Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-123/2024 28.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimova Şəhla Saleh qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5, Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1971-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, eyni xətaya görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Çökək kəndində pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 27 mart 2024cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 02 mart 2024-cü il tarixdə onun idarə etdiyi avtomobildən 0,51 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 02 mart 2024-cü il tarixdə saat 15:50-də Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Chevrolet Cruze markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilini alkoqoldan və narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə avtomobil Zaqatala RPŞ-nin duracağında yerləşdirilmişdir. Şəxs idarə etdiyi həmin avtomobilinə baxış keçirilərkən onun öz istifadəsi üçün saxladığı avtomobilin sağ ön qapının içliyindən ağ kağız bükümdə təmiz çəkisi 0,51 qram tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuana götürülmüşdür. 18 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. O, bügun saat 15:00-da məhkəməyə gəlmiş, izahat verməkdən imtina etmişdir. Göstərilənlərin əsasında onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək polis şöbəsində verdiyi izahatını təsdiq etdi. Əlavə olaraq göstərdi ki, narkotik vasitə olan marixuana istifadəçisi olmuşdur. 2023-cü ilin sentyabr ayında Zaqatala rayonun Aşağı Tala kənd ərazisində dəmir yolu stansiyasının yaxınlığında yerləşən açıq çöl sahəsindən yabanı halda bitən çətənə kollarının budaqlarını qoparıb öz istifadəsi üçün qurutmuşdur. Həmin kütləni o, siqaret tütünü ilə qarışdırıb istifadə edirdi. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində qalan qurudulmuş marixuananı ağ rəngli kağıza büküb çəkmək məqsədi ilə üzərində götürmüş və arvadı X6 adına olan “Chevrolet Cruze” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb şəhər ərazisinə getmişdir. Zaqatala şəhərində avtomobili avtoyuyucuda yuduzdurub evinə gedəndə, saat təxminən 15 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində yol patrul xidmətinin əməkdaşları ona saxla işarəsi vermişlər. Həmin vaxt o, üzərində olan ağ kağız bükümdəki marixuananı avtomobilin sağ yan cibinə qoymuş və avtomobili saxlamışdır. Ona yaxınlaşan yol patrul xidmətinin əməkdaşı ona yaxınlaşmış və onun nəqliyyat vasitəsini idarə etmək hüququ və nəqliyyat vasitəsinə dair etibarnaməsi olmadığını müəyyən etmişdir. Bundan sonra avtomobili Zaqatala rayon polis şöbəsinin duracağına yerləşdirilmiş və həmin vaxt yol patrul xidmətinin əməkdaşı avtomobilin sağ ön qapısının cibliyinə qoyduğu marixuananı aşkar etmiş, həmin kütlə ağ rəngli zərfdə qablaşdırıb polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra göstərdi ki, narkotik vasitələrdən ümumiyyətlə istifadə etməmişdir. Lakin, avtomobilindən aşkar edilmiş narkotik vasitə onun özünə məxsus olmuşdur. İş üzrə icraata xitam verilməsini və yaxud barəsində yüngül cəza, yəni cərimə verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 məhkəmə iclası zamanı çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 02 mart 2024-cü il tarixli 361 nömrəli aktından görünür ki, tibbi müayinə zamanı Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğun olması müəyyən edilmişdir. Materiala əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 02 mart 2024cü il tarixli 365 nömrəli aktından görünür ki, tibbi müayinə zamanı Şəxs “THC” (marixuana) istifadəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X8 bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/236 nömrəli ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şəxs idarə etdiyi Chevrolet Cruze markalı **- XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilən kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -0,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərar əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirmiş, qərar qanuni qüvvəsini almışdır. Həmin qərarla müəyyən edilmişdir ki, 02 mart 2024-cü il tarixdə saat 15:50-də Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Chevrolet Cruze markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilini alkoqoldan və narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə avtomobil Zaqatala RPŞ-nin duracağında yerləşdirilmişdir. Şəxs idarə etdiyi həmin avtomobilinə baxış keçirilərkən onun öz istifadəsi üçün saxladığı avtomobilin sağ ön qapının içliyindən ağ kağız bükümdə təmiz çəkisi 0,51 qram tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuana götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Belə ki, hazırkı iş üzrə inzibati xəta haqqında icraatın başlanması Zaqatala Rayon Polis X2 baş təhqiqatçısı, polis mayoru X4 18 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasında olmuşdur, həmin qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 65-ci maddəsində göstərilir ki; 65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. 65.5. Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs izahatında göstərdiyi hallar (narkotik vasitələrdən istifadə etməməsi) özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun məhkəməyə gəldiyi vaxtdan, yəni 28 mart 2024-cü il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 28 mart 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-123/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-123/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver