Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-107/2024 15.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxx 1985-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatında olan və Balakən şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1,332.1 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 02 mart 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 02 mart 2024-cü il tarixdə Lada Legend 21214-012-50 minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan, etibarnamə olmadan, narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 333-1.1-ci ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(033)-107/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsindəki inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 02 mart 2024-cü il tarixdə Lada Legend 21214-012- 50 minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərin yoxlanması zamanı etibarnaməsi olmadığı aşkar edilmiş və Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Sonra tibbi müayinə aparılan zaman narkotik maddə olan marixuana istifadə etdiyi aşkar olunmuş və barəsində protokol tərtib edilmişdir. O, 20 gün əvvəl marixuanadan istifadə etmişdir və etdiyi hərəkətdən peşmandır. Bir daha eyni hərəkətə yol verməyəcəyini bildirərək barəsində cərimə növündə inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 02 mart 2024-cü il tarixli 360 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1985-ci il təvəllüdlü Şəxs məxsus sidikdən götürülən müayinə materialında Marixuana (THC) (Pozitiv) aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs əməlini səmimi etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin onun xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə pozması halının olmasını, yəni narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı hədd nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasının tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin qeyd hissəsinin 5-ci bəndində göstərilir ki, bu Məcəllənin 327.8, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-107/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-107/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver