Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-979/2024 16.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 16 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri etiraf etməyərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə qonşusu ilə yaşadığı evdə yeyib-içmiş, qonşusunun ona 130 manat borcu olmuşdur. Həmin günü qonşusu ona zəng edərək 60 manat borc pul istəmiş, axşama təqaüdlərin köçəcəyini, həmin vaxt pulu qaytaracağını söz vermiş, o da bununla razılaşaraq onun kartına 60 manat pulu atmışdır. Axşam olsa da, o, pulu qaytarmamış, ona zəng edərək pulu qaytarmasını demiş, o da 5-10 dəqiqə gözləməsini bildirmiş, onu gözləməyərək pulu almaq üçün getmişdir. Görüşdükləri zaman qonşusu ona əməliyyatçıların onu axtardığını demiş, bu vaxt polis əməkdaşları gəlmiş, o da əlində olan bükümü yerə ataraq qaçıb getmişdir. Polis əməkdaşları ondan yerə atılanın nə olduğunu soruşsa da, məlumatı olmadığını demişdir. Polis əməkdaşları onu şöbəyə aparmış, daha sonra yaşadığı mənzilə gətirmişlər. Şöbədən gəldikdən sonra velosipedinin oğurlanmasını görmüş, bu barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları gələrək onu şöbəyə dəvət etmişlər. Lakin onun tərəfindən küçədə hər hansı nalayiq ifadələr işlədilməmiş, polisə qarşı heç bir tabesizlik göstərməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahiəsinə buraxdığını bildirdi Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Şahid2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cu il saat 04:31da DİN-nin 102 zəng xidmətinə Şəxs bir neçə dəfə zəng edərək, yalan məlumat verərək velospedinin oğurlanmasını bildirmişdir. Hadisə yerinə gedən CAB-nin əməliyyat müvəkili polis leytenantı Ayxan Piriyev TB-nin təhqiqatçısı polis mayoru Yusif Əhmədov PPXB-nin polis nəfərləri Əli İsmayılov və Şahid1 ilə birlikdə həmin ünvana getmişlər, lakin orada olan Şəxs yaşadığı küçədə nalayiq ifadələr işlətmiş, onu bir neçə dəfə nizam-intizama dəvət etsələr də, lakin həmin şəxs sərxoş halda onların qanunu tələblərinə məhəl qoymayaraq öz kobud hərəkətlərini davam etdirmişdir. Həmçinin şəxsin velosipedi oğurlanmamış, öz yanında olmuşdur. Bu səbəbdən də tərəflərindən şəxs polis gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Hal-hazırda velosiped Şirvan şəhər polis şöbəsindədir, lakin bu barədə hər hansı akt tərtib edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 noyabr 2024-cü il tarixdə, saat 04:30-da inzibati qaydada tutulmuş, 16 noyabr 2024-cü il tarixdə 16:15-də azad edilmişdir. xx.xx.2024-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 1.347% müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Səlim X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-979/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-979/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver