Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-128/2024 06.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 katibliyi, Şikayət verən şəxs X2 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X12 iştirakları ilə, Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında təyin edilmiş cərimənin ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Polis sahə rəisinin xx.xx.2024-cü il tarixli MNN ******* nömrəli protokollu ilə tətbiq edilmiş 289.0.1 maddəsi ilə nəzərdə tutulmuş cərimənin ailə vəziyyətini nəzərə alaraq ləvğ edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə həyətində olan bir yaşlı buzov su gölünə düşmüş və bir qıçı da sınmışdır. Ölümcül vəziyyətdə olduğundan kəsmişlər. Onu da qeyd edr ki, həmin buzovu böyütmək məqsədilə bir ay əvvəl Əliabad bazarından almışlar. Həmin buzov yenicə kəsilmişdi ki, Car kənd sahə rəisi həyətinə girərək buna dair akt yazdı və bildirdi ki, bu qanuna ziddir. O isə ona bildirmişdir ki, ölümcül anda kəsmişlər və əti satmamışlar. Buzovun cəmi 58 (əlli səkkiz) kilo əti olmuşdur və şəxsi istifadə üçün saxlamışdır. Bir hissəsi soyuducudadır, bir hissəsini qurutmuşdur. Şəkilləri əlavə edir. Mövcud qanuna görə ailənin istifadəsi üçün həyətdə kəsilə bilər. xx.xx.2024-cü il tarixdə sahə rəisinin səyi ilə rayon qida təhlükəsizliyi əməkdaşları gəlmiş, alıcı və ətin satışını müəyyən etməmişdir. Qida Təhlükəsizliyi əməkdaşları bildirmişdir ki, həmin kəsimin onlara aidiyyatı yoxdur. Şəxsi istifadə üçün kəsilə bilər. Sahə rəisi isə ona bildirmişdir ki, sən məni “başa düşmədin“, ona görə də səni başa salmaq üçün protokol yazacağam və cərimə edəcəyəm. Həyat yoldaşı və qızım ikinci qrup əlillərdir. Ailəninin hər bir çətinliyi onun öhdəsindədir. Sahə rəisi yoldaşımın ikinci qrup əlil olduğunu bilib, protokolu onun adına yazmışdır. O həmin 289.0.1 maddəsinin tətbiqi qanuna zidd hesab edir. Şikayət verən şəxs X3 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, ilk dəfədir ki, o inzibati məsuliyyətə cəlb edilərək cərimə edilir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X14 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol Zaqatala Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmişdir. Protokola əsasən X1 rayonu Kebeloba kəndində yaşadığı evin həyətində özünə məxsus 1 baş iribuynuzlu heyvanı baytarlıq baxışından keçirmədən xüsusi ayrılmış yerdən kənarda kəsərək satışını təşkil etmişlər. Protokol və inzibati xətaya dair digər məlumatlarla birgə Azərbaycan Respublikasının Qida X10 regional bölməsinə göndərilmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə Gülbəniz Zərqanayevaya məlumat verilmişdir. Gülbəniz Zərqanayevanın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə bacısı Gülbəniz Zərqanayevaya məxsus 1 ədəd iribuynuzlu heyvan gölə düşərək xəsarət almışdır və buna görə bacısıgil həmin heyvanı kəsmişdirlər. Heyvanın ətini satmaq niyyətləri olmamış lakin onun özünə ət lazım olduğundan bacısından ətin bir hissəsini götürmək istəyib. Ona 5 kilo ət lazım olduğundan tərəzi və 5 kq daşıda bacısıgilə o gətirmişdir. Bacısı Gülnaz əti satmamışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materialları olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 rayonu Kebeloba kəndində yaşadığı evin həyətində özünə məxsus 1 baş iribuynuzlu heyvanı baytarlıq baxışından keçirmədən xüsusi ayrılmış yerdən kənarda kəsmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, kəsilib masa üstünə yığılmış ətin sağ tərəfində tərəzi və ölçü daşları müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 200 manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu Kebeloba kəndində yerləşən həyətində 1 ədəd iribuynuzlu heyvanı baytarlıq nəzarətindən keçirmədən və xüsusi ayrılmış yerdən kənarda kəsərək baytarlıq haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Şikayətçi, həmin heyvandan əldə edilən əti şəxsi istifadə üçün nəzərdə tutuduğunu qeyd edərək cərimə olunmasına dair qərarın ləğv edilməsini xahiş etmişdir. İşin gerçək hallarından isə görünür ki, şikayətçi X2 həyətində bir baş iribuynuzlu mal kəsilən yerdə tərəzi və ölçü daşları da olmuşdur. Bu isə həmin heyvanın satış məqsədi ilə kəsilməsini bir daha təsdiq edir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə şikayət verən şəxs X2 şikayətində göstərdiyi və məhkəmə iclaslarında qeyd etdiyi hallara qiymət verərək qeyd edir ki, şikayətdə qeyd olunan hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 447.0 və 289.0.1-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu Kebeloba kəndində yerləşən evinin həyətində baytarlıq nəzarətindən keçməmiş heyvanı kəsmiş və müəyyən olunmamış yerdə ət satışını həyata keçirmişdir. Beləliklə də o, baytarlıq haqqında qanunvericiliyi pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X2 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə şikayətçi X2 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət verən şəxs X2 “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında təyin edilmiş cərimənin ləğv edilməsi ” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-128/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-128/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver