Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-120/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti baş inspektoru X4 və şikayət verən şəxs X1 iştirakları ilə, Şikayət verən şəxs X1 Zaqatala rayonu dövlət yol polisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 31 mart 2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə özünə məxsus “SEAT LEON" markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən mağazadan siqaret almaq üçün avtomobilini şəhər ərazisində Nizami küçəsində 5.12 5.13 yol nişanından 17 metr aralıda yol kənarında saxlayaraq mağazaya getmişdir. Geri qaydarkən görmüşdür ki, 3 nəfər yol patrul xidməti əməkdaşı avtomobilini yol nişanından 15 metrdən az məsafədə saxladığını iddia edərək barəsində protokol tərtib edirlər. Təbii ki, o protokolla razılaşmamış, imza çəkməyəcəyini bildirdikdə YPX əməkdaşı protokolu ona kobud şəkildə təqdim edərək "hara istəsən şikayət edə bilərsən" demişdir. xx.xx.2023-cü il tarixdə protokol qərarlaşdırılıb barəsində TP ******* saylı qərar tərtib olunub rəsmi qaydada ünvanına göndərilib. Qeyd edilən qərarı o, xx.xx.2023-cü il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə almışdır. O vaxtadək qərarın ona təqdim olunması, həmçinin YPX əməkdaşının qanunsuz protokol tərtib etməsi barədə 102 xidmətinə şikayət elmişdir. Ordan isə ona qərardan Zaqatala rayon Məhkəməsinə müraciət etməli olduğu tövsiyyə olunmuş, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. O, özü dövlət işində işləyir, yol hərəkəti qaydalarından kifayət qədər məlumatlıdır. O, hesab edir ki, özü qanunu pozmamışdır. O, yol nişanından hansı məsafədə dayandığını məhkəməyə təqdim edəcəyi şəkillərdən, həmçinin məhkəmənin YPX-dan tələb edəcəyi YPX avtomobilində olan video görüntülərdən, zərurət yaranarsa məhkəmənin şikayət əsasında hadisə yerinə baxış keçirib şəkil və video görüntülərlə dəqiq məsafəni ölçməklə də müəyyən etmək olar. O özündə olan şəkilləri məhkəməyə təqdim edir. Məhkəmənin isə YPX avtomobilində olan görüntüləri tələb etməsini və hadisə yerində müvafiq ölçmə işlərini aparmasını xahiş edir. Şikayət verən şəxs X2 məhkəmə iclası zamanı şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti baş inspektoru X5 izahatında göstərdi ki, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Zaqatala şəhəri Nizami küçəsində xx.xx.2023-cü il tarixdə saat 15:32-da “X8” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Hadisə zamanı şəxsin özü orada olmamışdır, lakin sonradan həmin yerə gələrək avtomobilini həmin yerdən götürməyəcəyini, hər hansı qaydanı pozmadığını bildirmişdir. Fotoşəkillərdən və video görüntülərdən də görünür ki, Sabit Rəcəbli idarə etdiyi avtomobili dayanacağın qarşısında saxlamış, durma qaydalarını pozmuşdur. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Zaqatala rayonu dövlət yol polisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Zaqatala şəhəri Nizami küçəsində xx.xx.2023-cü il tarixdə saat 15:32-də “X8” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərara alınmışdır ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə -qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüdən və şikayətə əlavə olunmuş fotoşəkillərdən də aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 15:32-də “X8” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 yol nişanından uzaqlıqda dayansa da, dayanacaq meydançasının yanında saxlamışdır. Görüntülərdən aydın olur ki, dayanacaq meydançası ilə avtomobilin dayandığı yer arasındakı məsafə açıq-aydın nəinki 15 metrdən, 3 metrdən az məsafədədir. Metr və ölçü anlayış baxımından bunun üçün hər hansı bir ölçünün aparılmasına ehtiyac yoxdur, bu açıq-aydın müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinə əsasən 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında;11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Qeyd edilən maddələrin məzmunundan da aydın olur ki, dayanacaq meydançası olduğu halda həmin meydançaya 15 metrdən az yaxınlıqda, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi də ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X1 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən X1 Zaqatala şəhəri Nizami küçəsində xx.xx.2023-cü il tarixdə saat 15:32-də “X8” markalı, ** VM *** qeydiyyat nömrə nişanlı avtomobili ilə durma qaydalarını pozduğu müəyyən edildi. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi X1 inzibati xətanı törətməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun bu səpkidə izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Göstərilən əsaslarla məhkəmə şikayətçi X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 “Zaqatala rayonu dövlət yol polisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-120/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-120/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver