Məhkəmə qərarları › İş №3(033)-115/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-115/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-115/2024 25.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Şikayət verən şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X1 iştirakları ilə, Şikayət verən şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki- Zaqatala regional Şöbəsinin "inzibati tənbeh vermə haqqında" 12 mart 2024-cü il tarixli, MN-1291261 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, aidiyyəti olmayan bir iş üzrə barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional Şöbəsinin əməkdaşları tərəfindən 04 mart 2024-cü il tarixdə, MN-1744205 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin qərar Zaqatala RPŞ-nin göndərdiyi materiala əsasən qəbul olunmuşdur. Materiallarla tanış olan zaman məlum olmuşdur ki, polis sahə müvəkkili tam başqa bir işlə əlaqədar onlardan izahat alan zaman onu və Şahid aldadaraq güya ki İlfanın onun yanında işləməsi barədə izahat almışdır. Daha sonradan isə 12 mart 2024-cü il tarixli, MN-1291261 nömrəli qərara əsasən, o vəzifəli şəxs qismində 3000 manat inzibati cərimə olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional Şöbəsinin "İnzibati tənbeh vermə haqqında" 12 mart 2024-cü il tarixli, MN- 1291261 nömrəli qərarını qanunsuz və əsassız hesab edir: Şahid ona məxsus kafedə heç vaxt hansısa vəzifədə işləməyib. Zaqatala RPŞ-nin polis sahə müvəkkili qərəzli olaraq, savadsızlıqlarından istifadə edərək onlardan belə bir izahat almışdır. Həmin izahatı oxumadan qol çəkmiş və izahatın məzmunun kənddə baş vermiş hadisə (dava) ilə əlaqədar olmasını güman etmişlər. Hətta qeyd olunmuş inzibati xətanı törətmiş belə olsa o, vəzifəli şəxs kimi məsuliyyətə cəlb oluna bilməzdir. İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxs) iddia etmişdir ki, onun adına VÖEN olduğu üçün o vəzifəli şəxs kimi cərimə olunmalıdır. Halbuki, şikayətə əlavə etdiyi Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 06 mart 2024-cü il tarixli məktubundan da göründüyü kimi, o qeyd olunan VÖEN üzrə fəaliyyətini 25 may 2023-cü il tarixdə 01 iyun 2028-ci il tarixinədək dayandırmışdır. O, qeyd olunan vaxt hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və belə səlahiyyətləri yerinə yetirmədiyi üçün vəzifəli şəxs hesab oluna bilməz. Şikayət verən şəxs X6 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, əvvəllər Zaqatala rayonu Muğanlı kəndində çayxana işlədirdi, sonralar yaranmış maddi sıxıntıları nəticəsində 2023-cü ilin may ayından çayxananı bağlamışdır. Həmin gün işləməyən çayxananın ərazisində Muğanlı kənd sakinləri arasında mübahisə düşdüyü üçün onlardan biri 102 xidmətinə zəng etdərək şikayət etmişdir. Hadisə yerinə gələn sahə inspektoru tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar izahatlar almışdır, izahatlar sahə inspektoru tərəfindən yazılaraq onlar tarafindın imzalanmışdır. Yazının mətnini onlar oxumadan imzalamışlar. Sonra onlara məlum olmuşdur ki, sahə inspektoru yaranmış mübahisəni araşdırmaq əvəzinə çayxananı işlək obyekt kimi qələmə verərək Şahidı çayxananın işçisi kimi göstərərək sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinə göndərmişdir. Hesab edir ki, şikayəti əsaslıdır. Şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. O bir daha qeyd etdi ki, latın qrafikası ilə ümumiyyətlə nə yaza nədə oxuya bilmir. Polis əməkdaşı izahatı özü yazmış və onu məzmunu ilə tanış etmədən imzalatmışdır. Əmək müqaviləsi olmadan işçi kimi qeyd olunmuş şəxs ora domino oynamağa gələn şəxsdir. Onun yol pulu olaraq ödəmək üçün maddi imkanı olmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinə gedə bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 öz izahatında bildirmişdir ki, Əfqan Murtuzəliyev onun qonşusudur. Əfqana məxsus obyekt uzun müddətdir ki, işləmir və orada hadisə olan müddətdə də obyekt fəaliyyət göstərməyib. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid Bəndəli oğlu öz izahatında bildirmişdir ki, Əfqan Murtuzəliyev onun həmkəndlisidir. Hadisə zamanı o da Əfqana məxsus lakin fəaliyyət göstərməyən çayxananın ərazisində olmuşdur. Bildirir ki, mübahisə Muğanlı kənd sakinləri arasında olmuş həmin zəmində onlardan biri “102” xidmətinə zəng edib şikayət etmişdir. Hadisə yerinə gələn sahə inspektoru tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar izahatlar almışdır. Belə ki, sahə inspektoru izahatları özü yazmış, onlar isə imzalamışdır. Lakin latın qrafikalı əlifba ilə oxuya və yaza bilmədiyi üçün izahatı mətni ona məlum olmamışdır. Məhkəmə iclasında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, inzibati xəta haqqında iş Zaqatala Rayon Polis Şöbəsindən daxil olan materiallar əsasında başlamışdır. Daxil olan materiallarda Əfqan və İrfanın izahatı olmuşdur, onlar tərəfindən yeni izahatlar alınmamışdır. İrfan Əfqanın yanında işlədiyini bildirib izahatda. İnzibati xətaya baxılması ilə əlaqədar Əfqan Murtuzəliyev məlumatlandırılmış və işə baxılmasının tarixi və vaxtı ona bildirilmişdir. Lakin işə baxılarkən o özü iştirak etməmişdir. Məhkəmə şikayət verən şəxs X3 şikayətini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsinin və şahidin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli MN ******* saylı qərarından görünür ki, X6 tərəfindən Şahid Bəndəli oğlunu əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan 04 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən Şahid Bəndəli oğlunu əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etməsi aşkar edilmişdir. Bu fakt Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş materiallar ilə öz təsdiqini tapmışdır. Şahid Zaqatala Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixində verdiyi izahatından görünür ki, o xx.xx.2024-cü il tarixdə işlədiyi çayxanada Mövlüdlə domino oynamışdır. Həmin vaxtı Şirvan adlı həmkəndlisi çay istəmiş və çayı çöldə küçədə istədiyini bildirmişdir. Həmin vaxt Mövlüd Şirvana əsəbiləşib çölə çıxmasını demişdir. Mövlüd və Şirvan arasında mübahisə olmuşdur. Polis əməkdaşının sualını cavablandıraraq bildirmişdir ki, müqavilə bağlamadan işləyir və əmək haqqını tərəflər arasında razılaşmaya əsasən alır. X3 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ona məxsus çayxanada həmkəndlisi Şirvan çayçı İlfana çöldən səslənərək çay istədiyini demişdir. Həmin vaxtı Mövlüd İlfana çölə çıxmasın demişdir və aralarında mübahisə baş vermişdir. Polis tərəfindən verilmiş suallar cavablandırarkən İlfanın çayxananı işlətdiyini lakin əmək müqaviləsinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, Zaqatala rayon, Muğanlı kəndində qeydiyyatda olan X5 (VOEN **********) məxsus çayxana sahibkarlıq subyektini (obyekti) xx.xx.2023-cü il tarixdə vergi orqanında fəaliyyətini dayandırmış və faktiki olaraq fəaliyyət göstərmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasənAzərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Zaqatala rayonu Muğanlı kəndində şikayət verən X5 məxsus obyekt mövcuddur. Həmin obyekt xx.xx.2023-cü il tarixdən faktiki fəaliyyətini dayandırmışdır. xx.xx.2024-cü il tarixdə həmin obyektdə hadisə baş vermiş və bununla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Araşdırma materialları daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinə göndərilmişdir. X6 özünə məxsus çayxananın fəaliyyətini xx.xx.2023-cü il tarixdən dayandırdığı halda onun tərəfindən Şahid Bəndəli oğlunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə onun barəsində 04 mart 2024-cü il tarixdə İnzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərlə X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmir. Əksinə iş materiallarından görünür ki, X6 həm vergi orqanında həmdə faktiki olaraq fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin əmək qanunvericiliyinin pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə X6 ilə Şahid Bəndəli oğlunun Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatlara münasibətdə qeyd edir ki, həmin izahatlar Zaqatala rayonu Muğanlı kəndində yerləşən Əfqan Murtuzəliyevə məxsus obyektdə xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı alınmış və həmin izahatlar Əfqan Murtuzəliyev tərəfindən əmək qanunvericiliyini pozuntusunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İşin digər halları ilə sübuta yetirilmədiyindən yalnız həmin izahatlarda göstərilən Şahid Əfqan Murtuzəliyev tərəfindən əmək müqaviləsi bağlanmadan və qanuni qüvvəsini almadan işlərin və xidmətlərin göstərilməsinə cəlb edilməsinin təsdiqi kimi çıxış edə bilməz. Belə olan halda da, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Həmçinin iş materiallarından görünür ki, Zaqatala rayon, Muğanlı kəndində qeydiyyatda olan X5 məxsus çayxana xx.xx.2023-cü il tarixdən vergi orqanında fəaliyyətini dayandırmasına və faktiki olaraq fəaliyyət göstərməməsinə baxmayaraq, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki- Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilərək, 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddə 17-ci maddəsinin qeydinə əsasən vəzifəli şəxs dedikdə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər başa düşülür. Görünüdüyü kimi X6 bir sahibkar kimi xx.xx.2023-cü il tarixdən vergi orqanında fəaliyyətini dayandırmış, faktiki olaraq fəaliyyət göstərməmiş və onun həmin dövr ərzində vəzifəli şəxs qismində ümumiyyətlə hər hansı bir şəxslə əmək müqaviləsi (kontrakt) bağlamaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar