Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-115/2023 11.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyəti haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankının 24 fevral 2023-cü il tarixli, 6-1-26/2- 904/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədlər (poçt tərəfindən təsdiq edən qəbz)) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Buna görə də, onun barəsində 04 aprel 2023-cü il tarixdə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs "xxxx" X3 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının və "xxxx" X3 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materialla tam təsdiq olunur. Belə ki, işdə olan “İnternet Vergi İdarəsi”nin məlumatından görünür ki, "xxxx" X3 Cəmiyyətinin nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi ünvanı: Zaqatala şəhəri Yuxarı Tala kəndidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 06 fevral 2023-cü il tarixli, 6-1-26/2-510/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı hüquqi şəxs "xxxx" X3 Cəmiyyətinə məktub göndərərək 2021ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədlər (poçt tərəfindən təsdiq edən qəbzi) əlavə etməklə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 24 fevral 2023-cü il tarixli, 6-1-26/2-904/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı hüquqi şəxs "xxxx" X3 Cəmiyyətinə məktub göndərərək 6-1- 26/2-510/2023 saylı 06 fevral 2023-cü il tarixli sorğu ilə tələb olunan məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilmədiyi qeyd edilmiş və həmin sənədlərin təqdim edilməsi üçün 5 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 06 fevral 2023-cü il tarixli, 6-1-26/2-510/2023 nömrəli və Azərbaycan Respublikası Mərkəzi Bankının 24 fevral 2023-cü il tarixli, 6-1-26/2-904/2023 nömrəli məktubları "xxxx" X3 Cəmiyyəti tərəfindən imza edilməklə təhvil alınmışdır. Məhkəmə araşdırmasında müəyyən etdim ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının 06 fevral 2023-cü il tarixli, 6-1-26/2-510/2023 nömrəli məktubu ilə tələb edilən sənədlər bank tərəfindən müəyyən edilmiş müddət ərzində təqdim edilməmişdir. Bu fakt Mərkəzi Bank tərəfindən toplanmış iş materialları ilə də təsdiq edilir. Toplanmış materiallarla da müəyyən edilir ki, vətəndaş Yunis Mehdiyev Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək “X2 Qaz” Açıq Səhmdar Cəmiyyəti tərəfindən səhmdarların ümumi yığıncaqlarının keçirilməməsini bildirmişdir. Vətəndaşın müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən “X2 Qaz” ASC-yə 06 fevral 2023-cü il tarixli 6-1-26/2-510/2023 saylı sorğu göndərilmiş, sorğuda 2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarlarının ümumi yığıncaqlarının protokolları və sözügedən yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədləri (poçt vasitəsi ilə ünvanlanması barədə) 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). Lakin sorğuda qeyd edilən sənədlər “X2 Qaz” ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Sözügedən sənədlərin Mərkəzi Banka təqdim edilməsi tələbi, əks halda “X2 Qaz” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə cəmiyyətə 24 fevral 2023-cü il tarixli 6-1-26/2-904/2023 saylı məcburi göstəriş məktubu ünvanlanmışdır (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). Buna baxmayaraq göstəriş məktubunda verilməsi tələb edilən sənədlər cəmiyyət tərəfindən bugünədək Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" X3 Cəmiyyəti Mərkəzi Bankın tələb etdiyi sənədləri, yəni cəmiyyətin 2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədləri (poçt tərəfindən təsdiq edən qəbzi) göstərilmiş müddət ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla "xxxx" X3 Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyəti həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs "xxxx" X3 Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyətinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, hüquqi şəxsi xarakterizə edən halları, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" X3 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-115/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-115/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver