Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-125/2023 13.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Şikayət verən şəxs X4 iştirakı ilə, Şikayət verən şəxs X4 “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında 23 yanvar 2023-cü il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyi ilə bağlı "İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət verən şəxs X8 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik X9 Nəzarət şöbəsinin baş mütəxəssisi X10 onun barəsində xəbəri və məlumatı olmadan inzibatı tənbeh vermə haqqında protokol tərtib etmişdir ki, guya ki, o xx.xx.2023-cü il tarixdə saat 11:40-da Zaqatala rayonu Danaçı kəndində yerləşən stomatoloji kabinetdə keçirilən plandankənar yoxlama zamanı lisenziya olmadan Özəl tibbi praktik, fəaliyyət (stomatoloji) işlə məşğul olmuş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, qeyd olunan tarixdə o ümumiyyətlə həmin vaxtlarda özəl tibbi fəaliyyətlə məşğul olmamışdır. Sadəcə olaraq həmin vaxtlarda stomatoloji avadanlıqlar almışdır. Gələcəkdə lisenziya aldıqdan sonra, yəni fəaliyyətini rəsmiləşdirdikdən sonra həmin işlə məşğul olmaq niyyətində olmuşdur. Lakin təəssüf ki, pandemiya ilə əlaqədar bu mümkün olmamışdır. Ona maraqlı gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik X9 Nəzarət şöbəsinin baş mütəxəssisi X10 bu qanunsuz protokolu necə və hansı əsasla tərtib edib. Çünki həmin vaxt özü orada olmamış və həmin fəaliyyətlə də məşğul olmamışdır. Onda olan məlumata görə həmin şəxs avadanlıqların yerləşdiyi qeyri-yaşayış sahəsindən pəncərədən içəri baxaraq protokol tərtib etmişdir. Lakin onun həmin fəaliyyətlə məşğul olmağı ümumiyyətlə mümkün deyil. Bununla bağlı da hər hansı bır mötəbər sübutlar da mövcud deyil. Bildirmək istər ki, tərtib edilmiş protokol və qərar tam olaraq əsassız və qanunsuzdur. Hazırki şikayətlə məhkəməyə müraciət etməyinin səbəbi "İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN-0757327 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Belə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Əlavə olaraq qeyd etmək istərdi ki, onun səhhətində problemlər (aidiyyəti sənədlər şikayətə qoşulur) mövcuddur. Şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verdi, şikayətin təmin edilərək onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında 23 yanvar 2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X8 (VÖEN **********) ona məxsus Zaqatala rayonu Danaçı kəndində yerləşən stomatoloji kabinetində 18 yanvar 2023-cü il tarixdə saat 11:40-da plandankənar yoxlama keçirilərkən lisenziya olmadan özəl tibb (stomatoloji) fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Buna görə onun barəsində Səhiyyə Nazirliyi Analitik X9 Nəzarət şöbəsinin baş mütəxəssisi X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 18 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol və onun əsasında 23 yanvar 2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X8 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 23 yanvar 2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli, 42 nömrəli qərardan müəyyən edilir ki, X5 (VÖEN **********) məxsus Zaqatala rayonu Danaçı kəndində yerləşən obyektin fəaliyyətini yoxlanılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY231884205 saylı çıxarış”dan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının plandankənar yoxlama aparılması üçün əsas-“insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayılması olmuşdur”. Yoxlamın müddəti xx.xx.2023cü il tarixdə başlayır və xx.xx.2023-cü il tarixdə başa çatır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 yanvar 2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 210.1-ci maddəsinə əsasən, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”-nın (Siyahı İİ) 2.24-cü bəndinə əsasən lisenziya əsasında stomatologiya fəaliyyətin göstərilməsi öz əksini tapmışdır. X1 şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, Zaqatala rayonu Danaçı kəndində yerləşən qeyri yaşayış sahəsində tibbi avadanlıqlar yerləşdirmiş, lakin orada tibbi fəaliyyətlə məşğul olmamışdır. Məhkəmə şikayətçinin qeyd edilən dəlilini səmimi qəbul etmir və bununla bağlı onu qeyd edir ki, onun barəsində Səhiyyə Nazirliyi Analitik X9 Nəzarət şöbəsinin baş mütəxəssisi X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən onun izahatı alınmış, o izahatında da göstərmişdir ki, “indiyə qədər pandemiya ilə bağlı lisenziya ilə bağlı müraciət etməmiş, həm də təmirə ehtiyac olduğu üçün bu işi bir qədər ləngitmişdir”. Bundan başqa, X3 rayon polis şöbəsində izahat vermiş, həmin izahatında göstərmişdir ki, o, 2004-cü ildən həkim stomotoloq kimi fəaliyyət göstərir, lakin ondan heç vaxt diplomunun təsdiq olunması tələb edilməmişdir. Onun həkim stomotoloq kimi fəaliyyət göstərməsi üçün sertifikatı yoxdur. O səhvini başa düşür və bir daha belə hallara yol verməyəcək. Məhkəmənin qənaətinə görə bu hallar onun həmin fəaliyyətlə məşğul olmasına dəlalət edir. Şikayətçinin şikayətində qeyd etdiyi dəlillərini məhkəmə qəbul etmir və həmin dəlilləri inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş dəlillər kimi qiymətləndirir Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X4 (VÖEN **********) barəsində tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X8 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 (VÖEN **********) şikayətində göstərdiyi dəlillər ümumilikdə iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1 (VÖEN **********) şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 (VÖEN **********) “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında 23 yanvar 2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-125/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-125/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver