Məhkəmə qərarları › İş №3(032)-976/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-976/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-976/2024 16.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri Füzuli parkında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki , xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri H.Əliyev prospektində “Füzuli” parkında dostu ilə gəzməyə çıxmış , onunla uca səslə zarafatlaşıb gülmüşlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər, onlar da polis əməkdaşları ilə razılaşıb polis şöbəsinə getmişlər. O, həmin vaxt nalayiq ifadə işlətməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis nəfəri X1 izahat verərək bildirdi ki, Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən həmin ərazidə yerləşən “Füzuli” parkında iki nəfər şəxsin ucadan səs-küy saldıqlarını və bu səsin ətrafdakıları narahat etdiklərini görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edib səs-küy salan şəxsləri nizam-intizama dəvət etsələr də həmin şəxslər öz hərəkətlərinə davam etmişlər. Bundan sonra Şəxs Şirvan şəhər X3 hissəsinə təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 12.00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan Şirvan şəhər Füzuli parkında ətrafda insanların olduğu bir yerdə ətrafa etinasızlıq və hörmətsizlik göstərərək səs-küy salması (şahid izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2024-cü il tarixdə törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir . Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə ona həmin maddə ilə inzibati cərimə tətbiq edilməlidir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti , onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, inzbati xəta törədən şəxsin əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nın 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş xx.xx.2005-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay , işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin və bir gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar