Məhkəmə qərarları › İş №3(033)-121/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-121/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-121/2021 26.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Şikayət verən şəxs X5 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi polis kiçik leytenantı X4 iştirakları ilə, Şikayət verən şəxs X5 “Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi polis kiçik leytenantı X4 onun barəsində 12 fevral 2021-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi polis kiçik leytenantı X4 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə tərtib etdiyi inzibati tənbeh vermə haqqında 12 fevral 2021-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X8 şikayət ərizəsində göstərmişdir ki, 01 fevral 2021-ci il tarixdə Şəki şəhəri H.Əliyev prospekti ilə istifadəsində olan VAZ 21150 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən yolayrıcını keçmə qaydalarının pozulması, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasını əsas götürərək ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 12 fevral 2021-ci il tarixli TP ******* nömrəli qərarla 100 manat məbləğində cərimə yazılmışdır. Həmin qərarla razı deyil, ona görə ki, üzündə maska olmuşdur. Polis əməkdaşı onun inzibati xəta törətdiyini məhkəmədə sübuta yetirməlidir. Əks halda ona cərimə yazıla bilməz. Şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, o, nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmamış, həmçinin o, tibbi maskadan istifadə etmişdir. O, heç bir qanun pozuntusu etmədiyi halda polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə edilmişdir. Bundan başqa o, sözügedən inzibati xəta törədilməsində özünü ümumiyyətlə təqsirli bilmir, sözügedən inzibati xətanı törətməmişdir. Hazırda isə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi polis kiçik leytenantı X7 izahatında göstərdi ki, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, Şəki şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozmuş, həmçinin avtomobili polis əməkdaşları tərəfindən saxlanılan zaman onun fərdi qoruyucu vasitədən istifadə etmədiyi müəyyən olunmuşdur. Qeyd olunan hal yol patrul xidməti avtomobilinə quraşdırılmış videokamera vasitəsi ilə də qeydə alınmışdır. Onu bu əsasla saxlamışlar. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da X8 barəsində 01 fevral 2021-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında 12 fevral 2021-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X8 01 fevral 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi VAZ 21150 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayonu YPX inspektoru, polis baş serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211.2-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında 12 fevral 2021-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X8 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 12 fevral 2021-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayonu YPX inspektoru, polis baş serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayonu YPX inspektoru, polis baş serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 01 fevral 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi VAZ 21150 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri H.Əliyev prospekti ilə Qax şəhəri istiqamətində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğu müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X8 idarə etdiyi VAZ 21150 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qarşıdan ona tərəf hərəkətdə olan avtomobili gözləmədən sol yan tərəfə hərəkət edərək yolayrıcını keçmə qaydalarını pozmuşdur. Şəki rayonu YPX inspektoru, polis baş serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında dəfələrlə baxış keçirildikdən sonra X8 hadisənin videoçəkilişdə göründüyü kimi olduğunu bildirdi. Lakin, həmin vaxt ona tərəf avtomobil gəlmədiyini təkidlə bildirdi. Halbuki diskdən açıq aydın şəkildə görünür ki, əsas yolun orta hissəsində Əli Əliyev digər hərəkətdə olan avtomobilin hərəkətinə mane olur. Eyni zamanda iş materiallarına əlavə edilmiş xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən müəyyən edilir ki, X5 üzünün çənə hissəsi, bəzən boğaz hissəsi tibbi maska ilə örtülmüş, lakin üzün burun hissəsi açıqdır. Göründüyü kimi, şikayət verən şəxs X8 şikayətində qoruyucu vasitə hesab olunan tibbi maskadan istifadə etdiyini, ona qərəzli olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında qoruyucu vasitə hesab olunan tibbi maskanın onun yalnız ağız hissəsini tutduğunu, burun hissəsinin isə açıq qaldığını bildirmişdir. Məhkəmə isə yuxarıda qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə 16 yanvar 2021-ci il tarixli Qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyrihüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülkihüquq məsuliyyətinə cəlb edilə bilərlər. X1 şikayət ərizəsində göstərmişdir ki, maskadan düzgün istifadə etmiş, üzündə maska olmuşdur. Məhkəmə şikayətçinin bu dəlilləri ilə də razılaşmır. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlaməti kimi göstərilmişdir ki, karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli Qərardan da görünür ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Göründüyü kimi, karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələb ondan ibarətdir ki, sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Şikayətçi tərəfindən də bu tələblərə riayət olunmamış, tibbi maskadan istifadə etsə də, tənəffüs yolu olan üzünün burun nahiyəsini tam olaraq bağlamamışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 oğlunun və qərar tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Şəki rayonu YPX inspektoru, polis baş serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X5 01 fevral 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi VAZ 21150 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri H.Əliyev prospekti ilə Qax şəhəri istiqamətində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

X5 “Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi polis kiçik leytenantı X4 onun barəsində 12 fevral 2021-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar