Məhkəmə qərarları › İş №3(032)-982/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-982/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-982/2024 18.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sabirabad rayonu, Zalqarağac kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində “Leyla” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə ictimai asayişi pozmaqla səs-küy salmış və polisin qanuni tələbinə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə toy məclisində iştirak etmişdir. Həmin vaxt tanımadığı Şirvan şəhər sakini toyda dava salmış, onu toydan çıxarmışlar. Qohumu Elçin ilə birlikdə toydan çıxıb evə getmək üçün sarayın həyətində dayanmışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Sərxoş vəziyyətdə olmuşlar. Polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Polisin qanuni tələblərinə məhəl qoymamışlar. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları vaxt prospektin kənarında yerləşən “Leyla” şadlıq sarayının qarşısında 2 nəfər naməlum şəxsin mübahisə etdiyini görmüşlər. Bu vaxt həmin yerə yaxınlaşaraq həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Lakin həmin naməlum şəxslər nizam-intizama dəvət edilsələr də, içkili vəziyyətdə olduqları üçün polisin qanuni tələblərinə məhəl qoymayaraq nalayiq söyüşlər söyərək öz qərəzli hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə tabesizlik göstərmişlər. Bu səbəbdən həmin şəxslər tərəflərindən Şirvan ŞPŞnin növbətçi hissəsinə gətirilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxslər 1986-cı il təvəllüdlü X4 və 1993-cü il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X3 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, X2 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində “Leyla” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə ictimai asayişi pozmaqla səs-küy salmış və polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 23:45-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 1,268% müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində “Leyla” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə ictimai asayişi pozmaqla səs-küy salmış və polisin qanuni tələbinə məhəl qoymamışdır. Bununla da, Qarayev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal, həmin əməli sərxoş halda törəməsini isə İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Qarayev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 noyabr 2024-cü il tarixdən, saat 23:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar