Məhkəmə qərarları › İş №3(033)-13/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-13/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-13/2022 17.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Zaqatala RPŞ-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X8 iştirakı ilə, Şikayət verən şəxs X3 “barəsində qəbul edilən 29 noyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun, 14 dekabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən 29 noyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və 14 dekabr 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi, barəsində aparılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, inzibati xəta haqqında protokolun və qərarın tərtibatında və qəbulunda pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şikayət verən şəxs X4 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayət verən şəxs X5 şikayət ərizəsində göstərmişdir ki, özünə məxsus X13 markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobilində hərəkətsiz vəziyyətdə olan zaman Yol patrul xidmətinin polis leytenantı X12 əsassız olaraq ona yaxınlaşaraq inzibati xətalar məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə ona protokol tərtib etmişdir. Halbuki həmin maddənin tələbi pozulmamışdır və eyni zamanda qayda pozuntusu yaratmamışdır. O, bunu yol patrul xidmətinin əməkdaşına izah etsə də, onun sözlərinə məhəl qoymadan barəsində əsassız olaraq protokol tərtib etmişdir. Protokol tərtib edilən zaman Yol Patrul Xidmətinin əməkdaşları ondan izahat almadan, hər hansı bir vəsatətinin olub-olmadığını soruşmadan protokol tərtib etmişlər. O cümlədən o, qanun və qaydalara riayət edir. O, spirtli içki qəbul etmişdir. Amma içkili olduğu üçün avtomobilini idarə etməmiş və həmin avtomobildə yatmışdır. YPX-nin əməkdaşı yatdığı halda onu oyadaraq avtomobili niyə idarə etmədiyini soruşmuşdur. Bu zaman onlara spirtli içki qəbul etdiyini və başqa şəxsin onu gəlib aparacağını gözlədiyini bildirmişdir. Ancaq YPX-nin əməkdaşları onu dinləmədən protokol tərtib etdilər. Onlara iradını bildirmiş və eyni zamanda ona tərtib olunmuş protokoldan məhkəməyə şikayət edəcəyini demişdir. Hətta qeyd etdiyi danışıqlar yol polisi əməkdaşlarının qeydə aldığı video görüntüdə də öz əksini tapır. Sonradan ona xx.xx.2021-ci il tarixdə tərtib olunmuş İXP4334729 saylı protokola əsasən xx.xx.2021-ci il tarixli TP4762986 saylı qərar çıxarılmışdır. Polis əməkdaşları işin hallarını araşdırmadan onun hüquqlarını kobud şəkildə pozaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişlər. Yuxarıda qeyd etdikləri səbəbli məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Zaqatala RPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli TP4762986 saylı inzibati xəta haqqında qərarı qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X11 izahatında göstərdi ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, Şahlar Ramazanov 29 noyabr 2021-ci il tarixdə axşam saatlarında istifadəsində olan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, onlar tərəfindən saxlanılmış, videogörüntü ilə hadisələr qeydə alınmışdır. Özü etiraf etmişdir ki, o, həqiqətən spirtli içki qəbul edib avtomobili idarə edib. Bundan sonra o, müayinədən keçirilmiş, tibbi müayinə zamanı onun orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Ona görə də, onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 29 noyabr 2021-ci il tarixdə saat 22 radələrində X13 markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X11 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Zaqatala RPŞ-nin polis kiçik leytenantı X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 14 dekabr 2021-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X5 inzibati xəta törətməməsini əsas göstərərək 29 noyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və 14 dekabr 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclasına da gəlməyərək məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Zaqatala RPŞ-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X8 üzərinə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər flash karta köçürülərək məhkəməyə təqdim edilmişdir. Zaqatala RPŞ-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X8 üzərinə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 29 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində X13 markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunur. Belə ki, videogörüntüyə baxdıqda görünür ki, şikayətçinin avtomobili yolun kənarında saxlanılmış, polis əməkdaşları ona yaxınlaşmışlar. Şahlar Ramazanov avtomobildən düşmüş, sərxoş olduğunu və həmin yerə bu vəziyyətdə gəldiyini bildirmişdir. Qeyd olunanları, yəni spirtli içki qəbul etdiyini sonuncu verdiyi şikayət ərizəsində də etiraf etmişdir. Lakin o, avtomobili həmin vaxt idarə etmədiyini bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə polis əməkdaşlarının məhkəməyə təqdim etdiyi videogörüntüdən görünür ki, Şahlar Ramazanov avtomobili idarə edərək ora gəldiyini, saxlanıldığını və sərxoş olduğunu etiraf edir. Bu hallar həm də işə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi və onun polis şöbəsində verdiyi izahatı ilə də təsdiq olunur. Həmçinin məhkəmə X1nun şikayətinin “polis əməkdaşlarının onun izahatının alınmaması və hər hansı vəsatətinin olub-olmamasının araşdırılmaması” dəlili ilə bağlı qeyd edir ki, X2 RPŞ-də 01 dekabr 2021-ci il tarixdə izahat vermiş, həmin izahatı imzası ilə təsdiq etmiş, o, hər hansı vəsatətinin olduğunu bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 37-ci maddəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilmişdir ki, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş iş materiallarından X3 29 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində X13 markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 “barəsində qəbul edilən 29 noyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun, 14 dekabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar