Məhkəmə qərarları › İş №3(032)-978/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-978/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-978/2025 15.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Əli Bayamlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 15 sentyabr 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. 15 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən “Avto Planet” adlı mağazada Hikmət adlı şəxsi ucadan səs-küy salaraq təhqir etmiş və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, Şəxs Şirvan şəhərində yerləşən “Avto Planet” mağazasından səsgücləndirici vasitə və digər aksesuarlar almış, borcundan təxminən 600 manat ödəniş etmiş, 250 manat borcu qalmışdır. Daha sonra həmin şəxsə zəng edərək borcunu ödəməsini bildirmiş, Elvin isə Kərbəla ziyarətinə gedəcəyini, qayıdıb gəldikdən sonra borcunu ödəyəcəyini bildirmiş, həmin vaxtdan 1 ay yarım vaxt keçdikdən sonra yenidən zəng etmiş, sonuncu nömrələr silindiyi üçün zəng edə bilmədiyini demiş, daha sonra telefonda aldığı malların ona baha satıldığın bildirmiş, o da bunun telefon söhbəti olmadığını, mağazaya yaxınlaşmasını demişdir. Daha sonra Elvin mağazaya tanımadığı 1 nəfər şəxslə gəlmişdir. Söhbət əsasnasında Elvinə malları baha verilmədiyini deyəndən sonra Elvin “məndən pul görərsən” deyərək mağazadan çıxmış, gedib avtomobilinə oturmuş, o da dərhal mobil telefonunu götürərək Elvini çəkməyə başlamış və ona “sən mənə pulu verməyəcəksən də hə?” deyərək onu kameraya çəkmişdir. Elvin ona nalayiq ifadələr işlətmiş və maşınını sürərək getmişdor. Elvinin ona işlətmiş olduğu nalayiq ifadələri kamera vasitəsi ilə çəkə bilməmişdir. Həmin vaxt orada firma işçisi, sonradan adını bildiyi mülki geyim formasında olan polis əməkdaşı və mağazanın yan tərəfində olan sex işçiləri olmuşdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirdi ki, Şirvan şəhərində yerləşən “Avto Planet” mağazasından səsgücləndiri vasitə və digər aksesuarlar almış, ümumilikdə oranın sahibi Hikmətə 820 manat pul ödəmiş, 242 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixdə Hikmət onu mağazağa çağırmış, o da getmişdir. Hikmətə Kərbəla ziyarətinə getdiyini demiş və ödəniş etməyə imkanının olmadığını bildirmiş və yaxın müddətdə pulu ödəyəcəyini demişdir. Həmçinin bu malların ona baha satıldığını, Bakı şəhərində həmin malların daha ucuz qiymətə satıldığını demişdir. Eyni zamanda o Hikmətə “pulu sənə qaytarmayacam” sözünü deməmiş, ona cavab olaraq əsəbindən “ged işinlə məşğul ol” ifadəsini işlətmişdir. Əməlində hər hansı bir inzibati xəta tərkibi yoxdur. Sonda məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da inzibati xəta növündə xırda xuliqanlığın obyektiv tərəfi aşağıda göstərilən 02 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın pozulması; 2) fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi. Buna görə də, əməlin xırda xuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər ikisi mövcud olmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, əməlin xırda xuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin əlamətləri kimi ictimai qaydanın pozulması kimi müşayiət edilməyən hərəkətlər nəzərdə tutulmuşdur. İnzibati iş üzrə araşdırma zərərçəkmiş şəxsin müraciəti əsasında aparılmışdır. Halın sübutu olaraq zərərçəkmiş şəxsin təqdim etmiş olduğu video və kamera çəkilişləri əsas götürülmüşdür. Lakin məhkəmə tərəfindən təqdim edilmiş video və kamera çəkilişlərinə baxış keçirilərkən Şəxs tərəfindən ictimai qaydanın pozulması halı aşkar edilməmişdir. Maddi hüquq normasının dispozisiyasında qeyd edilən fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi ilə bağlı isə zərərçəkmiş şəxs tərəfindən hər hansı bir müraciət olunmamış və bu hal məhkəmə iclasında mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat üzrə təqsirsizliyini sübut etməyə borclu olmayan, təqsirli olması barəsində şübhələr xeyrinə həll edilən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərədə tutulmuş inzibati xəta tərkibinin olmasına dair şübhələr Şəxsinun xeyrinə həll edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar