəraitində həyata keçirirlər. Əlbətdə qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. (Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad) Bəzi hallarda hüquqi və fiziki şəxslər öz sahibkarlıq fəaliyyətlərini həyata keçirərkən idxal və ixrac etdikləri malların, gördükləri işlərin və xidmətlərin müqabilində vəsaitlərin qanunla nəzərdə tutulmuş müddətlər çərçivəsində dövriyyəsini şəxsin iradəsindən asılı olmayan səbəblərdən – hazırki iş üzrə məsələn qarşı tərəfin öhdəliyini gecikdirməsi, vaxtında icra etməməsi kimi hallardan qaynaqlanır və nəticədə qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zamana başa gəlir. Baxılan işin faktiki hallarından görünür ki, Şəxs MMC müqavilə bağladığı xarici şəxs ilə müqavilənin predmeti və mahiyyətindən irəli gələn bir çox işləri görmüş, malları idxal etmiş, müəyyən qismi isə hazırda qarşı tərəfin özünün yazışmasında qeyd etdiyi kimi hərbi təyinatlı məhsul kateqoriyasına aid olub-olmaması və müvafiq rəyin verilməsi məqsədi ilə hərbitexniki əməkdaşlıq üzrə Federal xidməti tərəfindən baxılma mərhələsindədir. Qeyd olunanlar Cəmiyyəti passiv davranışda günahlı bilib, xaricə “təyanatsız və ya yalan təyinatla valyuta köçürməkdə” ittiham etmək üçün kifayət qədər tutarlı səbəblərin olmadığına dəlalət edir. Həmçinin məhkəmə hesab edir ki, yalnız idxal hesablaşmalarına dair müddət tələbinə əməl edilməməsi meyarına əsasən mövcud vəziyyəti qiymətləndirib şəxsi inzibati qaydada tənbehləmək qanunun ədalət prinsipinə xələl gətirə bilər. Məhkəmənin sadəcə inzibati protokol və artıq qeyd edildiyi kimi səlahiyyətli orqanın şəxsin təqsirli bilinməsinə dair valyutanın hərəkəti barədə müəyyən edilmiş müddət məhdudiyyətindən kənara çıxması əsasları ilə barəsində maddədə nəzərdə tutulmuş yüksək məbləğdə cərimənin hesablanaraq tutulması, bununla da sonuncunun maliyyə vəziyyətinin pisləşməsi, idxal edilməsi nəzərdə tutulan hərbi təyantlı mallardan gələcəkdə faydalı istiqamətdə istismarının da qarşısının alınması ilə bərabər hazırki inzibati protokola baxılmasına da formal mövqedən yanaşmaq deməkdir. O cümlədən Şəxs MMC-in Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan xüsusi əhəmiyyətli dövlət müəssisəsi olmasını və dövlət sifarişi əsasında hərbi təyinatlı məhsullar istehsal etməsini, müqavilə əsasında nəzərdə tutulan malların ölkəyə gətirilməsində mövcud olan gecikmənin üzürlü səbəbdən olmasını, müqavilənin şərtlərinə əsasən müəssisə tərəfindən öhdəlik tam yerinə yetirilsə də satıcı şirkət tərəfindən qismən yerinə yetirilməsini, dəzgahların əksəriyyətinin artıq Şəxs MMC-yə gətirilib quraşdırılaraq istifadəyə verilməsini məhkəmə diqqətdən qaçırmır. Beləliklə, məhkəmə bütün fikirləri ümumiləşdirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil, yəni inzibati xəta haqqında protokolda göstərilən inzibati hüquqpozma məhkəmə iclasında öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub,

qərara aldı:

Şəxs MMC barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar