Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-997/2024 22.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şirvan şəhər Yol patrul xidməti baş inspektor polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-in 511.1.2-ci maddəsi ilə xx.xx.2024-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə avtomobilin təkərini yolun səthindən qaldırmaqla idarə edərək avtoxuliqanlıq hərəkətlərini etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o hər hansı bir avtoxuliqanlıq etməyib. Bu video çəkilən vaxt hərbi xidmətdən yeni gəlmiş, avtomobili o idarə etməmişdir. Həmçinin həmin avtomobil xx.xx.2024-cü il tarixdə başqa bir şəxsə satılmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şirvan şəhər Yol patrul xidməti baş inspektor polis baş leytenantı X2 bildirdi ki, Şəxs toy karvanında idarə etdiyi avtomobilin yolun səthindən qaldırmaqla idarə edərək avtoxuliqanlıq hərəkətlərini etmişdir. Hadisənin baş verməsi polis şöbəsində sosial şəbəkələrə nəzarət zamanı “tik-tok” sosial şəbəkəsinə yerləşdirilmiş videoya baxış zamanı aşkar olunmuş və həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər X10 İnzibati təcrübə üzrə baş inspektoru şahid qismində X4 izahat verərək bildirdi ki, Şəxs toy karvanında idarə etdiyi avtomobilin yolun səthindən qaldırmaqla idarə edərək avtoxuliqanlıq hərəkətlərini etmişdir. Şəxs tərəfindən həmin inzibati xətanın törədilməsi sosial şəbəkəyə yerləşdirilmiş video vasitəsi ilə müəyyən olunmuş, şəxsin izahatı alınmış, şəxs öz izahatında hadisəni törətdiyini etiraf etmişdir. İnzibati xəta təxminən 5-6 ay bundan qabaq törədilmişdir, lakin xətanın dəqiq nə vaxt törədilməsini bilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Şirvan şəhər Yol patrul xidməti baş inspektor polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:58 radələrində “Vaz 21074” minik markalı ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 “Vaz 21074” minik markalı ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixdə bir il müddətinə verilmiş, xx.xx.2025-ci il tarixə saat 23:59-dək qüvvədədir. Məhkəmə iclasında təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, “Vaz 21074” minik markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil bir neçə dəfə manevr etmişdir, lakin həmin avtomobilin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən idarə edilməsi, həmçinin həmin hadisənin nə zaman baş verməsini həmin videogörüntüdən müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Odur ki, hazırki iş üzrə baş vermiş hadisənin sosial şəbəkələrə nəzarət zamanı “tiktok” sosial şəbəkəsinə yerləşdirilmiş videoya baxış zamanı aşkar edilməsi və nəticəsində “Vaz 21074” minik markalı ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən idarə edilməsinin, həmçinin həmin hadisənin nə zaman baş verməsininin məhkəməyə təqdim edilmiş videogörüntüdən müəyyən edilməsinin mümkün olmaması kimi halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 511.1.2-ci maddəsində ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-997/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-997/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver