Məhkəmə qərarları › İş №3(033)-112/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-112/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-112/2023 19.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zaqatala rayon prokurorunun köməkçisi X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Zaqatala rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala rayonu Yuxarı Tala kənd sakini X3 xx.xx.2023-cü il tarixdə Baş Prokurorluğa ünvanladığı şikayət xarakterli müraciət əsasında xx.xx.2023-cü il tarixdən rayon prokurorunun müavini Vüqar Orucov tərəfindən araşdırma aparılmışdır. Zaqatala rayon prokurorunun müavini, ədliyyə müşaviri X5 10 aprel 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X1 barələrində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxması üçün qərarın surəti toplanmış sənədlərlə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna təqdim edilmişdir. Toplanmış dəlillərə əsasən müəyyən edilmişdir ki, xx.xx.1989-cu il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, hazırda çörəkbişirmə sexi işlədən, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, evli Şəxs (AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən FİN kod: xxxxxxx) Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan təklülə, 20 mm kalibrli, J13 8044 nömrəli, 1961 -ci ildə istehsal edilmiş yivsiz odlu ov silahını əldə edib saxlamış və xx.xx.2023-cü il tarixdə, saat 11-12 radələrində həmin silahı iki ədəd patronla birlikdə inzibati xəta üzrə şahid olan qonşusu X2 (ünvan : Zaqatala rayonu, Əliabad qəsəbəsi) vermiş, sonuncu da xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Zaqatala rayonu, Əliabad qəsəbəsinin girəcəyində yerləşən “OBA Market”-in arxasında həmin ov silahı və həmin silah üçün 02 ədəd patrondan istifadə etməklə iki baş küçə itini öldürüb tələf etmişdir. Həmin fakt Şəxs və Tahir Abdurəhmanovun izahatları ilə tam sübuta yetirilmiş, eləcə də inzibati xətanın sübuta yetirilməsində xüsusi texniki vasitələrdən (Zaqatala rayonu Əliabad qəsəbəsinin girəcəyində yerləşən “OBA Market”-in müşahidə videokemeraları) istifadə olunmuşdur. Buna görə də, Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 10 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon prokurorluğu tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, babası Uveys Məmmədovdan ona təklülə, 20 mm kalibrli, J13 8044 nömrəli, 1961-ci ildə istehsal edilmiş yivsiz odlu ov silahı miras qalmışdır. Babasının vaxtından həmin silah dövlət qeydiyyatında olmamış, eləcə də istifadəsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə alınmamışdır. O da həmin qaydada evində saxlamışdır. Lakin babasının həmin silahı kimdən və ya haradan əldə etməsi barədə ona nə isə məlum olmamışdır. Silah saxlaması ilə bağlı prokurorluqda araşdırma aparılmış, həmin silah ondan tələb edilməmiş, həmin silah hazırda da yaşadığı, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evindədir və orada saxlayır. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Zaqatala rayon prokurorunun köməkçisi X10 izahatında göstərdi ki, xx.xx.1989-cu il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, hazırda çörəkbişirmə sexi işlədən, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, evli Şəxs (AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən FİN kod: xxxxxxx) Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan təklülə, 20 mm kalibrli, J13 8044 nömrəli, 1961 -ci ildə istehsal edilmiş yivsiz odlu ov silahını əldə edib saxlamış və xx.xx.2023-cü il tarixdə, saat 11-12 radələrində həmin silahı iki ədəd patronla birlikdə inzibati xəta üzrə şahid olan qonşusu X2 (ünvan : Zaqatala rayonu, Əliabad qəsəbəsi) vermiş, sonuncu da xx.xx.2023cü il tarixdə, saat 15 radələrində Zaqatala rayonu, Əliabad qəsəbəsinin girəcəyində yerləşən “OBA Market”-in arxasında həmin ov silahı və həmin silah üçün 02 ədəd patrondan istifadə etməklə iki baş küçə itini öldürüb tələf etmişdir. Həmin fakt Şəxs və Tahir Abdurəhmanovun izahatları ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək aidiyyəti üzrə müvafiq orqana (protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsə) göndərməsi üçün Zaqatala rayon prokurorluğuna qaytarılmalıdır. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin əsaslarını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində qeyd edilir ki; 54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. 54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə),284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445- 1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3, 531, 538-1.4-538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 54.3. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. 54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. 54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1361 saylı Fərmanın 1-ci bəndində qeyd edilir ki: 1.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 158.1, 158.2, 159 – 161, 165, 180, 181.0.2, 206 – 208, 227, 232-1, 290.3 (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 351-1, 368, 443.1, 456, 525, 590.2 və 592-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri, baş təhqiqatçılar, təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 54-cü maddəsində isə protokol tərtib edilmədən, prokuror tərəfindən inzibati xətanın törədilməsi barədə qərar qəbul oluna biləcək maddələr sırasında İXM-nin 398-ci maddəsi qeyd edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti ilə bağlı toplanılmış materialda Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd olunmuş cinayət tərkibi mövcud olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan torplanılmış materiallar inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün ayrılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması 10 aprel 2023-cü il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərar olmuşdur, Zaqatala rayon prokurorluğu da Şəxs barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı protokol tərtib edərək aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda 10 aprel 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmiş, baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Zaqatala rayon prokurorluğu tərəfindən material üzrə araşdırma aparılan zaman prosessual pozuntulara da yol verilmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aşkar edilmiş təklülə, 20 mm kalibrli, J13 8044 nömrəli, 1961-ci ildə istehsal edilmiş yivsiz odlu ov silahı ondan tələb edilməmiş, həmin silah hazırda da onun yaşadığı, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evindədir və orada saxlayır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Həmin Məcəllənin 94.9-cu maddəsinə əsasən götürülmüş odlu silah, onun patronları, digər silah və döyüş sursatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydalarının 1ci bəndindən görünür ki, bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının (bundan sonra - silah və ya döyüş sursatı) inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydasını müəyyən edir. Silahın və ya döyüş sursatının götürülməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq həyata keçirilir. İnzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs götürülmüş silahı və ya döyüş sursatını bu Qaydaya uyğun olaraq saxlanılmağa verənədək onun mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür. Götürülmüş silahın və ya döyüş sursatının mənimsənil-məsi, özgəninkiləşdirilməsi, dəyişdirilməsi, xidməti və digər qanunsuz məqsədlərlə istifadə olunması qadağandır və qanun-vericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah və ya döyüş sursatı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə müvafiq qərarı qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı rayon (şəhər) polis orqanlarında xüsusi ayrılmış otaqlarda saxlanılır. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında silahın və ya döyüş sursatının müsadirə edilməsi nəzərdə tutulduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada onların dövlət mülkiyyətinə verilməsi həyata keçirilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən götürülmüş silahın və ya döyüş sursatının uçotu, saxlanılması və təhvil verilməsi qaydasının pozulması onların itirilməsinə, korlanmasına səbəb olduqda, təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, rayon prokurorluğunda aparılan araşdırma zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydaların və İnzibati Xətalar Məcəlləsinın tələbləri pozulmuş, maddənin sanksiyasında silahın müsadirə edilməsi nəzərdə tutulsa da, həmin silah barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təhvil alınmamış, onun özünə qaytarılmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək aidiyyəti üzrə müvafiq orqana (protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsə) göndərməsi üçün Zaqatala rayon prokurorluğuna qaytarılmalıdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı İnzibati xəta haqqında qərar və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan materiallar üzrə olan inzibati xəta haqqında iş inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək aidiyyəti üzrə müvafiq orqana (protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsə) göndərməsi üçün Zaqatala rayon prokurorluğuna qaytarılsın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Zaqatala rayon prokurorluğuna təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar