Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-1/2023 09.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Zaqatala Rayon Polis X19 Polisi Bölməsinin İTÜİ-ru polis leytenantı X6 və şikayət verən şəxs X7 iştirakları ilə “Zaqatala Rayonu DYPB-nin polis leytenantı X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X12 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə” barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə və barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarxili İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və tənbeh tətbiq etmə haqqında qərarı qanunsuz hesab edərək qərarın ləğv edilməsi barədə məhkəməyə şikayət ərizəsi yazmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarı ilə DYP-nin həmin qərarı ləğv edilmiş və inzibati xəta haqqında protokola baxılması üçün geri qaytarılmışdır. Məhkəmənin qərarı xx.xx.2022-ci il tarixdə elektron kabinetə qoyulduğundan xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün Zaqatala rayon Polis Şöbəsinə göndərilmişdir. Həmin tarixdən uzun müddət keçinəsinə baxmayaraq inzibati xəta haqqında protokola baxılması üçün hər hansı bir bildiriş ona təqdim olunmamışdır. Lakin telefonuna xx.xx.2022-ci il tarixdə saat 18:05 dəqiqədə mesaj gələrək ** FA *** dövlət nömrə nişanlı avtomobilin 400 AZN və 5 bal cərimə edilməsi qeyd olunmuşdur. Hesab edir ki, Zaqatala rayon Polis Şöbəsinin səlahiyyətli və vəzifəli şəxsləri Zaqatala rayon Məhkəməsinin qərarında göstərilən tələblərə əməl etmədən Zaqatala rayon Məhkəməsinin qərarının qanuni qüvvəsini almasını və icraya göndərilməsi müddətini gözləmədən və ona hər hansı bir məlumat, bildiriş vermədən məhkəmənin qərarı ilə ləğv edilmiş qərarı yenidən qəbul edərək elektron informasiya sisteminə yerləşdirmişlər. O bu barədə Zaqatala RPŞ-nə ərizə ünvanlamışdır. Həmin ərizəyə hələlik cavab gəlməmişdir. Buna görə də barəsində qəbul edilmiş qərarın nömrəsini, seriyasını, hansı vəzifəli şəxs tərəfindən qəbul edilməsini şikayətində qeyd edə bilmir. Məhkəmə şikayətinə baxan müddətdə həmin məlumatlar ona daxil olarsa şikayətinə dəqiqləşdirməyə dair ərizə təqdim edəcək. Barəsində qəbul edilmiş qərarın surətini almadan şikayət verməkdə məqsədi isə gələcəkdə şikayət vermə müddətinin ötürülməsi səbəbi ilə geri qaytarılmasının qarşısını almaqdır. Barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanunsuz hesab edir. Birinci şikayətində qeyd olunan faktları təsdiq edir. Belə ki, xx.xx.2022-ci il tarixdə Aşağı Tala kəndi ərazisində mülkiyyətində olan ** FA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Zaqatala rayon Polis Şöbəsinin istifadəsində olan dövlət nömrə nişanının sonu 585 və 586 nömrəli DYP avtomobilləri və onların içərisində olan 5 nəfər dövlət yol polisi arxasınca hərəkət edərək saxlanılması üçün heç bir əsaslı səbəb olmadan mikrafon vasitəsi ilə ona "saxla" işarəsi verilmişdir. Avtomobili saxladıqdan sonra inspektor Təbriz Nəsirov ona yaxınlaşaraq avtomobilin arxa dövlət nömrə nişanı üzərindəki işığın yanmadığını, həmin səbəblə onu saxladığını bildirdi və avtomobilin və onun sürücülük vəsiqəsini tələb etdi. O sənədlərini təqdim etdikdən sonra o, ona sərxoşluğunun yoxlanılması üçün alkotestrdən istifadə etməyini xahiş etmiş, o da etiraz etməyərək alkotestrdən bir dəfə üfürmüşdür. Alkotestr göstərmədi, təkrar üfürməyini xahiş etmiş, təkrar üfürmüşdür. Bundan sonra inspektor ona bildirmişdir ki, alkotestr guya onun sərxoş olmağını göstərir. O, isə inspektora bildirmişdir ki, özü sərxoş deyil. Polis inspektoru, ondan avtomobili tərk etməsini xahiş etmiş, o avtomobildən düşmüş və ona avtomobilinin arxasında dövlət nömrə nişanının üzərində olan işıqlardan birini göstərərək həmin işığın yanmadığını bildirərək barəsində protokol tərtib etmək istədiyini bildirmişdir. O, isə buna etiraz etməmişdir. Baş inspektor bununla əlaqədar protokol tərtib etmiş və ona bildirmişdir ki, başqa sürücülük vəsiqəsi olan şəxs gəlib avtomobili sürə bilər. O da avtomobili sürmək üçün başqa bir şəxs dəvət etmişdir. Protokolun surətini almış və gecə vaxtı olduğuna görə oxumaqla əlaqədar gözlərində problem olduğuna görə onun yazdığı protokolu axşam oxuya bilməmiş və əhəmiyyət də verməmişdir ki, avtomobildə olan işıqların hansınınsa yanmaması ilə əlaqədar inzibati xətaya görə yüngül cərimə cəzası nəzərdə tutulub və həmin cəriməni ödəyər. Evə gəldikdən sonra protokolu oxumuş və protokolda görmüşdür ki, işıqların yanmaması ilə bağlı hər hansı bir maddə yazılmayıb, əksinə protokolda İXM-nin 333.1-ci maddəsi, yəni, sərxoş halda avtomobili idarə etməsinə dair inzibati xəta törətməyi ilə bağlı protokol tərtib olunub. Həmin protokolla o razı deyil, ona görə ki, sərxoşluq vəziyyətinin yoxlanmasına dair hər hansı bir xüsusi vasitədən istifadə edilən zaman protokolda həmin xüsusi texniki vasitənin yəni, alkotestrin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt protokola qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydalarının 4 nömrəli əlavəsinin İİ bəndində qeyd olunur ki, texniki vasitə ilə aparılan ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə texniki vasitənin konstruksiyasının proqramı təminatı daxil olmaqla onun müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu təmin etməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir. Adı çəkilən təşkilat tərəfindən standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikat verilir. Həmin sertifikatda texniki vasitənin etibarlılıq müddəti və ölçmə vasitəsinin adı qeyd olunur. Təbriz Nəsirovun ona təklif etdiyi alkotestrin isə kimə məxsus olması, onun özünə məxsus olubolmaması və yaxud da Zaqatala rayon Polis Şöbəsinin istifadəsində olub-olmaması barədə protokolda heç bir məlumat qeyd olunmadığına görə həmin alkotestr əsasında onun sərxoş olmasının müəyyən edilməsi qanuna ziddir. Bundan başqa Təbriz Nəsirov onun sərxoşluğunu yoxlamazdan əvvəl Yol Patrul Xidməti haqqında təlimata əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol tərtib etməli idi. Həmin protokolun bir nüsxəsi ona imza etdirilməklə ona təqdim edilməli idi. Belə bir protokol tərtib olunmadığına görə sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair edilmiş hərəkətlər qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.2-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən texniki vasitələrdən, alkotestrdən istifadə etməlidir. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasını 0.3 promili və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sərxoşluq vəziyyəti müəyyən olunarsa polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilir, müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Barəsində tərtib edilmiş protokola sərxoşluq vəziyyətinə dair müayinənin nəticəsini əks etdirən sənəd əlavə edilməmiş və ona təqdim edilməmişdir. Buna görə də hesab edir ki, polis əməkdaşının əlində olan xüsusi texniki vasitə xüsusi qurma bir işin nəticəsidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol Patrulu xidməti haqqında təlimat'ın 5.1-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qayda pozuntularını qeydə alan texniki vasitələr... və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Həmin maddənin qeyd hissəsində yazılmışdır ki, metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda avtomobilin saxlanmasına səbəb olmuş maddə, yəni işıq cihazlarının işləməməsi qeyd olunmamışdır və avtomobilində də işıq cihazları hamısı işlək vəziyyətdədir, hər hansı bir yol hərəkəti qaydalarını pozmadığına görə Təbriz Nəsirovun onu saxlaması qanunsuz hərəkət hesab olunur. Onun bütün bu hərəkətlərini, eyni zamanda 2 Dövlət yol polis avtomobilinin onun ardınca gəlməsini onun vəkillik fəaliyyəti ilə əlaqələndirir. Vəkillik fəaliyyətini həyata keçirməyə maneələr törətməkdə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları davam edirlər, bununla əlaqədar müvafiq sənədləri Zaqatala rayon Polis əməkdaşlarının qanunsuz hərəkətlərindən, vətəndaşlara göstərdiyi hüquqi xidmətlə bağlı şikayətlərin tərtib edilməsinə dair hüquqi xidmət göstərdiyinə görə DYP əməkdaşları 2 avtomobillə kəndin ara yolunda bir-birinin ardınca 5 nəfər olmaqla gələrək onu şantaj etmək, nəticədə şərləyərək böhtan atmaq fikirlərində olmuşlar. Apardığı araşdırma nəticəsində bu tapşırığın da Zaqatala RPŞ-nin müavini Samir Məmmədov tərəfindən olduğunu aşkar etmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokolun da qanun pozuntularını saymaqla bitmir. Belə ki, Daxili İşlər Nazirliyinin “Yol Patrul Xidməti haqqında təlimatı”nda qeyd olunur ki, YPX inspektoru alkotestri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədi ilə nəfəs verilməklə yoxlanılır. Müayinə olunan şəxs sərxoş olmasını etiraf edərək alkotestrin nəticəsi ilə razı qaldıqda, bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olub-olmaması qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, həmin vaxtı onun sərxoş olmasını müəyyən edən müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunmalı idi və bu hərəkət 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilməli idi. İnzibati xəta haqqında protokolda göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yeri, dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasının sənədinin nömrəsi və tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməyən və qanunla müəyyən edilmiş sertifikatı olmayan, eyni zamanda müayinənin nəticəsinin kağızdaşıyıcıda əks etdirməyən hər hansı xüsusi texniki vasitə ilə sərxoşluğun müəyyən edilməsi qanunsuz bir hərəkətdir. Həmin texniki vasitənin göstəriciləri onun sərxoş olmasını müəyyən etməsi qununla qadağandır. Əldə etdiyi məlumata görə Zaqatala rayon Polis Şöbəsinin DYPB-də 2 növ alkotestr vardır. Həmin alkotestrin biri müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirir, digər alkotestrin isə belə bir kağızdaşıyıcısı yoxdur. Kağızdaşıyıcı müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən alkotestrin verdiyi müayinənin nəticəsi yazılan kağızda müayinə olunan şəxsin adı, familiyası qeyd olunmalı və həmin alkotestrin verdiyi kağızdaşıyıcıya müayinə olunan şəxs öz imzasını atmalıdır. Əldə etdiyi məlumata əsasən polis əməkdaşları kağızdaşıyıcısı olan alkotestrdən müayinənin nəticəsini hər hansı bir yolla əldə etmişlər və inzibati xəta haqqında işə əlavə etmişlər. Müayinənin nəticəsinə dair kağızdaşıyıcısını, videogörüntüləri DYP-dən tələb etsə də ona təqdim olunmadı və ona bildirildi ki,qərardan şikayət verdiyi halda yalnız məhkəməyə təqdim oluna bilər. Buna görə də hesab edir ki, məhkəməyə təqdim olunan hər hansı bir alkotestrdən çıxarılmış müayinənin nəticələrinə dair kağızdaşıyıcı sübut kimi qəbul oluna bilməz ona görə ki, barəsində tərtib olunmuş protokolda həmin alkotestrin göstəriciləri sertifikat nömrəsi, markası modeli, dövlət yoxlamasından keçməsinə dair məlumatlar qeyd olunmamışdır. Ona görə də, İXM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi məhkəməyə təqdim olunacaq hər hansı bir alkotestrin göstəriciləri qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunmalıdır. Bütün bu hadisələri müşahidə edən hal şahidi X3 da məhkəmədə ifadə verməsi üçün dəvət olunması barədə məhkəmə qarşısında vəsatət qaldırır. Qeyd olunan maddənin tələbinə əsasən hesab edir ki, onun sərxoş olması ilə əlaqədar məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə tərtib olunmuş protokol qanuna zidd olaraq tərtib olunmuş, toplanmış sübutlar şübhəli olmaqla qanuna zidd olaraq əldə edilmiş, buna görə də İXM-nin 76.2-ci maddəsini əsas tutaraq həmin Məcəllənin 53.0.2 maddəsinə görə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırki şikayətində qeyd etdiyi əsaslar: Birinci şikayəti ilə əlaqədar məhkəmə araşdırması zamanı DYP-nin təqdim etdiyi video görüntülərə baxış keçirilmişdir. Həmin video görüntüdə onun inzibati xəta törətdiyini təsdiq edən sübutlar aşkar edilmədi. Video görüntüdən göründü ki, DYP-nin inspektoru tərəfindən ondan soruşulur ki, o spirtli içki qəbul etmişdirmi. Bu suala o ona -yox" cavabı vermiş. Daha sonra inspektorun alkotestrin yoxlama təklifini qəbul edərək 2 dəfə alkotestri üfürmüşdür. Lakin alkotestrdən sərxoşluqla bağlı hər hansı bir kağız daşıyıcının çıxdığı video görüntüdən görünmür.Bundan başqa məhkəmə iclasında inspektor Rəşad Nabatov dindirilərkən onun sualırıa cavab olaraq bildirmişdir ki, o alkotestrə üfürən zaman üfürdükdən sonra orada alkotestrdən hər hansı bir kağız daşıyıcı çıxmamışdır. Həmin kağız daşıyıcı sonradan çıxarılaraq protokola əlavə olundu.Göründüyü kimi o inzibati xəta törətməyi ilə bağlı razılaşmadığı şəraitdə barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirinin olub-olmamasını müəyyən etmək üçün sübut toplamadan, araşdırmadan məhkəmə qərarında qeyd olunan hallara əməl olunmadan protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışlar. O inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmış olsaydı inspektor Təbriz Nəsirovun spirtli içki qəbul edib-etmədiyinə, sərxoş olub-olmadığıma dair sualına “yox” cavabı verməzdi. Onun spirtli içki qəbul etməməyinə dair verdiyi cavab onu göstərir ki, o inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır Lakin buna baxmayaraq heç bir sübut toplamadan inzibati tənbeh verilmişdir. Sübut toplamaq isə inzibati orqanın üzərinə düşür. Təqsirliliyi sübut etmək yükü Məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Barəsində protokol tərtib edilmiş şəxs, yəni o sübut etməli deyil ki, inzibati xəta törətməmişdir.İXM-nin vəzifə və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamları onun xeyrimə həll etməli olması müəyyən edilib. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən həmin qərarda qeyd edilən əməlin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Hazırki iş üzrə qərarda isə konkret sübut göstərilmədiyi üçün belə bir qərar İXM-nin tələblərinə uyğun çıxarılmış qərar hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X15 şikayətini müdafiə edərək şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X12 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala ərazisində xidməti vəzifələrini icra edərkən ** FA *** dövlət nömrə nişanlı Hyundai İX 35 markalı avtomobilin sürücüsü tərəfindən sola dönmə zamanı sola dönmə işığından istifadə etmədiyinə görə ona səs gücləndiricisi vasitəsi saxlama əmri verilmişdir. ** FA *** dövlət nömrə nişanlı Hyundai İX 35 markalı avtomobilin sürücüsü avtomobili saxladıqdan sonra ona yaxınlaşaraq özünü təqdim etmiş, avtomobilə dair sənədləri və sürücülük vəsiqəsini təqdim etməsi sürücüdən tələb edilmişdir. Sürücü sənədləri təqdim etdikdə ondan alkoqol qoxusu gəldiyi üçün ona alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçməsi təklif olunmuş və sürücü Əhməd Nəbiyev müayinədən keçməyə razılaşmışdır. Bundan sonra, alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyəti müayinə edilmiş və alkoqol miqdarının 0,491 mg/l olduğu müəyyən edilmişdir. Alkotesterin qəbzinin Əhməd Nəbiyevə verilməsi təklif olunmuş, lakin o bundan imtina etmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və bir nüsxəsi ona təqdim edilmişdir. Protokol tərtib edilərkən Əhməd Nəbiyev protokolla razı olduğunu və heç bir etirazının olmadığını bildirmiş və bu məzmunda qeydi protokola əlavə edərək imzalamışdır. Eyni zamanda Əhməd Nəbiyev özü sürücülük hüququ olan başqa şəxsi dəvət edərək onunla birlikdə getmişdir. Baş vermiş bütün hadisələr yol patrul xidməti maşınına quraşdırılmış video registrator vasitəsi ilə qeydə alınmışdır. ** FA *** dövlət nömrə nişanlı Hyundai İX 35 markalı avtomobilin sürücüsü tərəfindən qayda pozuntusuna yol verildiyi üçün, yəni işıq cihazlarından istifadə etmədiyi üçün o, həmin avtomobili saxlamışdır. Hesab edir ki, şikayət əsassızdır, şikayətin rədd olunmasını, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs polis leytenantı X14 izahat verərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)-294/2022 nömrəli qərarı X23 Şöbəsinə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 333.1-ci maddəsi ilə barəsində tərtib olunmuş İXP4915797 saylı inzibati xəta haqqında protokola baxılması barədə bildiriş göndərilərək inzibati protokola xx.xx.2022-ci il tarixdə baxılacağı bildirilmişdir. Bildirişin göndərilməsinə dair poçt xəbərnaməsində bildirişin xx.xx.2022-ci il tarixdə Nəbiyeva tərəfindən təhvil alınması qeyd edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə İXP4915797 saylı inzibati xəta haqqında protokola baxılmış və onun əsasında xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərar qəbul edilmişdir. Həmin qərar X1 poçtla göndərilmiş və qərar poçt xəbərnaməsinə Nəbiyeva qeydi və imza edilməklə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Qərar daha sonra icra edilməsi üçün göndərilmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X13 bildirdi ki, o, Zaqatala Rayon Poçt Şöbəsində poçtalyon vəzifəsində işləyir və Zaqatala şəhəri N.Nərimanov küçəsi ünvanında yerləşən mənzillərə poçt göndərişlərinin çatdırılması onun vəzifəsidir. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən X9 aid ünvan 2 ünvana çatdırmış, lakin həmin məktubları şəxsən hər hansı şəxsə təhvil verməmişdir. O, həmin məktubları qapının qarşısına qoymuşdur. Həmin məktubların çatdırılmasına dair xəbərnamələrə və çatdırma vərəqlərinə o özü imza edərək və Nəbiyeva qeydi edərək həmin xəbərnamələri poçt şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X16 bildirdi ki, Zaqatala Rayon Poçt şöbəsində Şöbə müdiri vəzifəsində işləyir. X2 Rayon Poçt Şöbəsində onun müdiri olduğu şöbədə poçtalyon vəzifəsində işləyir və Zaqatala şəhəri N.Nərimanov küçəsi ünvanında yerləşən mənzillərə poçt göndərişlərinin çatdırılması onu vəzifəsidir. Hacı Kərimov həmin məktubları qeyd edilən ünvana çatdırmışdır. Lakin, Hacı Kərimov məktubların çatdırılmasına dair xəbərnamələrə və çatdırma vərəqlərinə özü imzalamalı deyildir. Bunun pozuntu olduğunu bilir. Məhkəmə şikayət verən şəxs X7 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X7 şikayəti qismən təmin edilməli, yəni 15 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X12 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:55-də Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol onu tərtib edən şəxs və X15 tərəfindən imzalanmışdır. Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X14 tərəfindən qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 xx.xx.2022-ci il tarixdə saat 22:55-də Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə edilmişdir. Zaqatala Rayon Polis X19 Polisi Bölməsinin İTÜİ-ru polis leytenantı X6 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X15 xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokola baxılması ilə bağlı məlumatlandırılmışdır. SS815719705AZ izlənmə nömrəli Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Zaqatala RPŞ DYPB-NİN İnzibati təcrübə İnspektoru tərəfindən X7 N.Nərimanov küçəsi ev 72 ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli poçt göndərişi xx.xx.2022-ci il tarixdə Zaqatala MXŞ-yə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə şəxsən qrafasına “Nəbiyeva” və bildiriş qeydi edilməklə, imza edilməklə təhvil verilmişdir. Elektron hökumət portalında yerləşdirilmiş Poçt göndərişinin izlənməsi bölməsindən çıxarışdan görünür ki, SS815719705AZ izlənmə nömrəli göndəriş məlumatlar bazasında aşkar edilməmişdir. SS815697973AZ izlənmə nömrəli Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Zaqatala RPŞ DYPB-nin İnzibati təcrübə İnspektoru tərəfindən X7 N.Nərimanov küçəsi ev 72 ünvanına göndərilmiş poçt göndərişi xx.xx.2022-ci il tarixdə Zaqatala MXŞ-yə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə şəxsən qrafasına “Nəbiyeva” və ******* qeydi edilməklə, imza edilməklə təhvil verilmişdir. Elektron hökumət portalında yerləşdirilmiş Poçt göndərişinin izlənməsi bölməsindən çıxarışdan görünür ki, SS815697973AZ izlənmə nömrəli göndəriş xx.xx.2022-ci il tarixdə mübadilə məntəqəsinə daxil olmuşdur. xx.xx.2022-ci il tarixli D**********01011 nömrəli çatdırma vərəqindən görünür ki, Əhməd Nəbiyevə ünvanlanmış SS815697973AZ izlənmə nömrəli Poçt göndərişi xx.xx.2022-ci il tarixdə İmza qrafasına imza edilməklə Nəbiyeva qeydi edilməklə təhvil alınmışdır. Məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddısinə əssən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X15 barəsində Zaqatala rayon Polis Şöbəsində aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». İşin hallarından görünür ki, Zaqatala Rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X12 tərəfindən X7 barəsində 23 sentyabr 2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, bundan sonra protokol tərtib edən orqan tərəfindən X9 protokola əsasən işin baxılmasının hansı tarixə təyin edilməsinə dair bildiriş tərtib edilsə də, həmin bildiriş Əhməd Nəbiyevə çatdırılmamışdır. Belə ki iş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, barəsində tərtib edilmiş İXP4915797 saylı xx.xx.2022-ci il tarixli protokola xx.xx.2022-ci il tarixdə baxılacağına dair X9 ünvanlanmış bildiriş tərtib edilmişdir. Həmin bildiriş xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon Poçt Şöbəsinin MXŞ –nə təhvil verilmiş və poçt tərəfindən göndərişə SS815719705AZ izləmə nömrəsi verilmişdir. Lakin elektron hökumət portalında yerləşdirilmiş Poçt göndərişinin izlənməsi bölməsindən çıxarışa əsasən SS815719705AZ izlənmə nömrəli göndəriş məlumatlar bazasında aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala Rayon Poçt Şöbəsinin poçtalyonu X13 da X9 ünvanlanmış poçt göndərişlərinin ona təhvil verilmədən özü tərəfindən poçt göndərişinin verilməsinə dair xəbərnaməyə və çatdırma vərəqinə müvafiq qeydlər edildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı əlavə edilmiş poçt göndərişi xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon Poçt Şöbəsinin MXŞ –nə təhvil verilmiş, lakin həmin göndəriş də Əhməd Nəbiyev tərəfindən təhvil alınmamışdır. Göründüyü kimi, səlahiyyətli orqan protokola baxılması üçün vaxtı müəyyən edərkən səhvə yol vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi məlumatlandırmamışdır. Bu da, barəsində protokol tərtib edilən şəxsin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə də, X10 çağırmadan, onun iştirakını təmin etmədən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan Zaqatala Rayon Polis X19 Polisi Bölməsinin polis leytenantı X14 tərəfindən 15 noyabr 2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşin faktiki hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələblərini pozmuş, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına (icraat başlandığına) dair məlumat verilməmiş, onun icraatda iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində və s. əlaqəli müddəalarında nəzərdə tutulan hüquqları pozulmuşdur. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Zaqatala Rayon Polis X19 Polisi Bölməsinin polis leytenantı X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Polis X19 Polisi Bölməsinin polis leytenantı X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət qismən təmin edilsin. Zaqatala Rayon Polis X19 Polisi Bölməsinin polis leytenantı X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-1/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-1/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver