Məhkəmə qərarları › İş №3(033)-11/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-11/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-11/2025 06.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Baş X7 İdarəsinin Yol-Patrul Xidməti alayının V Tağım Baş yol patrul xidmətinin inspektoru, polis kapitanı X1 və Zərərçəkmiş şəxs Fizuli oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1963-cü il tarixdə Zaqatala rayonun Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu A.Tala kəndində pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 21 dekabr 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 21 dekabr 2024-cü il tarixdə X4 yolunun 126-cı kilometrində 1 ədəd iribuynuzlu heyvan yolun hərəkət hissəsinə çıxaraq sürücü Zərərçəkmiş şəxs Fizuli oğluna məxsus «Vaz21015» markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur . Nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Baş X7 İdarəsinin Yol-Patrul Xidməti alayının V Tağım Baş yol patrul xidmətinin inspektoru, polis kapitanı X3 izahat verərək göstərdi ki, 21 dekabr 2024-cü il tarixdə X4 yolunun 126-cı kilometrində Qaraca Oil yanacaqdoldurma məntəqəsi yaxınlığında sürücü Zərərçəkmiş şəxs Fizuli oğlu idarə etdiyi «VAZ21015» markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə iribuynuzlu heyvanı vurmuşdur. Nəticədə avtomobil əzilmiş və sürücüyə maddi zərər dəymişdir. Daxil olmuş məlumat əsasında X4 yolunun 126-cı kilometrində yolnəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilərək sxem tərtib olunmuş, foto şəkillər çəkilmişdir. Aparılmış araşdırma nəticəsində aydın olmuşdur ki, 21 dekabr 2024-cü il tarixdə Şəxs axşam saatlarında bir baş iribuynuzlu heyvanını nəzarətsiz və səllim buraxmış, həmin iribuynuzlu heyvan həmin gün saat 18:30 radələrində X4 yolunun 126-cı kilometrində asfalt-beton örtüklü yola çıxaraq qəzaya səbəb olmuşdur. Şəxs əməlində inzibati xəta tərkibi olduğunda barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İnzibati xəta haqqında İXP6768395 nömrəli protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, tək yaşayır və dolanacağını xx.xx.2024-cü il tarixdə avtomobil tərəfindən vurulmuş heyvandan əldə etdiyi süd və süd məhsulları hesabına təmin etmişdir. Avto qəza nəticəsində onun özünə də böyük zərər dəymişdir. Zərərçəkmiş şəxsin zərərini qarşılamaq üçün maddi imkanı yoxdur. Vurulmuş iribuynuzlu heyvan onun əsas gəlir mənbəyi olmuşdur. Onun maliyyə vəziyyəti araşdırılaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Fizuli oğlu məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təqribən 18:50 radələrində Zaqatala rayonu Tala kəndi ərazisində VAZ 21015 markalı avtomobillə hərəkətdə olarkən qarşısına qəflətən iribuynuzlu heyvan çıxmış və qəza baş vermişdir. O qəzadan yayınmağa çalışsa da bu mümkün olmamışdır. Qəzada avtomobilinə təqribən 3000 manat zərər dəymişdir. Zərər ona heyvan sahibi tərəfindən ödənməmişdir və o vurulmuş zərəri tələb edir. O, ona vurulmuş zərərin ödənməsində ona köməklik göstərilməsini və qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Avtomobillərin təmiri xidməti X2 tərəfindən 22 dekabr 2024-cü il tarixdə verilmiş Avtomobilə dəymiş zərər aktından görünür ki, Zərərçəkmiş şəxs Fizuli oğluna məxsus VAZ21015 markalı 90 NT615 dövlət nömrə nişanlı avtomobilə cəmi 2384 manat zərər dəymişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tövsif olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü bəndinin altıncı yarımbəndində göstərilir ki, avtomobil yollarında və təhkim zolağında avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. Həmin Qanunun 39-cu maddəsində göstərilir ki, mal-qara ötürənlər: 1) malqaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Həmin Qanunun 47-ci maddəsinin dördüncü bəndində göstərilir ki, mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər malqaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Məhkəmə qeyd edir ki, Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş və bu hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 36-cı maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələləri hakim tərəfindən həll edilir. Məhkəmə araşdırmasında zərərçəkən şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi öz təsdiqini tapmadığından, hesab edirəm ki, vurulmuş zərərin əvəzinin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs Fizuli oğluna izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar