Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-113/2021 07.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 29 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Polis İdarəsinin Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə dəfələrlə məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayət verən şəxs X4 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, 29 iyul 2020-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin sahə rəisi inzibati tənbeh vermə haqqında qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xəta törətdiyini əsas götürərək 200 manat məbləğində cərimə yazmışdır. Qərarda göstərilmişdir ki, o, 29 iyul 2020-ci il tarixdə Xətai rayonunda Mingəçevir küçəsində sexdə karantin rejimi qaydalarını pozmuşdur. O, Xətai rayonunda Mingəçevir küçəsində hər hansı sex tanımır. Ümumiyyətlə o, həmin günü Zaqatala rayonu Əliabad qəsəbəsində öz evində olmuşdur. Onun bu qərardan xəbəri olmamışdır. Onun haqqında inzibati tənbeh vermə haqqında qərar olduğunu Zaqatala rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı ona 25 yanvar 2021-ci il tarixdə təqdim olunduqdan sonra xəbəri olmuşdur. Onu da qeyd edir ki, haqqında tərtib edilmiş inzibati xəta haqqında qərarda onun imzası da yoxdur. Hesab edir ki, şikayəti əsaslıdır. Şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə şikayət verən şəxs X2 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, işdə olan Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 29 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X4 barəsində tərtib edilmiş 29 iyul 2020-ci il tarixli ******* nömrəli protokola əsasən 29 iyul 2020-ci il tarixdə Xətai rayonu Mingəçevir küçəsi “Avtoqarant” sexində xüsusi karantin rejim qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərara alınmışdır ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis sahə rəisinin üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. X2 29 iyul 2020-ci il tarixdə Xətai rayonu Mingəçevir küçəsi “Avtoqarant” sexində xüsusi karantin rejim qaydalarını pozması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamış, bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin Məcəllənin 115-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, onun iştirakı təmin ediməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs protokolu imzalamaqdan imtina etmişsə əgər, bu barədə protokolda müvafiq qeyd aparılmamış, ancaq şəxsin adı, soyadı və atasının adı yazılmaqla kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, iş üzrə qərardan şikayət vermək kimi hüquqları vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olması sübut edilməli olan hal kimi müəyyən edildiyindən və hadisənin olmasını sübut etmək vəzifəsi inzibati orqanın üzərində düşdüyündən inzibati orqan inzibati xəta hadisəsinin olmasını sübut etməlidir. Hazırda isə bununla bağlı dəfələrlə məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, eyni zamanda hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə vəziyyətdə hesab edirəm ki, X4 oğlu tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X2 29 iyul 2020-ci il tarixdə Xətai rayonu Mingəçevir küçəsi “Avtoqarant” sexində xüsusi karantin rejim qaydalarını pozması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129- 131 və 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin sahə rəisi X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-113/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-113/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver